Moldovanın qaqauzlarla bağlı tarixi səhvi: Böhran dərinləşə, Rusiya sui-istifadə edə bilər
Milli kimliyin qorunması və suverenlik axtarışları postsovet coğrafiyasının ən mürəkkəb, eyni zamanda ən maraqlı səhifələrindən birini təşkil edir. Bu müstəvidə, sayca kiçik olmasına baxmayaraq, siyasi iradəsi və mübarizə əzmi ilə seçilən Qaqauz türkləri xüsusi bir fenomen kimi çıxış edir. 1994-cü ildə əldə edilmiş ərazi muxtariyyəti sadəcə hüquqi bir sənəd deyil, həm də xalqın öz taleyini təyin etmə bacarığının tarixi subutudur. Lakin bu gün mərkəzi Moldova hakimiyyəti ilə regional rəhbərlik arasında dərinləşən geosiyasi və daxili ziddiyyətlər, bölgəni yenidən beynəlxalq münasibətlərin və güc mərkəzlərinin toqquşma nöqtəsinə çevirir. Avropa inteqrasiyası ilə Rusiya faktoru, həmçinin regional aktor olan Türkiyənin tarixi rolu arasında sıxışan Qaqauziya böhranı, bu gün sadəcə Moldovanın daxili problemi deyil, regional sabitliyin həssas barometridir.

Məsələ ilə bağlı siyasi elmlər doktoru, professor Sabir Məmmədli Crossmedia.az-a açıqlama verib:
"Qaqauziya türkləri son 30 il ərzində, yəni Sovet İttifaqı dağıldıqdan sonra ən böyük nailiyyət əldə etmiş toplumdur. Bu nailiyyət həm siyasi, həm iqtisadi, həm də mədəni inkişafı əhatə edir. Belə ki, Qaqauziya türklərinin Moldovadakı sayı təxminən 150 min olsa da, onlar aktiv fəaliyyət göstərərək muxtariyyət əldə edə bilmişdilər. 1988-ci ildən başlayaraq Milli Azadlıq Hərəkatı və muxtariyyət uğrunda aparılan mübarizə onunla nəticələndi ki, 1994-cü ildə Moldova parlamenti xüsusi qərarla "Qaqauz Yeri" haqqında qanun qəbul etdi və Qaqauz türklərinin ərazi muxtariyyətini təsdiqlədi. Həmin qanunla Qaqauziya başqanının, Xalq Məclisinin və onun üzvlərinin seçilməsi, dövlət atributları və dövlət dili kimi məsələlər rəsmiləşdirildi. Faktiki olaraq, Qaqauziya ilə mərkəzi Moldova hakimiyyəti arasındakı münasibətlər qanuni şəkildə tənzimləndi. Həmin dövrdən bəri bu əməkdaşlıq dinc və əmin-amanlıq şəraitində davam edirdi; bölgəyə xarici siyasətdən başqa demək olar ki, bütün daxili məsələləri müstəqil həll etmək imkanı verilmişdi.
Lakin son dövrlər müşahidə etdiyimiz və bu gün Konstitusiya Məhkəməsinin qərarları ilə üzə çıxan problemlərin kökü bir qədər əvvəlki illərə gedib çıxır. Məsələ burasındadır ki, Maya Sandu hakimiyyətə gələndən sonra birbaşa Qaqauziya Muxtariyyətinin hüquqlarını sıxışdırmağa başladı.
Tarixən belə gətirib ki, Qaqauz türkləri Rusiya rəhbərliyi və onun hakimiyyət orqanları ilə həmişə sıx əlaqədə olublar. Bunun bir kökü onların pravoslav dininə etiqad etmələri ilə bağlıdırsa, ikinci cəhəti Moskvaya aiddir. Moskva mərkəzi Moldova hakimiyyətinə qarşı bir təzyiq vasitəsi kimi həmişə Qaqauziya türklərindən istifadə etməyə çalışıb. Ona görə də Rusiya hakimiyyət orqanları Qaqauziyaya xüsusi diqqət yetirib və onları daim dəstəkləyib. Bu siyasi xətt mərkəzi Moldova hakimiyyəti ilə müəyyən problemlərin yaşanmasına səbəb olurdu və həmin problemlər, gördüyümüz kimi, Sandu hakimiyyəti dövründə daha da dərinləşdi.
