Krımda Rusiya komandirinin öldürülməsində şübhəli bilinən qadın kimdir?
Krımın Sevastopol şəhərində Rusiya Qara Dəniz Donanmasının sualtı qayıq briqadasının komandir müavini Robert Şageyevin öldürülməsi ilə bağlı 32 yaşlı Marqarita Reutt saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 13-də səhər saatlarında Sevastopolun yaşayış massivlərindən birində baş verib. Partlayıcı qurğu zibil qutusunda gizlədilib və Şageyev hərbi dənizçi formasında ərazidən keçərkən partladılıb. Nəticədə o, hadisə yerində ölüb.
Rusiya istintaq orqanları partlayışdan bir neçə saat sonra Soçi sakini olan 32 yaşlı Marqarita Reuttu şübhəli şəxs qismində saxlayıb. Axtarış zamanı partlayıcını uzaqdan işə salmaq üçün istifadə edildiyi ehtimal olunan pultun tapıldığı bildirilib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Reuttun hücumu etiraf etdiyini açıqlayıb. İddialara görə, o, Ukrayna kəşfiyyatı ilə əlaqəli şəxsin tapşırığını yerinə yetirib və bunun müqabilində kriptovalyuta ilə böyük məbləğdə pul, həmçinin Rusiyanı tərk etməyə imkan verəcək sənədlər vəd alıb.
“Guardian” yazır ki, bu məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Nəşr həmçinin qeyd edir ki, Rusiya təhlükəsizlik qurumları məhkəmə başlamazdan əvvəl saxlanılan şəxslərin etiraflarını daha əvvəl də ictimaiyyətə açıqlayıb.
Reuttun yaxınları isə onu mehriban və ünsiyyətcil qadın kimi xatırlayırlar. Dostlarının sözlərinə görə, o, macəra və risklərə marağı ilə seçilib. Onun sosial media paylaşımlarının araşdırılması və yaxınları ilə aparılan söhbətlər Reuttun ölkədəki vəziyyətə münasibətinin zamanla sərtləşdiyini göstərib.
“Rita ölkənin yanlış istiqamətdə getdiyini düşünürdü. Amma onun bu qədər irəli getməsi məni hələ də şoka salır”, - deyə dostlarından biri bildirib.
17:48 25.08.2026
Oxunuş sayı: 42