Azərbaycanın çağırışı İsraili durdurdu – “erməni soyqrımı” tanınmayacaq?
Azərbaycan Xarici İşlər Nazirliyinin İsrailə ünvanladığı çağırışdan sonra İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı başladılan rəsmi prosedurları dondurduğu barədə məlumatlar yayılıb. Bu hadisə həm Azərbaycan-İsrail münasibətləri, həm də Türkiyə-İsrail əlaqələri fonunda ciddi müzakirələrə səbəb olub. Müşahidəçilər hesab edirlər ki, Azərbaycanın diplomatik təşəbbüsü prosesə təsir göstərən mühüm amillərdən biri olub. Digər tərəfdən, İsrailin bu məsələ ilə bağlı gələcək mövqeyinin necə olacağı, prosedurların yalnız müvəqqəti dayandırıldığı, yoxsa tamamilə gündəmdən çıxarıla biləcəyi də maraq doğuran suallardandır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında qeyd edib ki, Türkiyə ilə İsrail arasında uzun müddətdir davam edən gərginlik fonunda ermənilərin qondarma soyqırımı məsələsi də gündəmə gətirilməsi təəssüf doğurur və bu, münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilərdi: “Əslində, İsraildə ermənilərin qondarma soyqırımı iddialarına ciddi yanaşılmır. Bu məsələ daha çox müəyyən bir siyasi partiyanın siyasi gedişi kimi qiymətləndirilə bilər. Lakin sonradan vəziyyət daha dərindən araşdırıldı. Xüsusilə Azərbaycanın Xarici İşlər Nazirliyinin İsrail hökumətinə müraciətindən sonra bu məsələyə yenidən baxıldı. Məlum oldu ki, belə bir addım iki dövlət arasında mövcud gərginliyin tərkib hissəsi olmaqla yanaşı, bütövlükdə Türk dünyasında da ciddi narahatlıq yarada bilərdi. Bu, yalnız Türkiyəyə qarşı yönəlmiş məsələ deyildi, eyni zamanda bütün Türk dünyasını narahat edən bir addım kimi qiymətləndirilirdi”.

Deputat qeyd edib ki, artıq Ermənistanın özü də 1915-ci il hadisələri ilə bağlı məsələyə əvvəlki kimi yanaşmır: “Ermənistanın Baş naziri də bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəkləmədi. Görünən odur ki, Ermənistan rəhbərliyi də bu məsələnin ölkəyə daha çox problem yaratdığını anlayır. Əgər həmin qərar qəbul olunsaydı, şübhəsiz ki, İsraillə Türkiyə və ümumilikdə Türk dünyası arasında münasibətlərdə daha ciddi gərginlik yarana bilərdi. Lakin İsrail hökuməti məsələyə bir daha hərtərəfli baxaraq, xüsusilə Azərbaycanın müraciətini də nəzərə alıb bu təşəbbüsü dayandırmaq qərarına gəldi. Azərbaycan hər zaman Türkiyə ilə İsrail arasında yaranmış gərginliyin danışıqlar və diplomatik yollarla həll edilməsinin tərəfdarı olub. Rəsmi Bakı hesab edir ki, regionun və dünyanın mühüm dövlətlərindən olan bu iki ölkə bir-biri ilə qarşıdurma dili ilə deyil, dialoq, qarşılıqlı müzakirə və problemlərin diplomatik yollarla həlli vasitəsilə münasibətlərini normallaşdırmalıdır. Mübahisəli məsələlərin isə münasibətlərə əlavə gərginlik yaratmaması üçün daha uyğun vaxta saxlanılması məqsədəuyğun olardı”.
