Azərbaycanda siyasi etimadın yeni mənzərəsi - İlham Əliyev
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi son ictimai rəy sorğusu ölkədə dövlət başçısına ictimai etimadın yüksək səviyyədə olduğunu göstərir. Sorğunun nəticələrinə əsasən, respondentlərin 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib. Bu göstərici ölkədə siyasi sabitlik, dövlət idarəçiliyinin səmərəliliyi, həyata keçirilən islahatlar və son illərdə əldə olunan nəticələr fonunda xüsusi diqqət çəkir. Bəs 93,6 faizlik dəstək daha çox hansı amillərlə izah olunur? Bu nəticə cəmiyyətdə siyasi etimadın səviyyəsi barədə nə deyir və ölkənin mövcud ictimai-siyasi mənzərəsini necə xarakterizə edir?
Mövzu ilə
bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova qeyd edib ki, bu gün Azərbaycan Respublikası özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır: “Bu dəyişən dünyada superdövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb zamanda yeni ictimai-siyasi baxış və islahatların keçirilməsi zərurəti yaranır. Proses davamlı, dayanıqlı və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Cənab İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən Müharibəsində Zəfər çalması ilə erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbədir! Azərbaycan xalqı 200 ildən çoxdur ki, erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Nəhayət, 2020-ci ildə Azərbaycan öz torpaqlarına sahib çıxdı, ərazi bütövlüyünü təmin etdi. Bu, bizim qəhrəman, igid əsgər və zabitlərimizin rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində baş verdi. 2023-cü ildə təxminən 1 gün davam edən lokal xarakterli antiterror tədbirləri keçirilərək suverenliyimiz tam bərpa olundu. Artıq xalqımız işğal günlərini qeyd etmir. Bu gün hər birimiz bu tarihi Qələbəyə görə Müzəffər Ali Baş Komandana və Ordumuza minnətdarıq. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan birgə bəyannamə sülh müqaviləsi istiqamətində atılan ən mühüm addımdır. Vaşinqtonda əldə olunan tarixi nəticələr: sülh sazişinin paraflanması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizinin açılması – bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz bir neçə il əvvəl qeyri-mümkün görünən tektonik dəyişiklikləri yaşayır. Artıq regionumuz uzun sürən münaqişənin davamlı sülh və mehriban qonşuluq mərhələsinə qədəm qoyur. Bu yeni reallığın baş memarı hərbi-siyasi vasitələrlə ölkənin ərazi bütövlüyünü bərpa edən və bununla da bütün regional arxitekturanı yenidən yaradan Prezident İlham Əliyevdir. Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsas sənəd isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə və qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyev siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir”.

H.Hüseynova əlavə edib ki, qalib liderin qəbul etdiyi milli strategiyanın nəticəsidir ki, hazırda ölkəmiz yüksək inkişaf dövrünü yaşayır: “Xarici və daxili siyasətdə əldə olunan uğurlar bu strategiyanın nə qədər düzgün və aydın şəkildə planlaşdırıldığını nümayiş etdirir. Cənab İlham Əliyev rəhbərlik etdiyi dövrdə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə bəyan etmiş və bunu eyni zamanda əməli fəaliyyəti ilə nümayiş etdirmişdir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək bütün fəaliyyəti, amalı qurub-yaratmaq, xalqımızı daha xoş günə, daha firavan həyata qovuşdurmaq olan ölkə başçısı dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsini, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsini təmin etdi. Təsadüfi deyil ki, Azərbaycan brendi olan "ASAN xidmət" layihəsindən sonra "DOST" konsepsiyası da növbəti bir uğurlu addım kimi vətəndaşları məmnun edir. Hər iki layihə dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir. Həyata keçirilən sosial layihələr əhalinin, xüsusilə də həssas təbəqədən olan vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi isə təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiqlənən dövlət proqramları şəhərlə kənd arasındakı fərqi aradan qaldırmış və Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunmuşdur. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiə edilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu istiqamətdə güclü qanunvericilik bazası formalaşmışdır. Aztəminatlı və həssas qrupdan olan ailələrə xüsusi diqqət yetirilir. Bu gün qadınların öz potensiallarını reallaşdırmaları və sosial-iqtisadi sferada fəal iştirak etmələri üçün respublikada bütün imkanlar yaradılmışdır. Xüsusilə, regionlarda qadınların seçimində üstünlük təşkil edən ənənəvi sahələrin inkişaf etdirilməsi nəticəsində həm qadınlar, həm də ölkə iqtisadi cəhətdən güclənir. Ölkə başçısının Sərəncam və Fərmanları ilə qəbul edilmiş xüsusi dövlət proqramları və qanunvericilik aktları nəticəsində uşaqların fiziki və mənəvi inkişafına, onların təhsilinə dövlət qayğısı gündən-günə artır. Prezident cənab İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir vətəndaşla — ağsaqqal, ağbirçək, orta nəslin nümayəndəsi, gənclər və uşaqlarla səmimi ünsiyyəti hər bir dövlət məmuruna gözəl nümunədir. Xüsusilə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyəti ölkəmizin inkişafında, onun dünyada təbliğ olunması və tanınmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz rol oynamışdır. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi bir əlamətidir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti nəticəsində reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas almışdır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ile birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu”.
