Chevrolet-dən yeni SUV: Daha dəbdəbəli Traverse
Chevrolet 2027-ci il üçün Traverse High Country modelini daha müasir dizayn və yenilənmiş interyerlə təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Car and Driver” bu barədə məlumat yayıb.
Chevrolet-in High Country versiyası GMC-nin Denali modelləri ilə eyni səviyyədə təqdim olunur və markanın pikap və SUV modelləri arasında ən yüksək təchizat pilləsini təmsil edir. 2027 Traverse ilə High Country üçün yeni dizayn fəlsəfəsi də debüt edib.
Modelin emblemi tamamilə yenilənib. Əvvəlki versiyadakı iri “High Country” yazısının yerini daha müasir dağ simvolu ilə ayrılan iki söz tutub. Ön hissədə isə artıq Traverse əvəzinə High Country loqosu yerləşdirilib.
22 düymlük disklər standart olaraq qalır, lakin onların dizaynı dəyişdirilib. Xarici görünüşdə xrom elementlərin yerini barmaqlıq və faraların ətrafında Tritan Satin örtüyü, yan şüşələrin ətrafında isə qara dekorativ elementlər alıb.
Salonun əsas rəngi Jet Black olaraq qalır. Natural Tan rəngli tikiş və haşiyələr paneldə, qapılarda, mərkəzi konsolda və oturacaqlarda istifadə olunub. İnteryerdə real ağac elementlərinə də yer verilib.
Chevrolet real dəridən imtina edərək daha davamlı, təmizlənməsi asan və ekoloji baxımdan daha əlverişli sintetik üzlük materialından istifadə edib. High Country loqosunu isə oturacaqların başlıqlarında görmək mümkündür.
Bütün Traverse modellərində 328 at gücünə malik turbomühərrikli 2,5 litrlik dörd silindrli mühərrik quraşdırılır. Mühərrik 8 pilləli avtomatik transmissiya ilə birləşdirilir və ön və ya tam ötürücü sistemi ilə təklif olunur. Model 5 min funtadək, yəni təxminən 2,3 ton yükü yedəkləyə bilir.
Yeni modeldə GM-in Super Cruise sistemi də opsional olaraq təqdim edilir. High Country versiyasında standart olan Cabin Glance funksiyası sürücüyə ikinci və üçüncü sıra oturacaqlarının canlı kamera görüntüsünü izləməyə imkan verir.
Bundan əlavə, Surround Vision Recorder sistemi xarici kameralar vasitəsilə avtomobilin ətrafını qeyd edə və siqnalizasiya işə düşdükdə çəkilişə avtomatik başlaya bilir. Videoları yadda saxlamaq üçün USB qurğusu tələb olunur.
2027 Traverse ailəsinin əksər versiyaları artıq satışdadır. High Country isə model xəttinə daha sonra əlavə edilib. Chevrolet bu versiyanın istehsalına gələn ay Miçiqan ştatındakı Lansing Delta Township zavodunda başlamağı planlaşdırır.
Avtomobilin qiyməti hələ açıqlanmayıb. “Car and Driver” yeni Traverse High Country modelinin başlanğıc qiymətinin təxminən 58 min dollar olacağını gözləyir.
17:54 25.08.2026
Oxunuş sayı: 48