Bu həftə bu bürclər üçün inanılmaz fürsətlər olacaq
Yeni həftə bürclər üçün fərqli enerji və imkanlarla başlayır. Bəzi bürclər üçün bu dövr yeni fürsətlər, uğurlu qərarlar və şəxsi münasibətlərdə müsbət dəyişikliklərlə yadda qala bilər. Bəs bu həftə hansı bürclər üçün daha uğurlu ola bilər?
Mövzu ilə bağlı astroloq Nərmin Zeynalova Crossmedia.az-a açıqlamasında bildirib ki, uğur baxımından Yupiterin hansı bürcdə yerləşməsi mühüm əhəmiyyət daşıyır:
“Əgər biz uğur barədə danışırıqsa, birinci onu deməliyik ki, bizim uğur planetimiz Yupiterdir. Yupiter hansı bürcdə olursa, o bizim uğur sahəmizə təsir göstərir. Amma bu yalnız bir həftəlik göstərici deyil. Yupiter bir bürcdə bir il vaxt keçirir. Hal-hazırda Yupiter Şir bürcündədir. Ona görə tək bu həftə deyil, ümumiyyətlə gələn ilin iyul ayının əvvəlinə kimi uğur sahibi Şir bürcündən olan insanlardır. Hansı bürcləri uğur gözləyir və ya ümumiyyətlə nə gözləyir, hər hansı proqnozdan danışırıqsa, onu nəzərə almalıyıq ki, proqnozu dinləyərkən təkcə Günəş bürcümüzə görə yox, həm də yüksələn bürcümüzə görə mütləq şəkildə dinləməliyik. Hətta yüksələn bürcümüzə görə proqnozlar daha dəqiq olur. Məsələn, yüksələn Şirlər xüsusilə bu il ərzində uğurlu olacaqlar və məqsədlərinə çata biləcəklər”.
Astroloq qeyd edib ki, sevgi sahəsində Tərəzi bürcünün nümayəndələri daha uğurlu ola bilərlər:
“Sevgi sahəsində bizə uğur gətirən və bizi daha da cəlbedici edən planet Veneradır. Venera hal-hazırda Tərəzi bürcündədir. Ona görə Tərəzi bürcündən olan və ya yüksələni Tərəzi olan insanlar sevgi mövzusunda hal-hazırda çox uğurlu ola bilərlər. Çünki onların cazibəsi daha da artar. Tərəzilər çalışsınlar ki, diqqət mərkəzində olsunlar, insanlar arasına çıxsınlar və kim sevgi axtarışındadırsa, o sevgini tapa bilər. Ayın hansı bürcdən keçməsinə də diqqət yetiririk. Hal-hazırda Ay təzəcə Dolça bürcünə girib. Ona görə də hazırda bir o qədər emosional deyilik. İnsanların ümumi emosional fonu nisbətən sakitdir. İnsanlar daha dərrakəli olurlar, çünki bizim emosiyalarımız, duyğularımız Aya bağlıdır. Ay burada bizim emosiyalarımızı daha məntiqli edir. Ona görə biz daha çox məntiq işlədən olacağıq. Bu da hamıya aiddir və xüsusilə Dolça bürcündən olan insanlar həyatlarında nəsə bir qərar verməlidirlərsə, daha rahat verə bilərlər. Çünki emosiyalar mane olmayacaq və insan tam məntiqli bir qərar verə bilər”.
Zərnigar Hüseynli
17:25 25.08.2026
Oxunuş sayı: 42