Rusiya-NATO mümkün müharibəsi müzakirə olunur: Türkiyənin mövqeyi açıqlandı
Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) direktoru Con Retkliffin Moskvaya elan olunmamış səfəri Vaşinqtonla Kreml arasında gərginliyin yeni mərhələyə keçdiyi bir dövrə təsadüf edir. Məlumata görə, səfərin əsas məqsədlərindən biri Rusiyaya NATO üzvü ölkələrin ərazilərində hər hansı hərbi insidentin yolverilməzliyi barədə ABŞ-nin mövqeyini birbaşa çatdırmaq olub. Bu məqam Moskvanın Alyansın şərq cinahı ilə bağlı mümkün addımları ətrafında müzakirələri yenidən gündəmə gətirib. Səfər zamanı Yaxın Şərqdəki vəziyyətin, xüsusilə İran ətrafında gərginliyin və Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyinin də müzakirə edildiyi bildirilir. ABŞ-nin əlavə genişmiqyaslı sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı xəbərdarlıq isə görüşün geosiyasi əhəmiyyətini daha da artırır. Bəs MKİ rəhbərinin Moskva səfəri ABŞ-Rusiya münasibətlərində hansı mesajları ehtiva edir? Bu təmas Rusiyanın NATO ilə mümkün qarşıdurma riskinin qarşısının alınmasına nə dərəcədə təsir göstərə bilər?

Mövzunu türkiyəli politoloq Hasan Oktay Crossmedia.az-a şərh edib: "Ratkliffin avqust ayının sonunda Moskvaya həyata keçirdiyi gözlənilməz və yüksək səviyyəli səfər, 2021-ci ilin noyabrında Uilyam Börnsün gerçəkləşdirdiyi kritik səfərdən bəri Amerika kəşfiyyat qurumunun rəhbərinin Rusiyaya etdiyi ilk məlum təmasdır. Vaşinqtonla Moskva arasındakı diplomatik və strateji xətlərin ən gərgin olduğu bir dövrdə, kəşfiyyat kanalları vasitəsilə həyata keçirilən bu təmas Ukrayna böhranındakı dalanın aradan qaldırılması, məhbus mübadiləsi və ən əsası, Rusiyanın İranla həyata keçirdiyi hərbi və iqtisadi tərəfdaşlığın məhdudlaşdırılması məsələlərini əhatə edir".
O, bildirib ki, Rusiyanın birbaşa NATO ölkəsinə hücum etməyi planlaşdırdığına dair iddialar, xüsusilə Baltikyanı ölkələr və Şərqi Avropanın sərhəd xəttindəki hərəkətlilik nəzərə alınmaqla, kəşfiyyat hesabatlarında risk amili kimi yer alır: "Lakin Moskvanın mövcud hərbi potensialını və iqtisadi resurslarını hazırda Ukrayna cəbhəsində cəmləşdirdiyi nəzərə alınarsa, NATO ilə birbaşa və genişmiqyaslı qarşıdurmaya getməsi rasional hərbi ssenari kimi görünmür. Bununla belə, kəşfiyyat xidmətləri səviyyəsində bu cür xəbərdarlıqlar mümkün yanlış hesablamaların və ya məhdud təxribatların böyük böhrana çevrilməsinin qarşısını almağa yönəlib".
Ekspert rəsmi Ankaranın mövqeyindən də danışıb: "NATO müttəfiqi olan Türkiyə Alyansın müdafiə arxitekturasına sadiq qalmaqla yanaşı, Moskva ilə apardığı balanslı və müstəqil dialoq kanalları sayəsində böhranların eskalasiyasının qarşısını ala biləcək strateji vasitəçi roluna malikdir. Ankaranın Qara dənizdə sabitliyi qorumaq prioriteti və Montrö Boğazlar Konvensiyasını ciddi şəkildə tətbiq etməsi, bölgədə mümkün Rusiya-NATO qarşıdurmasının Aralıq dənizinə və Türk boğazlarına yayılmasının qarşısını alan ən mühüm geosiyasi təhlükəsizlik kilididir. Türkiyə tərəflər arasında körpü qura bilən nadir aktorlardan biri kimi gərginliyi artırmaq əvəzinə diplomatik həll yollarını və regional tarazlığı müdafiə edir".
17:36 28.08.2026
Oxunuş sayı: 61