İndiyə kimi gördüklərimiz yalan olacaq: Şərqlə Qərb arasında böyük müharibə gözlənilir
Yaxın Şərqin dəyişən geosiyasi xəritəsində Türkiyə və İsrail arasındakı gərginlik sadəcə iki dövlətin diplomatik çəkişməsi deyil, regionun gələcək taleyini müəyyən edən strateji bir qarşıdurmadır. Suriyanın geosiyasi mövqeyi bu mübarizənin əsas düyün nöqtəsini təşkil edir: bir tərəfdə öz cənub sərhədlərini qorumaq və təhlükəsizlik buferini saxlamaq istəyən Türkiyə, digər tərəfdə isə regionda parçalanmış və zəif strukturlar görmək istəyən İsrail. Bu ziddiyyətli maraqlar, qısamüddətli dövrdə diplomatiya pərdəsi arxasında gizlənsə də, uzunmüddətli perspektivdə Şərq və Qərb sivilizasiyalarını üz-üzə qoyacaq topyekun bir regional toqquşmanın qaçılmaz müqəddiməsidir.

Məsələ ilə bağlı türkiyəli politoloq Hüseyn Şeyhanoğlu Crossmedia.az-a açıqlama verib: "Müharibə yaxın gələcək üçün inandırıcı görünmür. Lakin uzunmüddətli perspektivdə bu, mümkündür. Niyə? Çünki, Suriya Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. Suriya Türkiyənin cənub dayağıdır. Suriya işğal olunarsa, Türkiyənin cənub müdafiə səddi dağılar və o, zamanla həyət-bacası talan edilən bir evə çevrilər. Məhz bu baxımdan deyirəm: İsrail Suriyada sabit bir sistemin qurulmamasını, oranın Livan kimi xaos içində qalmasını hədəfləyir. Türkiyə isə tam əksinə — Suriyanın sabit, öz ayaqları üzərində durmağı bacaran, öz nizamını quran bir dövlət olmasını istəyir.
Lakin bu, İsrailin maraqlarına adekvat deyil. Maraqlarına cavab vermədiyi üçün də Suriyanı davamlı olaraq qeyri-sabitləşdirir. Uzunmüddətli perspektivdə Türkiyənin Məkkə sazişi, İranın müharibə həddinə çatacaq prosesləri və digər inkişaflardan sonra İsraillə qarşı-qarşıya gəlməsi mümkündür. Amma bu, təkcə Türkiyənin deyil, bütün regionun İsraili Yaxın Şərqdən sıxışdırıb çıxarmaq naminə aparacağı müharibə olar. Bu isə təbii ki, Şərq ilə Qərb arasında qlobal bir toqquşma miqyasını alar".
Ekspert qeyd edib ki, İsrailin havadarları onu yaranacaq müharibədə tək qoymayacaqlar.
"İsrail dediyimiz qurum təkcə İsraildən ibarət deyil. Bunun arxasında Böyük Britaniya, Fransa , Almaniya, Amerika var. Dolayısı ilə bu, böyük bir müharibə deməkdir. Düşünürəm ki, uzunmüddətli dövrdə Yaxın Şərqdə böyük bir müharibənin alovlanması mümkün ssenardir. Bunun başqa çıxış yolu yoxdur: İsrail bu coğrafiyadan köklü şəkildə sökülüb atılmalıdır. Bu isə məhz Şərq ilə Qərb arasında böyük bir savaş deməkdir. Çünki hazırda bizə qarşı yeni Səlib yürüşləri həyata keçirilir. Bu Səlib yürüşlərinin qarşısı qətiyyətlə alınmalıdır. Artıq bəsdir, bıçaq sümüyə dirənib".
Turqut Ansari
20:20 24.08.2026
Oxunuş sayı: 58