Yunanıstanda istilik dalğası – yanğınlar QLOBAL PROBLEMƏ çevrilə bilər
Yunanıstanda havanın temperaturunun 41-42 dərəcəyədək yüksəlməsi və güclü küləklər meşə yanğınları riskini artırıb. Ölkədə yüksək temperaturun bir neçə gün davam edəcəyi, quraq hava şəraitinin isə yanğın təhlükəsini daha da gücləndirəcəyi bildirilir. Bəs bu istiləşmənin hansı qlobal təsirləri ola bilər?

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlamasında bildirib ki, Yunanıstanda yüksək temperatur yay aylarında müşahidə olunan hal olsa da, son illərdə artan meşə yanğınları iqlim dəyişiklikləri fonunda ciddi narahatlıq doğurur: “Yunanıstan Aralıq dənizi ölkəsidir və tez-tez Afrikadan, Böyük Səhradan gələn isti hava kütlələrinin təsiri altına düşür. Eləcə də Aralıq dənizindən və Atlantik okeanından daxil olan isti hava kütlələrinin təsirinə məruz qalır. Bu gün də El-Ninyo təsiri altında Avropanın necə qovrulduğunu gördük və görməkdəyik”.
Q.İbrahimli qeyd edib ki, Yunanıstanda belə istilərin yay fəslində müşahidə olunması müəyyən mənada normaldır: “Son illərdə isə biz bu ölkədə meşə yanğınlarına çox şahid olmuşuq. Bu yanğınlar şübhəsiz ki, yüksək temperaturun, hansısa insan səhvinin və ya günəşin təsirinin nəticəsində baş verə bilər. Bəzən küləyin təsiri ilə yanğınlar çox geniş ərazilərə yayılıb, yaşayış massivlərini, kəndləri və bəzi məkanları məhv edib, insanların əraziləri tərk etməsinə səbəb olub. Bu məsələnin hazırda sırf qlobal problem olduğunu demək tam doğru olmaz. Lakin qlobal istiləşmənin tərkib hissəsi olduğu üçün bunu qlobal proses kimi qiymətləndirmək olar. İstənilən meşə yanğını atmosferə karbon qazının atılmasına, ekosistemlərin məhvinə, mikroaləmin, fauna və floranın həyat tərzinə təsir göstərməsinə səbəb olur. Eyni zamanda insanların özünə də ciddi təsirləri var. Bu mənada bunun müxtəlif qlobal təsirləri olacaq. Yəni məsələ yalnız Yunanıstanla məhdudlaşmayacaq, bütün regiona, ən azı yaxın qonşu dövlətlərə təsir göstərə biləcək bir vəziyyətdir”.
Zərnigar Hüseynli
18:30 24.08.2026
Oxunuş sayı: 42