Rusiya – Ukrayna müharibəsinin bu qədər uzun çəkməsinin əsl səbəbi məlum oldu
Müharibə təkcə silahların səsi deyil, həm də dövlətlərin iradə, resurs və logistika savaşıdır. Ukrayna torpaqlarında davam edən münaqişə bu gün hərbi yardımların həcmi, ballistik raketlərin hədəfə çatması və strateji infrastruktur zərbələri ilə yeni bir mərhələyə qədəm qoyub. Hər iki tərəfin bəyanatları sülhdən bəhs etsə də, reallıq fərqli şərtlər diktə edir: Rusiya öz ilkin hərbi hədəflərini və ərazi iddialarını diqtə etməyə çalışır, Ukrayna isə qlobal koalisiyanın dəstəyi ilə dayanıqlı müdafiə xətti quraraq qarşı tərəfi kompromisə məcbur etmək istəyir. Bu mürəkkəb geosiyasi tənliyin tərkib hissələrini və cəbhədəki real status-kvonu obyektiv qiymətləndirmək vacibdir.

Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib: "Bütün müharibələr sülhlə bitir. Əlbəttə ki, Rusiya – Ukrayna müharibəsi də sülhlə nəticələnəcək. Bu, sadəcə zamandan və şərtlərdən asılı olan bir məsələdir. Hər halda, əgər Rusiya bu gün bütün qərarları müstəqil şəkildə qəbul etmək gücünə malikdirsə, Ukraynanın qəbul edəcəyi qərarlar daha çox ona təsir edən xarici qüvvələr tərəfindən müəyyənləşdirilir. Hazırda, başda ABŞ olmaqla, Avropanın "müharibə partiyası" bu prosesi idarə edir. Müharibənin indiyə qədər uzanmasının əsas səbəbi də məhz həmin maraqlı qüvvələrdir: onlar Ukraynaya dəstək adı altında böyük maliyyə və silah-sursat ayıraraq münaqişənin uzanmasına rəvac verirlər.
Əlbəttə, Rusiyanın mövqeyini dinləsək, onlar hər zaman bu müharibəyə səbəb olan üç əsas problemi səsləndirirlər: birincisi, nasizmə qarşı mübarizə, ikincisi, silahsızlaşdırma (demilitarizasiya) və nəzarətin təmin olunması, üçüncüsü isə Ukraynanın heç bir hərbi bloka daxil olmayacağı ilə bağlı təminatın (qarantiyanın) verilməsidir. Bu gün müharibənin davam etməsinin digər bir səbəbi də odur ki, Rusiyanın bu münaqişəni başladığı ilkin səbəblər hələ də aradan qaldırılmayıb. Bunun üzərinə, bu gün Rusiya tərəfindən nəzarətə götürülmüş ərazilər və Donbasla bağlı yeni tələblər, yeni şərtlər irəli sürülür. Rusiya hər zaman danışıqlara hazır olduğunu bildirsə də, bu şərtlər Ukrayna üçün çox ağır, faktiki olaraq kapitulyasiyaya bərabər şərtlərdir. Rusiya qarşıya qoyduğu məqsədlərə mütləq nail olmaq istəyir və bu prosesdən geri çəkilə bilmir, çünki qarşısında cavabdeh olduğu daxili auditoriya var.
Bu müharibənin nəticələrinə görə, təbii ki, Rusiya rəhbərliyi hesabat verməli olacaq. Burada söhbət təkcə insan itkisindən getmir; həmçinin ciddi maddi və mənəvi itkilər də mövcuddur. Rusiya rəhbərliyi müharibə qərarı verərkən, bunun gələcək fəsadları haqqında daxili auditoriyaya hesabat verməli olduğunu yaxşı bilirdi. Ona görə də onlar bu münaqişədən maksimum yararlanaraq, tarixə qələbə çalmış bir ölkə kimi düşməyə çalışırlar.
Ukraynaya gəldikdə isə, bir zamanlar bütün torpaqların azad edilməsindən söhbət gedirdisə, artıq bu gün müzakirələr yalnız təmas xətti ətrafında aparılır. Rusiya bu təmas xəttini Donbasın mövcud statusu və reallığı üzərindən görür. Ukrayna, əlbəttə ki, bununla razılaşa bilmir. Ancaq döyüş meydanında, elə birinci gündən olduğu kimi, üstünlük yenə də Rusiya tərəfindədir: son zamanlar gedən döyüşlər də bunu açıq şəkildə göstərir. Baxmayaraq ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitindən öncə müəyyən bir rəy formalaşdırmağa çalışırdı; o, Ukraynanın hücum qabiliyyətini qabartmaq, Rusiyanın daxilindəki infrastrukturu dağıtmaq və öz sözləri ilə desək, "Rusiyanı sülhə məcbur etmək" istəyirdi. Hətta qarşıya belə bir hədəf qoyulmuşdu ki, Rusiya 40 gün ərzində sülhə məcbur edilsin. Əlbəttə, bu yanaşma real vəziyyəti əks ettirmir”.