Komitə sədri bildirib ki, dövlət başçımızın müəllifi olduğu və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır: “Vahid dövlətçilik siyasətinə əsasən Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman və digər sahələrdə dayanmadan inkişaf edir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, qanunvericilikdə islahatların aparılması, mədəni irsin və dəyərlərin dünyada tanıdılması, beynəlxalq təşkilatlarla və dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin, strateji əməkdaşlığın genişləndirilməsi ölkədə gedən inkişafın nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz vaxtilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına mühüm töhfələr verir. Cənab İlham Əliyev Türk dünyasının birliyinin yaranması üçün sadəcə danışmır, addım-addım, çox dərindən düşünülmüş və gələcəyə hesablanmış formada, daha əsaslı şəkildə reallaşması üçün misilsiz xidmətlər göstərir. Ötən dövr ərzində Azərbaycanın tərəqqisi naminə həyata keçirilən siyasət sayəsində ölkəmiz sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə uğurlar qazanmışdır. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə bir çox yeniliklərə imza atdı. Azərbaycanda siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi formalaşdırdı. Mütəmadi olaraq siyasi partiyalarla keçirilən görüşlər ölkədə siyasi konfiqurasiyanın təmin olunması sahəsində mühüm addımlardan biridir. Bu, siyasi islahatların dərinləşməsinə, ölkəmizin inkişaf etməsinə, dövlətimizin daha da güclənməsinə səbəb olacaqdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da zamanın tələblərinə, dövrün çağırışlarına, eləcə də ölkədə gedən proseslərə adekvat olaraq islahatlar həyata keçirir. Ötən 23 ildə cənab Prezident cəmiyyətin inteqrasiyasına nail oldu; sosial, siyasi, dini, milli müxtəliflikdən birlik yarada bildi. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir. Onun siyasəti nəticəsində Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrildi. Azərbaycanda dini və milli tolerantlığın mövcudluğunu onun dövlətçilik tarixi təsdiq edir. Ölkəmizdə tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirmişdir. Həmçinin, Azərbaycanın bu təcrübəsi dünyada gedən proseslərə müsbət töhfələr verir. Ölkə başçısı çıxışı zamanı bu məsələyə xüsusi toxundu: “Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır”. Cənab İlham Əliyevin bu fikirləri əslində bir çox məsələlərə aydınlıq gətirir. Məlumdur ki, qloballaşma prosesi hər birimizi ümumi məkanın sakinlərinə çevirib. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Bu prinsip və normalara əməl olunmadıqda düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı və müharibələr baş verir. O, dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq, ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlət başçısı islamofob dairələrin və antiazərbaycan mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Bu plana qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mədəni-mənəvi və ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi. Prezident İlham Əliyevin gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə yönələn təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır. Ötən dövr ərzində Azərbaycanda bir çox mötəbər tədbirlər keçirilmişdir. Lakin 2024-cü ildə COP29 kimi dünya miqyaslı tədbirə ev sahibliyi etməklə təşkilatçılıq bacarığını ortaya qoydu. BMT-nin bu ali tədbirini yüksək səviyyədə təşkil edən ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Bakıda keçirilən COP29 sammitində gərgin iş nəticəsiz qalmadı - ekspertlər əldə olunmuş ilk razılaşmalardan məmnunluqla danışırlar. Xüsusilə, forum iştirakçıları qlobal “yaşıl” gündəliyin mühüm vəzifələrini, BMT-nin məqsədlərinə çatmaq üçün atılan addımları, qlobal temperatur artımının məhdudlaşdırılması üzrə Paris Sazişində təsbit olunmuş iqlim öhdəliklərinə sadiqliyini fəal şəkildə nümayiş etdirərək müzakirə ediblər. COP29 əvvəlki konfranslardan yaxşılığa doğru fərqlənir. Bu, ilk növbədə iqlim layihələrinin maliyyələşdirilməsinin müzakirəsi ilə bağlıdır. COP29-da artıq 100 milyard dollar dəyərində iqlim dəyişikliyi proqramları üçün maliyyələşdirmə barədə razılığa gəlindi. Bu da onu göstərir ki, müxtəlif ölkələrin təmsil olunduğu dünya ictimaiyyəti buna bir neçə il əvvəlkindən qat-qat ciddi yanaşır. COP29-un digər uğurlarından biri də dünyanın Afrika ölkələrinin, Yaxın Şərq və Asiya dövlətlərinin səsini çox aydın eşitməsidir. May ayında Azərbaycanda keçirilən WUF-13 beynəlxalq tədbiri isə dünyada urbanizasiya problemlərinin həlli istiqamətində çox ciddi təşəbbüslər və qərarlar ilə yadda qaldı. Azərbaycan hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Prezident İlham Əliyev Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı. Bu gün dünya miqyasında çox az lider var ki, uzun müddət davam edən silahlı münaqişəyə son qoymağa, öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməyə, münaqişədən sonrakı inkişafa keçidi təmin etməyə nail olubdur. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məhz belə bir nümunədir. Azərbaycanın Qarabağ nümunəsi nümayiş etdirir ki, ən çətin münaqişələri belə siyasi iradə, strateji planlaşdırma və güclü liderliklə həll etmək olar. Hazırda bütün dünya İlham Əliyevin böyük qətiyyəti sayəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin şahidi olur. Bəli, bu gün keçmişimizə nəzər saldıqca, ötən 23 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə keçdiyi yüksəliş yolunun necə əzəmətli və qürurlu olduğunu görürük. Qalib Ali Baş Komandan İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir. Azərbaycan, şübhəsiz ki, daha da güclənəcək və ən xoşbəxt insanların yaşadığı ölkəyə çevriləcəkdir!”
