Ukraynanın əsas hədəfi Rusiyanın iqtisadiyyatını məhv etməkdir
Ukrayna müharibəsində Kiyevə ABŞ və Avropa ölkələri başda olmaqla çoxsaylı dövlətlər hərbi, maliyyə və texniki dəstək göstərir. Buna baxmayaraq, Rusiya geniş hərbi resursları və hərbi-sənaye potensialı hesabına müharibəni davam etdirmək imkanını qoruyur. Qarşılıqlı zərbələrin intensivliyi və cəbhədə həlledici dəyişikliklərin baş verməməsi münaqişənin uzunmüddətli xarakter aldığını göstərir. Hazırkı mərhələdə tərəflərin əsas strategiyası rəqibin hərbi və iqtisadi imkanlarını tükəndirməyə yönəlib.
Politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlamasında Rusiya və Ukraynanın əsas hədəflərini, eləcə də müharibənin uzunmüddətli nəticələrini dəyərləndirib: “Ukrayna-Rusiya müharibəsində tərəflərin əsas hədəflərini əvvəlcə düzgün təsəvvür etmək lazımdır. Bəzən belə suallar meydana gəlir ki, əgər Rusiya bu müharibədə məğlub olubsa, onda nə üçün müqavimət göstərir? Eyni zamanda sual yaranır ki, əgər Ukrayna məğlub olubsa, onda niyə Ukrayna hələ də müqavimət göstərməkdə davam edir? Məsələ burasındadır ki, tərəflərin hədəflərini və əsas məqsədlərini düzgün müəyyənləşdirmək lazımdır”.
A.Quliyev hesab edir ki, Qərbin və Ukraynanın əsas məqsədi Rusiyanın dövlət kimi parçalanması deyil, onun siyasi və iqtisadi imkanlarının zəiflədilməsidir: “Ukraynanın və Qərbin burada əsas hədəfi Rusiya dövlətçiliyinin məhv edilməsi və ya Rusiya dövlətinin regional baxımdan müxtəlif qurumlara parçalanması deyil. Hesab edirəm ki, əsas hədəf Rusiyanı iqtisadi cəhətdən zəiflətmək, Rusiya hakimiyyətini bir sıra sərt və repressiv addımlara sövq etmək, cəmiyyətdə mərkəzi hakimiyyətə qarşı narazılığı artırmaq, ölkəni iqtisadi böhrana sürükləmək, Rusiyanı beynəlxalq miqyasda təcrid etmək, onun iqtisadi potensialını zəiflətmək və dünya ilə inteqrasiyasını məhdudlaşdırmaqdan ibarətdir. Bu hədəflər çərçivəsində Qərb və Ukrayna artıq müəyyən nəticələr əldə ediblər. Rusiya iqtisadiyyatı ciddi təzyiqlərlə üzləşib, siyasi və iqtisadi məhdudiyyətlər güclənib, ölkənin dünya iqtisadi və maliyyə sistemləri ilə əlaqələri əhəmiyyətli dərəcədə zəifləyib”.

Politoloq vurğulayıb ki, Rusiyanın müharibəni davam etdirməsi onun zəifləmədiyi anlamına gəlmir və uzunmüddətli proseslər də nəzərə alınmalıdır: “Ona görə də Rusiyanın bu gün müqaviməti və müharibəni davam etdirməsi hələ onun zəifləmədiyi anlamına gəlmir. Qərb və Ukrayna Rusiyaya münasibətdə müəyyən hədəflərinə mərhələli şəkildə nail olmağa çalışırlar. Bir vaxtlar Ermənistan Azərbaycanın təxminən 5 min kvadratkilometr ərazisini nəzarətdə saxlayırdı. Lakin bu ərazilərin Ermənistanın nəzarətində qaldığı hər gün Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətini yaxınlaşdırırdı. Formal olaraq bunu Ermənistanın qələbəsi kimi qiymətləndirənlər ola bilərdi, amma 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalması nəticə etibarilə Ermənistanın məğlubiyyətinə aparan prosesin bir hissəsi idi. Eyni yanaşma ilə bu gün Ukrayna ərazilərinin böyük hissəsinin Rusiya nəzarətində qalmasını Rusiyanın qələbəsi kimi deyil, onun uzunmüddətli perspektivdə məğlubiyyətə aparan prosesinin əlaməti kimi qiymətləndirmək mümkündür. Buna görə də prosesin ayrı-ayrı nəticələrindən daha çox, onun mahiyyətinə diqqət yetirmək lazımdır. Bu yanaşmaya əsasən, müharibənin əsas nəticəsi Rusiya dövlətinin hərtərəfli zəifləməsi və siyasi, iqtisadi və beynəlxalq mövqelərinin sarsılmasıdır”.
Nigar Xəlilli
19:00 25.08.2026
Oxunuş sayı: 48