İran və Yaponiya XİN rəhbərləri Hörmüz boğazını müzakirə etdi
İran və Yaponiya xarici işlər nazirləri Abbas Arakçi və Tosimitsu Motegi regional və beynəlxalq vəziyyəti, həmçinin ikitərəfli məsələləri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Telefon danışığı sentyabrın 8-də baş tutub. Tərəflər əsas diqqəti ABŞ və İran arasında qarşıdurmanın yenidən artmasına, regional təhlükəsizliyə və Hörmüz boğazında gəmiçilik məsələsinə yönəldiblər.
Arakçi İranın mövqeyini açıqlayaraq regiondakı hazırkı gərginliyin yaranmasına görə ABŞ-nin İslamabad Memorandumu çərçivəsində götürdüyü öhdəlikləri pozmasını günahlandırıb. O bildirib ki, ABŞ-nin həmin öhdəliklərə və imzaladığı sənədlərə əməl etməsi vəziyyətin normallaşması üçün əsas yarada bilər.
İran xarici işlər naziri həmçinin Omanla Hörmüz boğazı üzrə aparılan danışıqların son vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, boğazdan keçid üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi istiqamətində iki ölkə arasında dialoqda əhəmiyyətli irəliləyiş əldə olunub.
Arakçi Hörmüz boğazının gələcək idarəetmə mexanizmləri ilə bağlı razılaşmaya nail olmaq üçün İran və Oman arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Motegi isə regionda gərginliyin artmasından narahatlığını ifadə edib. O, region ölkələri və maraqlı dövlətlər arasında diplomatik məsləhətləşmələrin davam etdirilməsinin, eləcə də Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmiçiliyin təmin edilməsinin vacibliyini bildirib.
Tərəflər bir sıra ikitərəfli və konsulluq məsələləri üzrə işi davam etdirmək barədə də razılığa gəliblər. Hər iki nazir vəziyyətin diplomatik yolla həlli istiqamətində sıx əlaqələri davam etdirmək niyyətini təsdiqləyib.
17:57 08.09.2026
Oxunuş sayı: 43