Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 24 ili tamam olur
Azərbaycan diaspor siyasətinin əsas dayağı olan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 24 il ötür. 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) Azərbaycan dövlətinin diaspor siyasətinin vahid konsepsiya əsasında formalaşdırılmasının əsasını qoydu. Bu mühüm qərar dünya azərbaycanlılarının təşkilatlanması, milli həmrəyliyin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızla əlaqələrin sistemli şəkildə qurulması baxımından yeni mərhələnin başlanğıcı oldu.
Ötən 24 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsinə, diaspor təşkilatlarının institusional inkişafına, Azərbaycanın milli maraqlarının və həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verib. Komitənin həyata keçirdiyi layihələr sayəsində dünya azərbaycanlıları arasında əlaqələr daha da möhkəmlənib, diaspor fəaliyyətinin koordinasiyası güclənib və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm nəticələr əldə olunub.
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin diaspor siyasətini uğurla həyata keçirən, xaricdə yaşayan azərbaycanlıların hüquq və maraqlarının müdafiəsinə, milli-mənəvi dəyərlərin qorunmasına və dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən aparıcı dövlət qurumlarından biri kimi fəaliyyətini davam etdirir.
Crossmedia.az kollektivi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyini və kollektivini fəaliyyətlərinin 24-cü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar və Azərbaycanın diaspor siyasətinin daha da gücləndirilməsi istiqamətində nailiyyətlər arzulayır.
11:00 05.07.2026
Oxunuş sayı: 103