Rusiyanın müharibə ilə bağlı əsas məqsədi açıqlandı
Rusiya ordusunun Ukraynaya son sutkada həyata keçirdiyi genişmiqyaslı hava hücumları nəticəsində azı 13 nəfərin öldüyü, 40-a yaxın şəxsin yaralandığı bildirilir. Hücumlar Kiyev, Odessa və Çerniqov bölgələrini əhatə edib, paytaxt Kiyevdə yaşayış binaları ilə yanaşı, uşaq xəstəxanası və məktəb də zərər görüb.
Hücumların coğrafiyasının genişliyi və mülki obyektlərə dəyən ziyan Ukraynada hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacı yenidən gündəmə gətirib. Prezident Volodimir Zelenski xüsusilə “Patriot” sistemləri üçün əlavə raketlərin verilməsinə çağırıb və ballistik raketlərdən müdafiənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, hazırkı eskalasiya daha çox hərbi məqsədlərin həyata keçirilməsi ilə bağlıdır:
“Rusiyanın əsas məqsədi Ukraynanı həm iqtisadi, həm də hərbi-texniki baxımdan maksimum dərəcədə zəiflətməkdir.Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələr daha çox yaşayış məntəqələrinin yaxınlığında və ya onların daxilində yerləşən hərbi obyektlərə yönəlir. Bunun əsas səbəblərindən biri Ukraynada hərbi-texniki kompleksin formalaşması zamanı hərbi müəssisələrin sıx yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilməsi ilə bağlıdır”.

Politoloqun sözlərinə görə, bu obyektlərin yaşayış məntəqələrinə yaxın yerləşdirilməsinin tarixi və iqtisadi səbəbləri olub:
“Bu müəssisələrin yaşayış məntəqələrinə yaxın salınması əsasən iqtisadi və nəqliyyat amilləri ilə əlaqəli olub. Müəssisələrdə çalışan insanların iş yerlərinə rahat çıxışı təmin edilir, nəqliyyat xərcləri azalır və həmin obyektlər yerləşdikləri ərazilərin iqtisadi inkişafına da təsir göstərirdi. Hərbi müəssisələr bəzi hallarda yaşayış məntəqələrinin iqtisadi bazasını təşkil edirdi”.
İ.Vəlizadə qeyd edib ki, həmin müəssisələr yaradılarkən gələcəkdə bu miqyasda müharibələrin baş verəcəyi nəzərə alınmayıb:
“Həmin müəssisələr yaradılarkən gələcəkdə bu miqyasda müharibələrin baş verəcəyi nəzərə alınmırdı. Bu səbəbdən hərbi obyektlərin yaşayış ərazilərinə yaxın yerləşdirilməsi sonradan ciddi problemlər yaradıb. Hazırda da bir sıra hərbi müəssisələr və obyektlər yaşayış məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərir”.
Politoloq vurğulayıb ki, hərbi obyektlərin yaşayış məntəqələrinə yaxın yerləşməsi zərbələrin mülki əhaliyə təsirini artıra bilər, lakin bu, Rusiyanın hərbi əməliyyatlarına bəraət qazandırmır:
“Bu səbəbdən Rusiyanın hərbi zərbələri mülki əhaliyə də ciddi təsir göstərir. Lakin bu amil Rusiyanın hərəkətlərinə bəraət qazandırmır. Müharibə Rusiya tərəfindən başlanıb”.
Ekspert hesab edir ki, Rusiyanın əsas hədəfi Ukraynanın müharibə aparmaq imkanlarını zəiflətməkdir:
“Rusiyanın əsas məqsədi Ukraynanın iqtisadi, hərbi-siyasi və hərbi-texniki infrastrukturunu zəiflətməklə ölkənin müharibə aparmaq imkanlarını azaltmaqdır. Bu baxımdan hərbi eskalasiyanın davam etməsi danışıqların başlanması məsələsi ilə birbaşa uzlaşmır”.
Nigar Xəlilli
17:30 22.08.2026
Oxunuş sayı: 70