Bursa Azərbaycan musiqisinin sehrinə bürünüb
Türkiyənin Bursa şəhəri növbəti dəfə iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığına, Azərbaycan mədəniyyətinin zənginliyinə şahidlik edib.
Crossmedia.az xəbər verir ki, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin nəzdindəki “Xarıbülbül” xor qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.
Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cavid Aydın, Yıldırım Bələdiyyəsinin sədr müavini Ahmet Aras Azərbaycan Türkiyə arasındakı münasibətlərdən, ortaq tarix, dil və mədəni dəyərlərdən bəhs ediblər.
Bədii hissədə Azərbaycan xalq mahnıları, görkəmli bəstəkarların əsərləri və aşıq havaları səsləndirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanan rəngarəng səhnəciklər salonda xüsusi coşqu yaradıb və alqışlarla müşayiət olunub.
Rəsmi şəxslərin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, dərnək və federasiya nümayəndələrinin, eləcə də çoxsaylı sənətsevərlərin iştirak etdiyi tədbir Azərbaycan mədəniyyətinin zəngin irsini beynəlxalq müstəvidə nümayiş etdirməklə yanaşı, Türkiyədə yaşayan soydaşlarımızın milli-mədəni həmrəyliyinin parlaq nümunəsinə çevrilib.
Sonda qonaqlar belə tədbirlərin Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini, ortaq tarixi və mədəni irsin gələcək nəsillərə ötürülməsində, xalqlar arasında qarşılıqlı hörmət və anlaşmanın güclənməsində mühüm rol oynadığını bildiriblər. Gecə iştirakçılarda xoş təəssürat yaradıb, Azərbaycan musiqisinin və mədəniyyətinin Bursada uzun müddət xatırlanacaq xoş əks-sədası ilə yaddaşlarda iz buraxıb.
17:01 10.07.2026
Oxunuş sayı: 46