Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Ontario əyalətinin Vaughan şəhərində “Turkuaz Türk Multikultural Festivalı” keçirilib.
Crossmedia.az xəbər verir ki, Kanada Multikulturalizm Gününə həsr olunan festivalda türk dünyasının zəngin mədəni irsi bir araya gətirilib, minlərlə ziyarətçiyə rəngarəng proqram təqdim edilib. Tədbirdə türk xalqlarının mədəniyyətini təmsil edən 40-dan çox stenddə milli mətbəx nümunələri, əl işləri sərgiləri, mədəni təqdimatlar, keramika üzrə ustad dərsləri, ebru sənəti, türk qəhvəsinin hazırlanması, təqdimatı və uşaqlar üçün əyləncə proqramları böyük maraqla qarşılanıb. Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Krım tatarları, uyğur, tatar, başqırd və digər icmaları təmsil edən 25-dən artıq peşəkar musiqi və rəqs kollektivi türk dünyasının zəngin mədəni müxtəlifliyini və ortaq irsini nümayiş etdirib.
Tədbirdə qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada qonaqlara Azərbaycanın tarixi abidələri, milli rəqsləri, mədəni dəyərləri və zəngin irsi haqqında geniş məlumat verilib.
Ümumilikdə mindən artıq iştirakçının qatıldığı festivalda Kanadadakı Azərbaycan Evi, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan İcması və Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi ölkəmizin zəngin mədəni irsini nümayiş etdirib. Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin çıxışları izləyicilərə xoş və yaddaqalan anlar yaşadıb. Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans tamaşaçıları valeh edib.
Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqun gücləndirilməsinin, ortaq irsin qorunması və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın önəmini vurğulayıblar.
Festivalın sonunda bütün ifaçılar mükafatlandırılıb, tədbirin uğurla keçirilməsində əməyi olan könüllülərə, sponsorlara, tərəfdaşlara və təşkilat komandasının üzvlərinə xüsusi təşəkkür ifadə olunub.
İcma üzvləri festivalın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, o cümlədən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.
16:16 10.07.2026
Oxunuş sayı: 42