Tələbənin ölümü Hindistanda etirazlara səbəb olub
Hindistanın paytaxtı Yeni Dehlidə yerləşən Hindistan Texnologiya İnstitutu (IIT Delhi) magistr tələbəsi Rişikeş Kumarın ölümündən sonra kampusda davam edən etirazlar fonunda tələbələr üçün mövcud psixi sağlamlıq, akademik dəstək və şikayət mexanizmləri barədə məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
31 yaşlı MSc Fizika tələbəsi Rişikeş Kumarın ötən həftə ölümü kampusda etirazlara səbəb olub. 500-dən çox tələbə müstəqil araşdırma aparılmasını, məsul şəxslərin cavabdehliyə cəlb edilməsini və tələbələrin rifahının daha yaxşı qorunmasını tələb edir. Tələbələr Kumara yataqxana, təhsil və sosial rifahla bağlı məsələlərdə necə dəstək göstərilməsi ilə bağlı da narahatlıqlarını bildiriblər.
IIT Delhi araşdırma komissiyasının tərkibini yeniləyib. Təqaüddə olan Dehli Ali Məhkəməsinin hakimi Mukta Gupta komissiyanın sədri təyin edilib. Komissiyaya həmçinin AIIMS Psixiatriya Departamentinin rəhbəri professor Pratap Şaran, tələbə nümayəndələri və IIT Delhinin rektoru daxildir.
İnstitut bildirib ki, tələbələr 24 saat ərzində psixoloq və psixiatrların xidmətindən yararlana bilirlər. Bu xidmətlərə AIIMS və VIMHANS-dan olan mütəxəssislər də daxildir. Xarici psixi sağlamlıq xidmətlərinin xərclərinin tam şəkildə qarşılandığı, fövqəladə hallara müdaxilə protokolunun və akademik bölmələr üzrə rifah komitələrinin fəaliyyət göstərdiyi qeyd olunub.
IIT Delhi həmçinin 2025-ci ildə genişləndirilən “UG Buddy” proqramının magistr və beynəlxalq tələbələri də əhatə etdiyini bildirib. İnstitutun məlumatına görə, tələbələrin akademik yükünün azaldılması istiqamətində də dəyişikliklər edilib. 2025-ci ildə tətbiq olunan kurikulum çərçivəsində ilk semestr üzrə kredit yükü azaldılıb, həyat bacarıqları ilə bağlı fənlər əlavə olunub və birinci kurs üzrə dərslərdə tələbə sayı 30-60 nəfərlə məhdudlaşdırılıb.
Akademik çətinlik yaşayan tələbələr üçün 2023-cü ildən etibarən axşam repetitorluğu və kredit borclarının bağlanmasına yardım göstərilir.
Bundan başqa, tələbələrin şikayətlərini elektron portal vasitəsilə təqdim edə bildiyi, həmçinin müxtəlif tələbə rifahı qurumları, yataqxana rəhbərləri, Daxili Şikayətlər Komitəsi və məxfi məsləhət xidmətlərinin fəaliyyət göstərdiyi bildirilib.
Bununla belə, etiraz edən tələbələr mövcud dəstək mexanizmlərinin kifayət edib-etmədiyini sual altına alırlar. Onların iddiasına görə, Kumar psixi sağlamlıqla bağlı müalicədən sonra kampusa qayıtdıqdan sonra yataqxana və akademik məsələlərlə bağlı çətinliklərlə üzləşib. IIT Delhi isə onun semestrdən imtina ilə bağlı müraciətlərinin təsdiqləndiyini və müalicə və dəstək aldığını bildirib.
Dehli polisi ayrıca Kumarı intihara sövq etmə ehtimalı ilə bağlı cinayət işi açıb və araşdırmaya başlayıb. IIT Delhi isə tələbələrin rifahı və psixi sağlamlığının “mütləq prioritet” olaraq qalacağını açıqlayıb.
22:55 27.08.2026
Oxunuş sayı: 51