Media eksperti Müşfiq Ələsgərli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 20-30 may 2026-cı il tarixlərində keçirdiyi ictimai rəy sorğusu ölkədə siyasi etimadın mövcud vəziyyətini qiymətləndirmək üçün zəruri məlumatları müəyyənləşdirir. Sorğunun nəticələrinə görə, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərib. 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib, 91,5 faizi növbəti prezident seçkilərində də İlham Əliyevə səs verəcəyini deyib. 81,9 faizi isə Prezidenti alternativsiz siyasi lider kimi dəyərləndirib. Sorğunun nəticələrindən biri respondentlərin dövlət idarəçiliyində sabitlik amilinə ciddi önəm verməsi ilə bağlıdır. Dünyada geosiyasi gərginliyin, regional münaqişələrin və iqtisadi qeyri-müəyyənliyin artdığı bir şəraitdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, dövlətimizin güclü iqtisadiyyata, orduya malik olması, özü-özünü təmin edən ölkəyə çevrilməsi sorğu iştirakçılarının da diqqətini çəkib. Respondentlərin əhəmiyyətli hissəsinin İlham Əliyevin dövlət idarəçiliyini müsbət qiymətləndirməsi bu faktı bir daha təsdiqləmiş olur”.

Ekspert qeyd edib ki, digər tərəfdən, Azərbaycanın regional və qlobal layihələrdə iştirakı və ya müəllifliyi də diqqətdən kənar qalmayıb: “Beynəlxalq əlaqələrə söykənən iqtisadi infrastrukturun genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, enerji layihələrinin inkişafı, habelə regional proseslərdə dövlətimizin rolunun artması ictimai rəy sorğusu zamanı dəyərini tapmış amillər sırasındadır. Azərbaycanın müstəqil siyasət yürüdən ölkə statusu qazanması, Cənubi Qafqazın lider dövləti rolunda çıxış etməsi , qlobal səviyyədə öz sözünü deyən dövlətə çevrilməsi bu sorğuda Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi kimi dəyərləndirilib. MEDİA-nın keçirdiyi son ictimai rəy sorğusu da Azərbaycan cəmiyyətində siyasi etimad göstəricilərinin müqayisəli şəkildə öyrənilməsi baxımından təqdirəlayiqdir. Nəticələrdən çox aydın şəkildə görünür ki, 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xalqın yaddaşının ən dərin qatlarına işləyib. İnsanlar bu qələbinin təməlində Prezident İlham Əliyevin böyük şəxsiyyətinin, qətiyyətli Lider xüsusiyyətlərinin dayandığını bilir və onu yüksək qiymətlənidirirlər”.

Politoloq qeyd edib ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri sülh sazişinin imzalanması üçün müəyyən maneəyə çevrilib: "Çünki yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməlidir və referendumun təyin olunması üçün parlamentdə daha çox deputatın dəstəyinə ehtiyac var. Ancaq ümid edək ki, Ermənistan bu maneəni də aradan qaldıra biləcək. Bütövlükdə, Azərbaycan hakimiyyətinin sadaladığım bu uğurları, azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlaması, ölkənin dünyadakı nüfuzunun artması – ki, bu, hamı tərəfindən qəbul olunan bir həqiqətdir – bütün bunlar Azərbaycan Prezidentinin nüfuzunun yüksək olmasına səbəb olub. Burada rəqəmin 93 faiz, yaxud 94 faiz olması elə də prinsipial məsələ deyil. Müxtəlif ictimai rəy sorğuları keçirən qurumların nəticələri müəyyən qədər fərqlənə bilər. Ancaq bir həqiqət aydındır ki, bu qədər böyük uğurlara nail olan hakimiyyətin və onun liderinin yüksək nüfuza malik olması tamamilə təbiidir. Bu, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə normal qarşılanır".
Ayhan
19:00 04.07.2026
Oxunuş sayı: 235