Azad Vətən Prtiyasının sədri Akif Nağı bildirib ki, İsraildə baş verən bu proses kifayət qədər qəribə hadisə oldu: “Çünki gözlənilmirdi. Nə Ermənistan tərəfindən belə bir sifariş var idi, nə də xaricdə fəaliyyət göstərən erməni təşkilatları tərəfindən bu istiqamətdə ciddi təşəbbüs müşahidə olunurdu. Buna baxmayaraq, birdən-birə İsrail hökuməti səviyyəsində belə bir qərarın gündəmə gətirilməsi diqqət çəkdi. Təbii ki, hökumət daxilində nazirlər Baş nazir Benyamin Netanyahunun mövqeyinə uyğun səs verirlər. Lakin bu addımın məntiqi tam aydın görünmürdü. Görünür, bununla Türkiyəyə müəyyən təsir göstərmək istəyirdilər. Ancaq mən Türkiyənin mövqeyinin belə bir addımdan təsirlənəcəyinə inanmıram. Hazırda qeyri-rəsmi məlumatlarda da bildirilir ki, Benyamin Netanyahu Prezident Rəcəb Tayyib Ərdoğana görə ABŞ Prezidenti Donald Trampa şikayət edir, guya Ərdoğan onun fəaliyyətinə mane olur. Halbuki Netanyahu ilk növbədə öz siyasətini və atdığı addımları qiymətləndirməlidir. Onun son dövrlərdə atdığı bir çox addımlar məntiqsiz olub və uzağa gedə bilməz. Qəzza ilə bağlı siyasətində də, Livanla bağlı qərarlarında da kifayət qədər səhvlərə yol verib. Davamlı şəkildə eyni yanlışları təkrarlamaq düzgün yanaşma deyil. Səhv olduğunu qəbul edib geri çəkilmək lazımdır”.

Partiya sədri əlavə edib ki, bu təşəbbüs İsrail parlamenti – Knessetdən keçməyəcək: “Çünki parlamentdə məsələlərə rasional yanaşan insanlar var. Bu məsələ bir neçə dəfə parlamentin gündəminə çıxarılıb, lakin heç vaxt qəbul edilməyib. Burada Benyamin Netanyahunun geri addım atmasına təsir edən amillərdən biri də Azərbaycanın müraciəti oldu. Azərbaycan İsrailin regiondakı əsas və etibarlı tərəfdaşlarından biridir və bunu İsrail rəhbərliyi də yaxşı anlayır. Bəzən İsraildə Azərbaycana qarşı əsassız ittihamlar və mənasız fikirlər də səsləndirilir. Xüsusilə son dövrlərdə sosial şəbəkələrdə bəzi keçmiş siyasətçilər və ictimai şəxslər tərəfindən Azərbaycanla bağlı müxtəlif iddialar irəli sürülürdü. Lakin hər kəs bilir ki, Azərbaycan İsrail üçün regionda ən mühüm tərəfdaşlardan, bəlkə də yeganə etibarlı müttəfiqlərdən biridir. Məhz buna görə də Azərbaycanın mövqeyini nəzərə almamaları mümkün deyildi. Ümumiyyətlə, Azərbaycan regionun aparıcı dövlətlərindən biridir. Bir çox məsələlərdə vasitəçilik missiyasını uğurla həyata keçirib. Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə də, Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə də Azərbaycanın rolu danılmazdır”.
A.Nağı bildirib ki, bu məsələdə Azərbaycanın rolu həlledici oldu və proses böyük ehtimalla dondurulacaq: “Hətta düşünürəm ki, sadəcə dondurulmamalı, tamamilə gündəlikdən çıxarılmalıdır. Əgər bu təşəbbüs nə dondurulsa, nə də tam geri götürülsə, bu, yalnız məntiqsiz siyasətin davamı olacaq. Bunun isə heç bir nəticəsi olmayacaq. Çünki məsələ parlamentə çıxarılsa belə, qəbul edilməyəcək və nəticədə yenə də uğursuzluqla başa çatacaq. Böyük ehtimalla, İsrail rəhbərliyi vəziyyəti düzgün qiymətləndirdi, Azərbaycanın müraciətini nəzərə aldı və məhz buna görə də bu prosesin dayandırılması istiqamətində qərar veriləcək”.
