LuxAz UNICEF-ə dəstək məqsədilə xeyriyyə marafonunda iştirak edib
Lüksemburqda Azərbaycan diasporunun aparıcı təşkilatlarından olan Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası (LuxAz) xeyriyyə məqsədilə təşkil olunan qaçış marafonunda iştirak edib.
Crossmedia.az xəbər verir ki, marafonun əsas məqsədi UNICEF-in dünya üzrə uşaqların rifahının yaxşılaşdırılmasına yönəlmiş təhsil, səhiyyə, təmiz içməli su təminatı və müdafiə proqramlarına maliyyə və mənəvi dəstək toplamaq olub.
Müxtəlif yaş qruplarından olan yüzlərlə iştirakçını bir araya gətirən tədbirdə LuxAz-ın 23 nümayəndəsi yüksək həmrəylik nümayiş etdirib. İştirakçılar 1,3 kilometrlik dairəvi marşrut üzrə fərdi tempdə qaçaraq bu humanitar təşəbbüsə öz töhfələrini veriblər. Soydaşlarımızın marafonda fəal iştirakı Azərbaycan icmasının Lüksemburqun ictimai, mədəni və humanitar həyatında oynadığı rolu, eləcə də qlobal xeyriyyəçilik təşəbbüslərinə verdiyi dəstəyi bir daha nümayiş etdirib.
Marafon çərçivəsində LuxAz nümayəndə heyəti Lüksemburq Böyük Hersoqluğunun Ailə İşləri, Həmrəylik, Birgəyaşayış və Qaçqınların Qəbulu üzrə naziri Maks Han ilə də görüş keçirib. Səmimi şəraitdə baş tutan görüş zamanı icmaların yerli cəmiyyətə inteqrasiyası, sosial həmrəyliyin gücləndirilməsi, diaspor təşkilatlarının cəmiyyətin inkişafına verdiyi töhfələr və humanitar əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir Azərbaycan icmasının xeyriyyə və ictimai təşəbbüslərdəki fəallığını yüksək qiymətləndirib.
Qeyd edək ki, humanitar təşəbbüsün həyata keçirilməsində və Azərbaycan diasporunun marafonda mütəşəkkil şəkildə təmsil olunmasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dəstək göstərib.
18:49 09.07.2026
Oxunuş sayı: 34