Erməni xalqı Paşinyanı yox, Rusiyanı seçdi - 102-ci hərbi baza sökülməyəcək
Ermənistanda keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 64,4 faizi Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmasını dəstəkləyir. Sentyabrın 22-dən 24-dək 1 001 nəfər arasında telefon sorğusu ilə aparılan araşdırmanın nəticələri sentyabrın 25-də açıqlanıb. Sorğunun nəticələri Ermənistan cəmiyyətində Rusiyanın hərbi mövcudluğuna münasibətin hələ də əhəmiyyətli olduğunu göstərir. Bununla yanaşı, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin 102-ci bazanın çıxarılması məsələsini heç vaxt gündəmə gətirmədiyini bildirib.
Crossmedia.az-a açıqlamasında politoloq Azad Məsiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra ölkənin Rusiya ilə münasibətlərində və təhlükəsizlik siyasətində dəyişikliklərin baş verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbə inteqrasiya siyasəti yürütməsi bu prosesin əsas istiqamətlərindən biridir:

“Paşinyan hakimiyyətə gələndən Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək və Rusiyanın təsir dairəsindən, Rusiya platformasından uzaqlaşmaq sahəsində siyasəti uğurla həyata keçirməkdədir. Artıq erməni cəmiyyətində bu istiqamətdə təbliğat uzun müddətdir aparılır. Çünki Ermənistanda müxtəlif strukturlarda Qərbyönümlü qüvvələr fəaliyyət göstərir və Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbə doğru siyasət yürütmək təbliğatı cəmiyyətə aşılanır”, - deyə politoloq bildirib.
Azad Məsiyev Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı məsələnin də bu kontekstdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Hazırda reallıq ondan ibarətdir ki, Ermənistanla Rusiya arasında 102-ci baza ilə əlaqədar uzunmüddətli bir razılaşma var. Ermənistanın bu razılaşmadan birtərəfli qaydada qısa müddətdə çıxması real deyil. Hətta Rusiya prezidenti və Rusiya rəsmiləri də açıq şəkildə bu mesajı verməkdədirlər”.
O, 102-ci bazanın Ermənistanda qalmasının siyasi xarakter daşıdığını düşünür: “Bəli, 102-ci baza vaxtilə NATO blokuna qarşı, yəni Türkiyəyə qarşı formalaşmış bir baza idi. Hazırda Ermənistana istər Türkiyədən, istərsə də Azərbaycandan real təhlükə yoxdur. 102-ci bazanın Ermənistanda qalması sırf siyasi xarakter daşıyır”.
Politoloq bildirib ki, Paşinyanın siyasətində Avropa İttifaqına və daha sonra NATO-ya inteqrasiya istiqaməti xüsusi yer tutur: “Paşinyan çalışır ki, bu məsələdə açıq şəkildə olmasa da, dolayısı ilə Rusiyadan bu bazanın çıxmasını tələb etsin. Hətta Paşinyanın belə bir fikri var ki, Rusiya əgər 102-ci bazanı Ermənistan ərazisindən çıxarsa, buna etiraz etməyəcəklər. Çünki Paşinyanın məqsədi Avropa Birliyinə inteqrasiya etmək, sonrakı addımı isə NATO blokuna daxil olmaqdır. NATO blokuna daxil olmaq üçün Ermənistanda xarici hərbi bazaların, xüsusilə də Rusiyanın hərbi bazasının olması məsələsi gündəmə gəlir. Buna görə də Paşinyan birinci mərhələdə Avropa Birliyinə, sonrakı mərhələdə isə NATO-ya inteqrasiyanı həyata keçirmək istəyir. Bunun üçün də zaman lazımdır. Paşinyan bunu mərhələli şəkildə həyata keçirmək istəyir”.
Azad Məsiyev Ermənistanda Rusiya yönümlü qüvvələrin də mövcud olduğunu bildirib: “Amma buna baxmayaraq, erməni cəmiyyətində Rusiya yönümlü qüvvələr də az deyil. Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərin sayından çox olduğunu nəzərə alsaq, erməni lobbisinin Rusiya qanadının xüsusi gücə malik olduğu görünür. Amma mənim fikrimcə, onların Ermənistandakı real cəmiyyətə təsir etmək imkanları məhduddur. Bu da ölkədə dövlət strukturlarının və siyasi proseslərin fərqli istiqamətdə inkişaf etməsi ilə bağlıdır”.
Politoloq Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə bağlı təhlükə təsəvvürlərinin hələ də mövcud olduğunu qeyd edib: “Bu gün aparılan sorğular da onu göstərir ki, cəmiyyətdə hələ də həm Azərbaycanı, həm də Türkiyəni özləri üçün təhlükə görürlər. Çünki hələ Ermənistan təfəkküründə ‘Böyük Ermənistan’ ideyası və ‘Türk sənin düşmənindir’ yanaşması mövcuddur. Bu yanaşmanın qısa müddətdə erməni cəmiyyətindən çıxması mümkün deyil. Sorğuların nəticələri də bunu göstərir. Ermənistanda ‘Türk sənin düşmənindir’ təbliğatının hələ də müəyyən qədər kök saldığı görünür”.
Azad Məsiyev Paşinyan hökumətinin Qərblə yaxınlaşmasının Ermənistanın gələcək siyasətinə təsir göstərə biləcəyini bildirib: “Bu gün Paşinyan Qərbi öz arxasına alaraq güclənməkdədir. Vaxtilə Rusiya ilə münasibətlərdən istifadə edərək güc əldə etdiklərini düşünürdülər. Xatırlatmaq yerinə düşər ki, Ermənistan dövləti 1918-ci ildə yaradılanda ermənilərin 9 min kvadratkilometr ərazisi olmuşdu. Sonrakı dövrdə Rusiyanın dəstəyi ilə bu ərazinin 29 min kvadratkilometrə çatdırıldığını iddia edirlər. Paşinyan hakimiyyətə gəldikdən və dünya siyasətində Rusiya təkləndikdən sonra isə Qərbə üz tutaraq, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin dəstəyini almaq və gələcəkdə NATO-ya daxil olmaq niyyətindədir”.