Politoloq Natiq Miri isə qeyd edib ki, burada diqqət yetirilməli olan əsas məqam İsrail hökumətinin qondarma erməni soyqırımı ilə bağlı məsələnin məhz hansı vaxtda gündəmə gətirilməsidir: “Diqqət etsəniz, bu təşəbbüsün effekti demək olar ki, sıfıra bərabər oldu. Bu təşəbbüsün təsirini zərərsizləşdirən əsas amillərdən biri Ermənistan dövləti və Baş nazir Nikol Paşinyanın məsələyə münasibəti oldu. Yəni nəticə etibarilə effekt sıfıra bərabər qaldı. Əgər burada məqsəd Türkiyəyə geosiyasi və siyasi təzyiq göstərmək idisə, Ermənistan özü bu qərardan geosiyasi və siyasi məqsədlər üçün istifadə etmək niyyətində olmadığını ortaya qoydu. Əksinə, bu cür təşəbbüslərin Ermənistanın dövlət maraqlarına zərər verdiyi barədə mövqe nümayiş etdirdi. Bu isə avtomatik olaraq İsrail hökumətinin həmin təşəbbüsünü açıq şəkildə təsirsiz hala gətirdi. Digər mühüm məqam isə Azərbaycan dövlətinin sərgilədiyi konkret mövqedir. Bu amili diqqətdən kənarda saxlamaq mümkün deyil. Azərbaycan məsələ ilə bağlı prinsipial mövqe ortaya qoymaqla yanaşı, Xarici İşlər Nazirliyinin bəyanatı vasitəsilə bu addımın yaratdığı mümkün zərərlərin aradan qaldırılması ilə bağlı ciddi tövsiyələrini də İsrail tərəfinə çatdırdı”.

N.Miri əlavə edib ki,, ən düzgün yanaşma da məhz bu idi. Çünki İsrail bu təşəbbüsdən heç nə qazanmırdı: “Əksinə, bu addım İsrail-Türkiyə münasibətlərində böhranı daha da dərinləşdirə bilərdi. Məhz buna görə Azərbaycan bu qərardan geri çəkilməyin daha doğru olacağını tövsiyə etdi. Yəqin ki, hər hansı rəsmi vasitəçilik mexanizmi olmadan, istər açıq bəyanatlar, istərsə də mümkün diplomatik təmaslar və məxfi danışıqlar vasitəsilə Azərbaycan bu prosesin dayandırılması istiqamətində ciddi tövsiyələr irəli sürüb. Ən önəmlisi isə odur ki, Azərbaycan qardaşlıq münasibətlərinə uyğun addım atdı və qardaş Türkiyənin həm xoş, həm də çətin günündə onun yanında olduğunu təkcə sözlə deyil, konkret əməli fəaliyyəti ilə nümayiş etdirdi. Eyni yanaşma qardaş Türkiyə üçün də keçərlidir. Məhz buna görə də “İki dövlət, bir millət” prinsipi bu gün də öz aktuallığını və gücünü qoruyur. Azərbaycanın bu məsələdə qardaş Türkiyənin yanında sərgilədiyi mövqe həmin prinsipin növbəti bariz nümunəsi oldu. Əgər həqiqətən də bu prosedurlar dayandırılıbsa, hesab edirəm ki, bu, ilk növbədə İsrail üçün doğru addımdır. Eyni zamanda bu, qardaşlığın, həmrəyliyin və strateji birliyin praktik təzahürüdür. Düşünürəm ki, artıq bunun konkret nəticələri də ortadadır. Bu hadisə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Türk dünyası, Türk dövlətləri və türk respublikaları üçün də örnək sayıla biləcək bir nümunədir”.
Ayhan
18:00 10.07.2026
Oxunuş sayı: 52