Cənubi Kiprdə yaşayan israillilərin sayı 15-20 minə çatıb
İsrailin Lefkoşadakı səfirliyinin məlumatına görə, təxminən 15-20 min israilli Cənubi Kipri özünə yaşayış yeri seçib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kiprin “Phileleftheros” qəzeti məlumat yayıb.
Səfirlik bildirib ki, adada yaşayan israillilərin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb. Coğrafi yaxınlıq və İsrail ilə Cənubi Kipr arasında inkişaf edən münasibətlər israillilər üçün adanın cəlbediciliyini artıran əsas amillər kimi göstərilir.
İqtisadi əlaqələrin genişlənməsi İsrail şirkətlərinin Cənubi Kiprə yalnız satış bazarı kimi deyil, beynəlxalq fəaliyyətlərini həyata keçirmək üçün regional mərkəz kimi baxmasına da səbəb olub. Xüsusilə kənd təsərrüfatı və su texnologiyaları sahəsində yeni əməkdaşlıq imkanlarının araşdırıldığı bildirilir.
İsrail səfirliyi İsrailin kənd təsərrüfatı texnologiyalarının Cənubi Kiprin yerli şəraitində sınaqdan keçirilməsi və bölgədəki fermerlərə təqdim olunması üçün pilot nümayiş təsərrüfatının yaradılması imkanının nəzərdən keçirildiyini açıqlayıb.
Məlumata görə, Cənubi Kipr 2025-ci ildə İsrail vətəndaşları üçün mühüm turizm istiqamətlərindən biri olub. Həmin il İsraildən gələn turistlər adaya ümumi turist axınının 13 faizini təşkil edib. İki tərəf arasındakı ticarət dövriyyəsi isə 2025-ci ildə 600 milyon avronu ötüb. İsrailin Cənubi Kiprdə enerji, daşınmaz əmlak, texnologiya və turizm sahələrinə investisiyaları da genişlənib.
Tel-Əviv Universitetinin araşdırmasına əsasən, 2023 və 2024-cü illərdə təxminən 49 min israilli bir ildən çox müddətə ölkəni tərk edib. Araşdırmada 2025-ci ildə ölkədən gedən təxminən 50 min nəfərin də ən azı 12 ay xaricdə qalacağı təqdirdə mühacir kimi təsnif edilə biləcəyi qeyd olunub.
İsrail Vergi Administrasiyasının araşdırması isə 2023 və 2024-cü illərdə varlı israillilər arasında ölkədən köç səviyyəsinin rekord həddə çatdığını göstərib. Həkimlər, mühəndislər və digər yüksək təhsilli və gəlirli şəxslərin ölkədən köçənlər arasında yüksək paya sahib olduğu bildirilib.
İsrail ilə Cənubi Kipr arasında əməkdaşlıq texnologiya sahəsini də əhatə edir. Enerji saxlama, süni intellekt və kibertəhlükəsizlik gələcək əməkdaşlıq istiqamətləri sırasında göstərilir.
Bununla yanaşı, Cənubi Kiprdə İsrail vətəndaşlarının sayının artması bəzi yerli dairələrdə narahatlıq yaradıb. “Kathimerini” qəzetində dərc olunan məqalədə israillilərin adada məskunlaşmasının artıq yalnız investisiya və turizmlə məhdudlaşmadığı, məktəblər, ibadət yerləri, bizneslər və infrastrukturun yaradılması ilə daha davamlı xarakter aldığı iddia olunub.
23:18 27.08.2026
Oxunuş sayı: 50