Tramp: Tarixin ən böyük qaz alışı müqaviləsi imzalanıb
ABŞ Prezidenti Donald Tramp Tayvanın Alyaskada mayeləşdirilmiş təbii qaz (LNG) layihəsi üzrə 70–80 milyard dollar həcmində qaz alışı öhdəliyi götürdüyünü və layihəyə 4,4 milyard dollar sərmayə qoymağa razılaşdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
ABŞ prezidenti bildirib ki, Tayvanın götürdüyü öhdəlik qarşıdakı 20 il ərzində boru kəmərinin ötürücülük gücünün 30 faizini əhatə edir. Tramp bunu tarixdə ən böyük qaz alışı müqaviləsi adlandırıb.
Onun sözlərinə görə, ABŞ-nin ticarət naziri Hovard Latnik Tayvanla bu razılaşmanın əldə olunmasına nail olub. Tramp layihənin bütün zəruri icazə və təsdiqləri aldığını, həmçinin ABŞ federal hökumətinin layihəsi kimi həyata keçiriləcəyini qeyd edib.
Tramp digər paylaşımında “GlobalFoundries” şirkəti ilə ABŞ Ticarət Nazirliyinin Nyu-York ştatının Malta şəhərində iki yarımkeçirici istehsalı müəssisəsinin tikintisi üçün 21 milyard dollarlıq investisiya elan etdiyini bildirib.
Prezidentin sözlərinə görə, bu investisiya üçün maliyyəni Yaponiya təmin edəcək. Layihənin tikinti və təchizat zənciri sahələrində 27 min, istehsalatda isə 1 mindən çox iş yeri yaratması gözlənilir.
Tramp, həmçinin ABŞ vergi ödəyicilərinin “GlobalFoundries” şirkətində pay əldə edəcəyini açıqlayıb. Bu çərçivədə Ticarət Nazirliyi silisium fotonikası, silisium-germanium texnologiyaları və qabaqcıl qablaşdırma sahələrinə 955 milyon dollar investisiya yatıracaq.
04:23 15.10.2026
Oxunuş sayı: 56