O bildirib ki, hazırda Ukrayna tərəfi döyüş meydanında konkret bir nəticəyə və ya ciddi uğura malik deyil: “Ukrayna rəhbərliyi nə qədər istəsə də, ordunun fəaliyyətini hazırda yalnız müdafiə müstəvisində qiymətləndirmək olar. Ukrayna ordusu əzmlə döyüşsə də, Rusiya kimi böyük bir dövlətə və onun ordusuna qarşı resursları yetərli deyil. Hazırda Ukrayna komandanlığı məhz strateji müdafiə mövqeyinə çəkilib.
Beləliklə, söhbət dayanıqlı müdafiəyə keçməkdən gedir. Hər iki tərəfin bəyanatları səsləndirilməkdədir. Belə olduğu halda, əlbəttə ki, Ukraynanın Rusiyaya vurduğu zərbələr, xüsusilə də Rusiyanın daxilindəki neft emalı zavodlarına edilən hücumlar hədəfə çatır və müəyyən nəticələr verir. Bu nəticələrdən biri də odur ki, Rusiya Ukraynaya qarşı daha sarsıdıcı zərbələr vurmağa çalışır və bu zərbələr nəticəsində bir çox hərbi vasitələr darmadağın edilir.
Rusiyanın bu hücumları zamanı hədəfə yönəldilən raketlərin qarşısının alınmasında, bu gün Ukraynanın hava hücumundan müdafiə sistemlərində-xüsusilə "Patriot" və digər vasitələrdə-ciddi çatışmazlıq hiss olunur. Bilirik ki, Prezident Zelenskinin tərəfdaşlara müraciətləri də birinci növbədə məhz bu "Patriot" sistemlərinin və müvafiq raketlərin Ukraynaya verilməsi ilə bağlı olur. Lakin təbii ki, bu müraciətlərdən hər zaman lazımi nəticə alınmır.
Məsələn, Rusiya tərəfindən müxtəlif məlumatlara görə bəzən 29, bəzən isə 35 ballistik raket atılır və bu raketlər hədəfə çatır. Bu da onu göstərir ki, Zelenskini narahat edən "Patriot" çatışmazlığı, məhz bu ballistik raketlərin hədəfləri vurmasının qarşısını almaq zərurəti ilə birbaşa bağlıdır.
Yardımlara gəldikdə isə, əlbəttə, Ukraynaya bu gün də yardımlar ayrılır. Müəyyən hesablamalara görə, bu il üçün 70 milyarddan, ümumilikdə 2026–2027-ci illər üçün isə 90 milyard dollar və daha çox vəsaitin ayrılmasından söhbət gedir. Ancaq bu vəsaitlərin dərhal "Patriot" raketlərinə çevrilməsi üçün, ilk növbədə, istehsalat imkanları nəzərdən keçirilməlidir. Pulun ayrılması dərhal raket istehsalı demək deyil, çünki digər hərbi vasitələrlə bağlı da maliyyələşmələr mövcuddur. İstehsal sahəsində bu təminatı həyata keçirən tərəflər, əlbəttə ki, raketlərin istehsalını davam etdirirlər. Lakin mövcud vəziyyət tədarük qrafiklərinin tələb olunan səviyyəyə çatmadığını göstərir.
Ukraynanın bu çətin vəziyyətdən çıxması üçün bəzi hallarda imkan daxilində Rusiyanın hücumlarının qarşısı alınır. Təəssüf ki, ümumi hərbi çatışmazlıqlar bu qüvvələr nisbətini döyüş meydanında tam tarazlamağa imkan vermir.
Hər halda düşünmək olar ki, Rusiya maksimum dərəcədə işğal imkanlarını genişləndirməyə və Ukraynaya dağıdıcı zərbələr vurmağa çalışacaq. Əlbəttə, yenə də qeyd edirəm, bu proses ancaq Rusiyadan asılı deyil. Yəni şərtləri təkcə Rusiya diktə etmir; bu məsələ həm də Ukraynanı dəstəkləyən koalisiyanın və ABŞ-nin prosesdə qəbul edəcəyi qərarlardan birbaşa asılı olacaq".
Turqut Ansari
15:00 11.07.2026
Oxunuş sayı: 75