Putin şirkətləri dövlət idarəçiliyinə verir
Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik təhdidlərindən qorunmayan kritik müəssisələrin müvəqqəti olaraq dövlət idarəçiliyinə verilməsinə imkan yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, bazar ertəsi yayımlanan fərmanla Rusiyanın Federal Dövlət Əmlakının İdarə Edilməsi Agentliyinə pilotsuz uçuş aparatlarının hücumları da daxil olmaqla təhlükələrdən qorunmaq üçün lazımi tədbirlər görməyən sənaye obyektlərini müvəqqəti olaraq nəzarətə götürmək səlahiyyəti verilib.
Fərmana əsasən, dövlət nəzarətinə keçirilən müəssisələr agentlik tərəfindən idarə olunacaq. Vladimir Putin isə həmin obyektlərə müvəqqəti rəhbər kimi başqa bir qurum və ya təşkilat təyin edə bilər.
Qərarın əhatə etdiyi kritik müəssisələrə yanacaq və enerji obyektləri, sənaye müəssisələri və logistika platformaları daxildir.
Rusiyanın Birinci Baş nazir müavini Denis Manturov isə bunun milliləşdirmə olmadığını bildirib. O, bəzi biznes sahiblərinin təhlükəsizlik məsələlərinə fərqli səviyyələrdə məsuliyyətlə yanaşdığını və bəzi hallarda obyektlərin və əməkdaşların təhlükəsizliyinin onlar üçün prioritet olmadığını qeyd edib.
Məlumata görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 2022-ci ildən etibarən özəl aktivlərin dövlət nəzarətinə keçirilməsi prosesini sürətləndirib. Federal Dövlət Əmlakının İdarə Edilməsi Agentliyinin rəhbəri Vadim Yakovenkonun sözlərinə görə, 2022-2026-cı illərdə təxminən 805 şirkət dövlətə keçirilib.
Yeni fərman Ukraynanın Rusiyadakı müxtəlif obyektlərə PUA hücumlarını intensivləşdirdiyi bir vaxtda qüvvəyə minib. Son dövrdə “Wildberries” və “Ozon” kimi iri onlayn ticarət platformaları da hücumların hədəfinə çevrilib.
“Politico”nun məlumatına görə, Ukrayna ordusunun iyul ayında açıqladığı hesabatda Rusiyanın neft emalı gücünün təxminən 43 faizinin Ukrayna hücumları nəticəsində sıradan çıxdığı bildirilib.
17:21 25.08.2026
Oxunuş sayı: 43