Politoloq Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyəyə münasibətlə bağlı yanaşmaların regionda sülh prosesinə təsir etdiyini düşünür: “İstər Azərbaycan Prezidentinin apardığı siyasət, istər Türkiyə Prezidenti Ərdoğanın apardığı siyasət Ermənistanla sərhədlərin açılması və Ermənistanla dinc yanaşı yaşamaq prinsipinin həyata keçirilməsi üçün praktiki addımların atılmasına yönəlib. Amma bu gün erməni cəmiyyəti bunu görmür və ya görmək istəmir. 30 il ərzində Azərbaycanın torpaqları işğal altında qaldı, ərazilərimiz talan olundu, Xocalı soyqırımı baş verdi. Hazırda Azərbaycan mina terrorunun qurbanına çevrilir. Buna baxmayaraq, Azərbaycan praktiki sülh addımları atır, Ermənistana strateji yüklərin daşınmasına icazə verir, Ermənistana benzin satışını təmin edir. Bu, Azərbaycanın qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiq olduğunu göstərir”.
Azad Məsiyev bildirib ki, Ermənistan daxilində aparılan proseslər Azərbaycan və Türkiyədən təhlükə təsəvvürünün hələ də müəyyən dairələrdə mövcud olduğunu göstərir: “Ermənistan cəmiyyətində referendum keçirilib və Azərbaycanın torpaq iddiasından imtina məsələsi gündəmə gətirilib. 102-ci bazanın qalmasına dəstək verilməsi də onların Azərbaycan və Türkiyədən təhlükə gördükləri ilə əlaqələndirilə bilər. Türkiyə sərhədlərin açılması və işgüzar münasibətlərin yaradılmasını istəyir. Amma bu gün bunun əksini görürük və ‘Türk sənin düşmənindir’ yanaşmasının erməni cəmiyyətində hələ də yaşadığı müşahidə olunur”.
Politoloqun sözlərinə görə, 102-ci Rusiya hərbi bazasının Ermənistanda qalması həm Moskvanın, həm də İrəvanın təhlükəsizlik siyasəti baxımından mühüm məsələdir: “Rusiya tərəfinin 102-ci bazanın Ermənistanda qalmasında siyasi marağı var. Çünki 102-ci baza Ermənistanda qaldıqca, Ermənistanın NATO-ya daxil olması məsələsi sual altında qalır. Bu baxımdan Ermənistanın baş naziri açıq bəyan edib ki, Ermənistan Avropa Birliyinə inteqrasiya edəcək. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirak etmir və bu təşkilatdan uzaqlaşmaq istiqamətində addımlar atır. Çünki Avropa Birliyinə daxil olduqdan sonra növbəti mərhələdə NATO çətiri altına girərək öz təhlükəsizliyinə təminat əldə etmək istəyirlər”.
Azad Məsiyev Ermənistanın NATO ilə yaxınlaşmasının Azərbaycan və Türkiyə üçün təhlükəsizlik baxımından yeni çağırışlar yarada biləcəyini iddia edib: “Məsələ də bundadır ki, istər 102-ci bazanın orada qalması, istərsə də NATO blokuna daxil olmaq hansı məqsədə hesablanır? Məhz yenə də dediyim kimi, bunun Azərbaycan və Türkiyəyə qarşı yönəlməsi ehtimalı var. NATO-nun dəstəyini arxasına alaraq gücləndikdən sonra ‘Böyük Ermənistan’ ideyasının yenidən gündəmə gətiriləcəyindən və Azərbaycanın növbəti təxribatlarla üzləşəcəyindən narahatlıq var”.
Politoloq Ermənistanla bağlı Azərbaycan cəmiyyətində etimad məsələsinin də mürəkkəb olduğunu bildirib: “Bu baxımdan Ermənistan cəmiyyətinə və Ermənistan dövlətinə etibar etmək sadəlövhlük olardı. Buna baxmayaraq, Azərbaycan ermənilərlə dinc yanaşı yaşamaq üçün sülh təşəbbüsündə qalır. Əgər Ermənistan dövləti və Ermənistan cəmiyyəti Azərbaycanın sağlam düşüncəsini qəbul etməyəcəksə, Azərbaycanın da adekvat cavab vermək haqqı var”.
Azad Məsiyev qeyd edib ki, Azərbaycan cəmiyyətində Qarabağ münaqişəsinin nəticələri və keçmişdə yaşanan hadisələrlə bağlı yaddaş hələ də güclüdür: “Azərbaycan cəmiyyəti Zəngəzur və Göyçə mahalının Azərbaycanın qədim torpaqları olduğunu unutmur. Azərbaycan xalqı yaşanan faciələri unutmur. Azərbaycan cəmiyyəti 30 il ərzində ərazilərimizə, təbiətimizə və sərvətlərimizə vurulan ziyanı da unutmur. Dediyim kimi, hər gün mina terrorunun qurbanına çevrilirik və bunları unutmuruq. Ermənistan cəmiyyəti sağlam düşüncə ilə yanaşmasa, Azərbaycanın da buna uyğun adekvat addımlar atmaq üçün kifayət qədər əsasları var”.
Nigar Xəlilli
17:30 28.09.2026
Oxunuş sayı: 38