İstanbulda ağacların içindəki gizli təhlükə axtarılır
İstanbulun Şişli rayonunda böyük və yaşlı ağacların təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı araşdırmaya başlanılıb. İlk mərhələdə təxminən 200 ağacın müayinədən keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Şişli Bələdiyyəsinin Park və Bağçalar İdarəsi ilə İstanbul Universiteti-Cerrahpaşa Meşəçilik Fakültəsinin birgə həyata keçirdiyi layihəyə parklarla yanaşı, küçələrdə, sıx piyada və avtomobil hərəkətinin olduğu ərazilərdəki ağaclar da daxil edilib. İnsanların uzun müddət olduğu Darülaceze kimi ərazilərdə yerləşən əsrlik ağaclar da araşdırılacaq.
İlk mərhələdə ağacların hündürlüyü, gövdə quruluşu, çətir diametri, əyriliyi və budaqlanma nöqtələri ölçüləcək. Yaşlarının təxmini müəyyənləşdirilməsi ilə yanaşı, gövdənin daxili vəziyyətini qiymətləndirmək üçün ağaca zərər verməyən akustik tomoqrafiya üsulundan istifadə olunacaq.
Mütəxəssislər səs dalğalarının gövdə daxilində hərəkət sürətini ölçməklə çürümüş və ya boşluq olan sahələri müəyyənləşdirəcəklər. Aşkar edilən çürüklüyün ağacın hansı hissəsindən başladığı və nə qədər davam etdiyi üçölçülü şəkildə qiymətləndiriləcək.
Araşdırmada ağacın daxilində çürüklüyün aşkarlanması onun dərhal kəsilməsi üçün əsas sayılmayacaq. Ağacın fiziki göstəriciləri, əyilmə vəziyyəti və bölgədə qeydə alınmış güclü külək məlumatları birlikdə qiymətləndirilərək devrilmə riski müəyyənləşdiriləcək. Məqsəd təhlükəli vəziyyətdə olan ağaclara müdaxilə etməklə yanaşı, mümkün qədər əsrlik ağacları qoruyub yerində saxlamaqdır.
İstanbul Universiteti-Cerrahpaşa Meşəçilik Fakültəsinin müəllimi Dos. Dr. Serhun Sağlam bildirib ki, son illərdə şəhərlərdə baş verən ağac aşmaları xaricdən sağlam görünən ağacların daxilində də ciddi çürüklüklərin ola biləcəyini göstərir. Onun sözlərinə görə, layihə bu riskləri əvvəlcədən müəyyənləşdirərək həm insanları, binaları və avtomobilləri qorumağı, həm də qiymətli ağacların mümkün qədər yaşadılmasını hədəfləyir.
02:46 05.10.2026
Oxunuş sayı: 36