Rusiya qəbul etməlidir ki, Azərbaycan regionun ən güclü dövlətidir
Azərbaycan-Rusiya münasibətlərində son günlər yenidən gərginlik yaradan hadisələr gündəmə gəlib. Bu gün Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi Bakının sərt reaksiyasına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyərək, bunun iki ölkə arasında münasibətlərin süni şəkildə gərginləşdirilməsinə xidmət edə biləcəyini və Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olmasının istisna edilmədiyini açıqlayıb. Bəs bu təxribatın arxasında hansı məqsədlər dayanır? Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artması təsadüfi xarakter daşıyır, yoxsa daha geniş siyasi proseslərin tərkib hissəsidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev qeyd edib ki, Azərbaycana qarşı Rusiyanın siyasəti heç vaxt dəyişməyib.: "SSRİ dağılan dövrdə də Boris Yeltsin hakimiyyətə gəldi və Azərbaycan müstəqillik qazandı. Hələ o SSRİ-nin dağılan dövründə də SSRİ rəhbərliyi, Ermənistan tərəfində Azərbaycana qarşı ciddi təxribatlar həyata keçirdi. Sonra müstəqillik qazanıldı. Müstəqillik qazanıldıqdan sonra Müstəqil Dövlətlər Birliyi yaradıldı. Onda da yenə Rusiya rəhbərliyi Ermənistanın yanında idi. Hətta silah-sursatla yardım etdilər. Bizim neftdən qazanılan 1 milyard dollarlıq silah-sursat vermişdir. Eyni zamanda Rusiyanın media orqanları da daim Azərbaycan əleyhinə təxribatla məşğul olurdular. Ermənistanı dəstəkləyirdilər. Bu, son dövrlərə qədər belə olub. Azərbaycanda Qarabağ probleminin yaradılması, gündəmdə qalması, Azərbaycana qarşı müxtəlif mexanizmlərlə Rusiya tərəfindən daim davam etdirildi. Ona görə ki, Rusiya hələ də özünün imperiya ambisiyalarından əl çəkməyib. Rusiya dövlətinin dövlətçilik siyasəti, fəlsəfəsi onun üzərində qurulur: ətraf bölgələri nəzarətdə saxlamaq, işğal altında saxlamaq, sanki əvvəlki SSRİ-dən, imperiyadan qalan siyasəti davam etdirmək".

Deputat qeyd edib ki, Rusiya bizə qarşı görə aqressiv mövqedədir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu da onun maraqlarına uyğun gəlmir: "Rusiya istəyir ki, Azərbaycan, Ermənistan və Gürcüstan onun nəzarətində olsun, Rusiyanın dediyi mövqedə olsun. Azərbaycan da müstəqil siyasət həyata keçirir. Bu da Rusiya rəhbərliyini qane etmir və Azərbaycan səfirinə qarşı təxribatlarda Azərbaycanla hesablaşması yer alır. Məsələn, bu məqamda ümumi Azərbaycanın qarşı aparılan siyasətinin təhlükəli olduğunu bilmək lazımdır. Bu keçəcək? Yox. Nə qədər ki, mövcud hakimiyyət var, nə qədər ki, Rusiyada mövcud siyasət davam etdirilir, Azərbaycana qarşı, xüsusilə də Azərbaycan dövlətinə qarşı bu təxribatlar davam edəcək. Amma Rusiya nəzərə almalıdır ki, Azərbaycan əvvəlki dövrdəki Azərbaycan deyil. İndi Azərbaycan əvvəlki dövrlə müqayisədə xeyli güclənib. Bütün parametrlərinə görə Azərbaycan bu bölgədə ən güclü dövlətdir. Eyni zamanda Azərbaycanın həm də qardaş Türkiyə və Pakistan kimi müttəfiqləri var. Həmçinin Orta Asiya Türk Cümhuriyyətləri də əvvəlki dövrdən xeyli dərəcədə gücləniblər və onların liderləri də açıq-aşkar sərbəst, müstəqil bəyanatlar verirlər ki, bu da Rusiyanın maraqlarına gəlmir".
Ayhan
17:40 27.08.2026
Oxunuş sayı: 61