KİV: Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmağa çalışır
Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ABŞ və İran rəsmiləri ilə bir sıra telefon danışıqları apararaq gərginliyin daha da artmasının qarşısını almağa və nüvə sazişi üzrə danışıqların perspektivini qorumağa çalışırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, vasitəçi ölkələr əvvəlcə tərəfləri deeskalasiyaya razı salmağa, daha sonra isə texniki qruplar arasında növbəti danışıqlar raundunun tarixini müəyyənləşdirməyə çalışırlar.
Regional mənbələrdən biri bildirib ki, hazırda gərginliyin azaldılması məqsədilə genişmiqyaslı diplomatik səylər göstərilir.
"Axios"un həmsöhbətlərindən birinin iddiasına görə, İranın son günlər Hörmüz boğazındakı hədəflərə endirdiyi zərbələr ABŞ ilə mümkün razılaşmaya qarşı çıxan daxili qüvvələrin təşəbbüsü ilə həyata keçirilmiş ola bilər.
Bu iddia ilə bağlı rəsmi təsdiq təqdim olunmayıb.
16:53 10.07.2026
Oxunuş sayı: 44