Moskva ilə Brüssel arasındakı tarixi "tərəzi" oyunu: Bir neçə aya Ermənistanın taleyi həll olunacaq
Ermənistanın 2013-cü ildə Kremlin təzyiqi ilə Avropa İttifaqının (Aİ) qapısından dönərək Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması ilə başlayan proses, bu gün tamamilə yeni və daha riskli bir mərhələyə qədəm qoyub. İrəvan bir tərəfdən Aİİ-nin təqdim etdiyi iqtisadi dividendləri son damlasına qədər istifadə etməyə çalışır, digər tərəfdən isə təhlükəsizlik və iqtisadi diversifikasiya naminə Qərbə doğru radikal bir dönüşün bazasını hazırlayır. Lakin Moskvanın "strateji seçim et" ultimatumu və Brüsselin İrəvana açdığı yeni iqtisadi qapılar, bu ikili oyunun zamanının daraldığını göstərir.
Bu gün Cənubi Qafqazda şahid olduğumuz mənzərə sadəcə bir ölkənin xarici siyasət kursunun dəyişməsi deyil; bu, regionda illərdir davam edən rus dominantlığının Avropa inteqrasiya modelləri ilə açıq və həlledici toqquşmasıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışlarının birində ölkəsinin 2013-cü ildə olduğu kimi, Aİ ilə yaxınlaşma prosesindən imtina edərək Aİİ-yə inteqrasiya kursunu seçməsinin mümkün olmadığını bildirib
Məsələ ilə bağlı siyasi şərhçi Orxan Amaşov Crossmedia.az-a açıqlama verib:

"Ermənistan hələ 2013-cü ildə Aİ ilə Assosiasiya sazişi imzalamaq ərəfəsində idi. Həmin saziş imzalanmadı, çünki keçmiş prezident Serj Sarkisyan Kremlin təzyiqi altında
Aİİ-yə-o vaxt bu qurumun adı tam belə deyildi, amma mahiyyət etibarilə həmin təşkilata-üzv olmaq qərarı qəbul etdi. Biz 2013-cü ilin sentyabrındakı həmin məqamı yaxşı xatırlayırıq. Ondan sonra Ermənistanla Aİ arasındakı münasibətlər Assosiasiya sazişi çərçivəsində yox, daha məhdud şəkildə, yəni CEPA (Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi) vasitəsilə tənzimləndi və bu saziş imzalandı.
İndiki şərait isə bir az fərqlidir. İndi Paşinyanın Aİ- yə yönəlməsi bizim tərəfimizdən başdüşüləndir. Lakin burada önəmli məsələ odur ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bir neçə gün bundan qabaq İrəvanda olarkən artıq müəyyən siqnalları dəqiq şəkildə verdi. Yəni, Rusiya tərəfindən Ermənistana ixracla bağlı təzyiqlər artdıqca, Aİ bazarının bir hissəsi Ermənistan üçün açılacaq. Bu, çox unikal bir vəziyyətdir.
Amma istənilən halda, əgər CEPA mövzusuna geri qayıtsaq, indiki şəraitdə Ermənistanın Aİ-yə üzv olması nəzərdən keçirilmir".
Ekspert Ermənistanın Aİ- yə üzv ola bilməməsinin səbəblərini də açıqlayıb: "Hazırkı məqamda Ermənistan üzv ola bilməz. Çünki onun, Gürcüstandan fərqli olaraq, heç namizədlik statusu da yoxdur. Söhbət sadəcə bunun bazasını hazırlamaqdan gedir. Yavaş-yavaş elə addımlar atmaq lazımdır ki, zamanı gələndə Ermənistan Aİ üçün cəlbedici bir tərəfdaş olsun.
Rusiya isə bunu görür və deyir: "Sən strateji seçimini et. Aİİ-də qalırsan, yoxsa Aİ-yə keçirsən? Belə görünür ki, sən Aİ-yə üzvlük istiqamətində fəaliyyət göstərirsən. Belə şəraitdə Aİİ-dən əldə etdiyin müsbət dividendlər, yəni faydalar məhdudlaşacaq". Rusiya Ermənistanın özünün nəzarətində olan iqtisadi mexanizmdən və ittifaqdan kənara çıxmasını istəmir. Ona görə də ölkəni strateji seçim etməyə məcbur edir.
Ermənistan isə strateji seçimini belə edib: nə qədər ki, Aİİ-də qalmaq faydalıdır, orada qalaq: amma vaxtı gələndə Aİ-yə keçərik. Təbii ki, Rusiya bununla razı deyil. Bu vəziyyətin nə qədər davam edəcəyini zaman göstərəcək. Yəni bir müddət belə davam etmək mümkün ola bilər. Lakin ilin sonuna yaxın gərgin hadisələrin baş verəcəyini gözləyirəm. Çünki ola bilsin ki, Ermənistanın Aİİ-dəki üzvlüyü məsələsi də gündəmə gətirilsin. Düzdür, Ermənistanın razılığı olmadan onu bu ittifaqdan çıxara bilməzlər. Bu aydındır, lakin təzyiqlər mütləq güclənəcək. Əgər Ermənistan Aİİ-dən çıxsa, Aİ ona bu çıxışın gətirəcəyi zərəri aradan qaldıra biləcək səviyyədə dəstək verməlidir. Bu, indiki şəraitdə real görünür".
Turqut Ansari
10:30 06.07.2026
Oxunuş sayı: 60