Universitetlərdə əzbərçilik dövrü bitir: əmək bazarı üçün yeni təhsil modeli
Azərbaycanda təhsilin nəzəri biliklər üzərində qurulması və praktiki bacarıqların kifayət qədər önə çıxmaması son illərdə müzakirə olunan əsas məsələlərdən biridir. Universitet məzunlarının əmək bazarında özlərini reallaşdırmaqda çətinlik çəkməsi, istehsalat təcrübələrinin formal xarakter daşıması və təhsil proqramlarının əmək bazarının tələblərinə tam uyğunlaşmaması bu məsələnin aktuallığını artırır.
Crossmedia.az-a açıqlamasında Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, xaricdə təhsilin daha praktik, Azərbaycanda isə daha çox nəzəriyyəyə söykənməsi ilə bağlı iddialar müasir əmək bazarının və akademik mühitin reallıqlarını kifayət qədər dəqiq əks etdirir və obyektiv reallıq kimi qiymətləndirilə bilər:
“Bu fərqliliyin kökündə ilk növbədə təhsil fəlsəfəsinin tarixi təkamülü dayanır. Yerli ali təhsil sistemi uzun illər boyu ensiklopedik savadlılığa və nəzəri biliklərin ötürülməsinə üstünlük verən klassik post-sovet didaktik modelinin, əslində isə Humboldt modeli kimi xarakterizə olunan yanaşmanın təsiri altında qalıb. Qərb təhsil yanaşması isə Devid Kolbun təcrübi öyrənmə və praqmatizm fəlsəfəsinə söykənərək biliyi dərhal tətbiq edilə bilən bir alətə çevirib.

Azərbaycanda ali təhsilin praktikadan uzaqlaşıb daha çox nəzəriyyəyə qapanmasının fundamental səbəbləri struktur xarakterlidir. Universitetlər müasir tədqiqat və inkişaf mərkəzləri, simulyasiya otaqları və yüksək texnologiyalı laboratoriyalar kimi maddi-texniki bazaları formalaşdırmaqda çətinlik çəkirlər. Akademik heyətin böyük qisminin real sənaye təcrübəsindən uzaq olması və dövlət-universitet-biznes zəncirini ifadə edən müvafiq modelin funksional olaraq işləməməsi də əsas problemlərdəndir.
Çünki bir daha qeyd edirəm, mən dünyanın və xüsusilə Avropanın müxtəlif universitetlərində olmuşam. Müasir Almaniya universitetləri modelinə nəzər salanda görürəm ki, orada Azərbaycanda da tez-tez səsləndirilən, amma tətbiq olunmayan dual təhsil sistemi mövcuddur. Bizim universitetlərimiz üçün bu terminlər onların hazırkı fəaliyyəti baxımından kifayət qədər uzaq anlayışlardır.
Nəyə görə? Çünki bizim universitetlər qeyd etdiyim dövlət-universitet-biznes zəncirini qura bilmirlər. Nəticədə sənaye müəssisələri ilə universitetlər arasında real inteqrasiya yoxdur və tələbələrin istehsalat təcrübələri sənədləşmə üzərində formal xarakter daşıyır".
Ekpsert qeyd edib ki, kurikulumlar qlobal trendlərlə ayaqlaşmaqda çevikliyini itirir, imtahan sistemləri isə tələbənin analitik və tətbiqi bacarıqlarını deyil, yaddaşa əsaslanan qavrama qabiliyyətini ölçür: "Halbuki müasir qlobal universitet sırf nəzəriyyəni deyil, onun sənayedə dərhal tətbiqini tələb edir.