Məsələn, təxminən 7 il bundan əvvəl Qaqauziya başqanı mərkəzi Ali Təhlükəsizlik Şurasının üzvü kimi iclaslarda həmişə iştirak edirdi. Amma Maya Sandu hakimiyyətə gələndən sonra Qaqauziya başqanını bu ali dövlət şurasının üzvlüyündən çıxardı. Bununla da ziddiyyətin ilk ciddi addımı atıldı. Bir müddət sonra Sandu Qaqauziyaya səfər etdi, lakin təəssüf ki, dövlət protokolu qaydaları belə normal nizamlanmadı, kobud şəkildə pozuldu. Dövlət başçısı Qaqauziyaya səfər etsə də, muxtariyyət rəhbərinin-yəni onların dili ilə desək, başqanın-adı səfər proqramına daxil edilməmişdi və rəsmi görüş baş tutmadı. Muxtariyyət rəhbərinin belə bir tədbirdən kənarda qalması qətiyyən qəbulolunmaz idi. Maya Sandu həmişə çalışırdı ki, Qaqauziya rəhbərliyini sıxışdırsın; muxtariyyətə birbaşa zərbə vurmaq istəməsə də, hər halda onun səlahiyyətlərini məhdudlaşdırmaq istiqamətində addımlar atırdı”.
O, bildirib ki, sonrakı proseslər də xoşagələn məcrada davam etmədi: “Bildiyiniz kimi, Moldovanın tərkibində rusiyapərəst qüvvələr kifayət qədər çoxdur, Dnestryanı bölgə isə hələ də Rusiyanın hərbi nəzarəti altındadır. Moldova prezident seçkilərində də cəmiyyətdəki bu parçalanma və qütbləşmə özünü ciddi şəkildə göstərdi. Təəssüf ki, rusiyapərəst qüvvələr Qaqauz türklərinin etimadını qazanmağa çalışdılar və bölgənin indiki rəhbəri Evgeniya Qutsul da rusiyapərəst mövqe sərgiləyərək həmin namizədi dəstəklədi.
Bunun ardınca Qaqauziya muxtariyyətinə qarşı təzyiqlər artdı. Həmin təzyiqlərin növbəti mərhələsi Konstitusiya Məhkəməsinin məlum qərarı oldu. Məhkəmə qərara aldı ki, Qaqauziya özünün mərkəzi seçki komissiyasını müstəqil yarada bilməz. Həmçinin, muxtariyyətin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərlərini başqan deyil, mərkəzi Moldova hakimiyyəti təyin etməlidir. Bax, bu addım ziddiyyətləri daha da alovlandırdı.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Qaqauz türklərinin siyasi və iqtisadi fəaliyyətinə İlan Şor soyadlı tanınmış, rusiyapərəst bir oliqarx daim müdaxilə edib və yerli əhalinin müəyyən hissəsini öz tərəfinə çəkib. Sonradan Moskvaya köçən və hazırda da orada yaşayan bu oliqarx muxtariyyətdə kifayət qədər ciddi təsir imkanlarına malikdir".
Professor qeyd edib ki, bu kimi təsir “rıçaqları” çoxdur və Konstitusiya Məhkəməsinin son qərarı ilə böhran yeni bir mərhələyə qədər kəskinləşdi:
"Bu günlərdə Konstitusiya Məhkəməsinin qərarına etiraz olaraq Qaqauziya Xalq Məclisi təcili toplantı keçirərək bəyanat qəbul etdi. Onlar məsələni belə qoyurlar ki, mərkəzi hakimiyyət Maya Sandunun partiyasının və komandasının şəxsi maraqları ilə hərəkət etməməli, Moldova xalqı ilə Qaqauz türkləri arasında süni ziddiyyət yaratmamalıdır. Çünki bu gərginlik gələcəkdə xoşagəlməz hadisələrlə nəticələnə bilər. Qaqauziya tərəfi rəsmi Kişinyova siyasi cavab verərək onları dialoqa dəvət etdi və millətlərarası münasibətləri qızışdırmamağa çağırdı. Bildirildi ki, 1994-cü il qanunu ilə təsbit olunmuş hüquqlar Qaqauz türklərinin əlindən alınmamalı, problemlər dialoq yolu ilə həll edilməlidir.
Düşünürəm ki, Qaqauziya parlamenti yaxın günlərdə Avropa İttifaqı rəhbərliyinə, Avropa Parlamentinə və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edəcək. Eyni zamanda, Türkiyə də bu prosesdə səssiz qalmayacaq. Baxmayaraq ki, Qaqauziyadakı əsas fəal siyasi qüvvələr Rusiya ilə sıx əlaqədədirlər, yekunda milli maraqların üstünlük təşkil edəcəyini gözləmək olar. Çünki vaxtilə Qaqauz türklərinin muxtariyyət qazanmasında Türkiyənin xüsusi siyasi rolu olmuşdur. Bu baxımdan, həm Avropa strukturları ilə danışıqların aparılacağını, həm də prosesin dialoq müstəvisinə keçəcəyini müşahidə edəcəyik. Əks təqdirdə, Moldovada millətlərarası münasibətlər eynilə 1988-1989-cu illərdəki kimi yenidən kəskinləşə bilər və Rusiya da bu gərginlikdən öz mənafeləri üçün istifadə etməyə cəhd göstərər".
Turqut Ansari
17:30 13.07.2026
Oxunuş sayı: 57