ABŞ İrana qarşı hərbi planlarını yeniləyib: Hədəfdə enerji və nüvə obyektləri
ABŞ İranda hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı yeni zərbə planları hazırlayıb. Bu planlara İranın enerji infrastrukturuna və nüvə obyektlərinə zərbələr endirmək üçün nüvə başlığı daşımayan ən güclü ABŞ bombalarından biri olan MOAB-dan istifadə variantı da daxildir.
Crossmedia.az xəbər verir ki, CNN telekanalı bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Söhbət ABŞ-nin hərbi arsenalında olan ən böyük nüvə başlığı daşımayan bomba hesab edilən GBU-43/B MOAB-dan gedir. Bu silah “Bütün bombaların anası” adı ilə tanınır.
Mənbələrin bildirdiyinə görə, MOAB-dan istifadə münaqişənin ciddi şəkildə eskalasiyasına səbəb ola bilər. Bununla belə, ABŞ rəsmiləri bu addımın Ağ Ev rəhbərinin qarşıya qoyduğu strateji məqsədlərə çatmağa kömək edəcəyinə şübhə ilə yanaşırlar.
CNN-in məlumatına görə, son bir neçə həftə ərzində Ağ Evin müşavirləri İrana qarşı mümkün addımları müzakirə etmək üçün bir sıra görüşlər keçiriblər. ABŞ prezidenti hərbçilərə İrandakı hədəflərə zərbələr endirilməsi ilə bağlı planlar hazırlamağı tapşırıb. Bu planlarda ölkənin enerji infrastrukturunun əhəmiyyətli hissəsinin hədəfə alınması və MOAB bombasından istifadə imkanları nəzərdən keçirilib.
Mənbələrdən biri ABŞ hərbçilərinin planlarında “Bütün bombaların anası”nın Pikaks dağına zərbə endirmək üçün istifadəsinin də nəzərdə tutulduğunu bildirib. Kolanq Qaz La və ya Kirka adı ilə də tanınan bu ərazidə, ABŞ və İsrailin ehtimallarına görə, Tehran nüvə proqramına aid komponentləri saxlayır.
11:01 15.10.2026
Oxunuş sayı: 105