Rusiya-Ukrayna arasında uzunmüddətli həll yolu açıqlandı
Rusiyanın 9 regionunda 351 PUA-nın məhv edilməsi müharibənin hava məkanında da intensivləşdiyini göstərir. Bununla belə, Rusiyanın Ukraynaya qarşı ciddi müqavimət göstərməsi, geniş hərbi resurslara malik olması və ABŞ və Avropa ölkələrinin Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirməsi müharibənin hələ də tərəflər arasında uzunmüddətli qarşıdurma xarakteri daşıdığını göstərir.
Politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında müharibənin hazırkı mərhələsini dəyərləndirib: “Rusiya həm hərbi, həm də siyasi baxımdan müəyyən üstünlüklərə malikdir. Hərbi müstəvidə Rusiya Ukraynanın əhəmiyyətli hissəsinə nəzarət edir və bəzi istiqamətlərdə irəliləyişini davam etdirir. Siyasi müstəvidə isə Moskva danışıqlar prosesində öz şərtlərini əsas tələblər kimi irəli sürür. Bu şərtlər nəzərə alınmadan münaqişənin dayandırılması istiqamətində razılığın əldə edilməsi çətin görünür. Eyni zamanda Ukraynanın Qərbin dəstəyi ilə Rusiyanın dərinliklərində yerləşən strateji və hərbi əhəmiyyətli obyektlərə zərbələr endirməsi də müharibənin gedişində mühüm amilə çevrilib. Lakin bu hücumların Rusiyanın hərbi və siyasi mövqeyində əsaslı dəyişiklik yaratdığını söyləmək çətindir. Əksinə, qarşılıqlı zərbələrin intensivləşməsi münaqişənin daha da uzanmasına səbəb olur”.

Politoloq qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da Moskvanın iqtisadi və hərbi imkanlarını tamamilə sıradan çıxarmayıb: “Rusiya Qərblə münasibətlərin kəskin şəkildə pisləşməsinə baxmayaraq, Çin, Hindistan, Şimali Koreya və digər dövlətlərlə siyasi, iqtisadi və hərbi əməkdaşlığını genişləndirir. Ölkənin enerji və təbii resursları, geniş daxili bazarı, sənaye potensialı və hərbi-sənaye kompleksi onun mövcud imkanlarını qorumasına şərait yaradır. Bu baxımdan, Rusiyanın qısa müddətdə iqtisadi və hərbi baxımdan tükənəcəyi ilə bağlı proqnozlar özünü doğrultmayıb. Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr taktiki baxımdan müəyyən nəticələr yarada bilər, lakin bunun strateji üstünlüyə çevrilməsi üçün quru cəbhəsində də ciddi nəticələr əldə edilməlidir. Digər tərəfdən, münaqişənin uzanmasından ən böyük zərəri Ukrayna əhalisi çəkir. Bu baxımdan, hərbi vasitələrlə yanaşı, siyasi və diplomatik mexanizmlərin işə salınması xüsusi əhəmiyyət daşıyır. Minsk razılaşmalarının nəticəsiz qalması və 2022-ci ildə İstanbulda aparılan danışıqların davam etdirilməməsi göstərdi ki, tərəflər arasında siyasi razılaşma əldə olunmadığı müddətdə müharibənin davam etməsi riski yüksəkdir”.
A.Məsiyev hesab edir ki, tərəflərin mövcud mövqeləri və Rusiyanın hərbi-iqtisadi potensialı nəzərə alındıqda, müharibənin yaxın perspektivdə başa çatacağını proqnozlaşdırmaq çətindir: “Rusiyanın hərbi imkanları, Qərbin Ukraynaya dəstəyi və tərəflərin mövcud siyasi mövqeləri nəzərə alındıqda, müharibənin yaxın perspektivdə başa çatacağını söyləmək çətindir. Davamlı nəticənin əldə edilməsi üçün hərbi vasitələrlə yanaşı, siyasi iradə və diplomatik danışıqlar mexanizmlərinin də işə salınması zəruridir. Uzunmüddətli həll yalnız tərəflərin qarşılıqlı təhlükəsizlik maraqlarının nəzərə alındığı siyasi razılaşma əsasında mümkün ola bilər”.
Nigar Xəlilli
15:00 24.08.2026
Oxunuş sayı: 122