Bu səbəbdən yerli təhsil strukturlarında güclü nəzəri bazanı qorumaqla yanaşı, layihə əsaslı öyrənmə metodologiyasına keçid və kurikulumların əmək bazarının dinamik tələblərinə uyğun radikal şəkildə transformasiya edilməsi strateji zərurətdir. Açığını deyim, sizə təşəkkür edirəm ki, bu gün bu cür aktual mövzuları gündəmə gətirirsiniz. Düşünürəm ki, bu, sual xatirinə verilmiş sual deyil; əslində bu sualda böyük bir həqiqət gizlənir. Universitetləri bitirən gənclərimiz əmək bazarında özlərini reallaşdıra bilmirlər. Səbəb ondan ibarətdir ki, layihə əsaslı öyrənmə yoxdur. Artıq dünyada layihə əsaslı dissertasiyalar yazılır. Tədqiqatlar hətta doktorluq səviyyəsində belə bu şəkildə aparılır. Şəxs artıq formal, tutaq ki, 110-120 səhifəlik fəlsəfə doktoru dissertasiyası ortaya qoymur. Və yaxud bizdə son illərdə doktorluq dissertasiyası müdafiə edənlərin səviyyəsinə baxanda görürsən ki, bu adam realda heç magistr səviyyəsində biliklərə malik deyil, amma gəlib elmlər doktoru, professor olur. Bunlar bizim gerçəkliklərimizdir.
Məsələnin mahiyyətində bu dayanır. Yenə də qeyd edirəm, təkcə bakalavr və magistr səviyyəsində deyil, peşə təhsili səviyyəsində də dual təhsil büyük aktuallıq kəsb edir və dünyada böyük uğur qazanır. Eyni zamanda daha yüksək pillə olan akademik təhsildə — doktorantura səviyyəsində belə artıq universitetlər formal dissertasiyadan imtina etmək qərarına gəliblər. Bəzi ölkələrdə və universitetlərdə bu model artıq uğurla tətbiq olunur.
Tədqiqatçı öz işini konkret məhsul ərsəyə gətirərək ortaya qoyur. Artıq o elmi yeniliyin praktiki nəticələri də orada görünür; nəzəri tərəfləri də öz əksini tapır. Tətbiq olunan yeniliklər və innovasiyalar real məhsulda cəmləşir. Tədqiqatçının tətbiq etdiyi metodologiyanın və təklif etdiyi texnologiyanın yekun məhsulda payı olur.
Amma bizdə vəziyyət necədir? Təəssüf edirəm ki, bu çatışmazlıqlar təkcə universitetlər üçün xarakterik deyil, təhsilin bütün pillələrinə şamil olunur. Əzbərçiliyə və uşaqlara yalnız hazır bilik verməyə üstünlük edilməsi, çevik qərar qəbuletmə, analitik düşüncə, məntiqi təfəkkürün inkişaf etdirilməməsi və həmin biliklərdən tələb olunan situasiyalarda düzgün istifadə edilə bilinməməsi — bütün bunlar təhsilimizin əsas problemləridir.
Bu, təhsilin təkcə ali təhsil pilləsi üçün xarakterik deyil. Bizim orta məktəbdə verdiyimiz biliklər nədən ibarətdir? Yekunda imtahanlarımız hansı vəziyyətdədir? Bunlar reallıqdır.
Bunları deyəndə bəzən təhsildən anlayışı olmayan və bu gün təhsilə rəhbərlik edən məmurlar incəyirlər. Bunları bilmək və tətbiq etmək üçün həm yaxşı müəllim, həm yaxşı pedaqoq olmaq, həm də qlobal təhsil trendlərini izləyib onları anlamaq lazımdır. Yoxsa biz düzgün strategiya qurmayanda gücümüz sonda nəyə çatır? Müəllimi tənqid etməyə, onun nüfuzunu salmağa və hansısa sözü səhv yazdığına görə ona irad tutmağa.
Düşünürəm ki, bu sualın cavabında kifayət qədər mühüm məqamlar dayanır və sualın özündə böyük həqiqət var. Eyni zamanda, bu sualdan yola çıxaraq nələri dəyişməli olduğumuza dair doğru bir yanaşma da burada öz əksini tapır”.
Zeynəb Həsən
19:30 25.08.2026
Oxunuş sayı: 48