Cənubi Qafqazın yeni nəqliyyat xəritəsi: Azərbaycan strateji mərkəzə çevrilir
Cənubi Qafqazda formalaşan yeni geosiyasi və
geoiqtisadi reallıqlar regionun nəqliyyat-kommunikasiya xəritəsini yenidən gündəmə
gətirib. Son dövrlər Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir
yolu xətlərinin bərpası ilə bağlı açıqlamaları, Orta Dəhlizin strateji əhəmiyyətinin
artması, Zəngəzur dəhlizi və TRİPP marşrutu ətrafında aparılan müzakirələr
regional inteqrasiyanın perspektivlərini bir daha ön plana çıxarır. Ekspertlər
hesab edirlər ki, bu layihələrin reallaşması təkcə nəqliyyat əlaqələrinin
genişlənməsi deyil, həm də regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, tranzit
imkanları və Cənubi Qafqazın qlobal logistika sistemində mövqeyinin möhkəmlənməsi
baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə
bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
Milli Məclisin deputatı Zaur Şükürov qeyd edib ki, son bir ildə bölgəmizdə baş verən proseslər, xüsusilə də keçən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar, ABŞ və Avropa İttifaqı rəsmilərinin regionumuza intensiv səfərləri, Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq münasibətlərimizin genişləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşməsi, Şimal və Cənubda davam edən münaqişlər fonunda Orta dəhlizin əhəmiyyətinin artdığını və Cənubi Qafqazda nəqliyyat-logistika xəritəsinin yenidən formalaşdığını deməyə əsas verir: “Bütün proseslərin əsasında heç şübhəsiz Prezident İlham Əliyevin heyrətamiz liderliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin mislisiz qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunması və nəticədə regionda yaranan yeni geosiyasi və geoiqtisadi reallıq dayanır. Bu reallığın tədricən Ermənistan siyasi rəhbərliyi, habelə aparıcı dövlətlər və təşkilatlar tərəfindən istər-istəməz qəbul edilməsi proseslərin davamlı olacağına ümidləri artırır. Regional bağlantıların effektli şəkildə işləməsi üçün Orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizinin və bu dəhlizin seqmenti TRİPP marşurutunun açılması zəruridir. Məlumdur ki, Zəngəzur dəhlizinin işə düşməsi və nəticədə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinin qaçılmaz olduğu 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan lideri tərəfindən bəyan edilmiş və bu prinsipin ilkin bəyanatlarda da yer almasına nail olunmuşdur. Dünyanın aparıcı dövləti ABŞ-nin paytaxtı Vaşinqtonda isə bu ölkə Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin 3-cü maddəsində də bu prinsipin qeyd edilməsi məsələ ilə bağlı mövqeyimizi daha da möhkəmləndirmişdir. Ermənistan Baş naziri Nikol Paşinyanın bölgədəki nəqliyyat bağlantıları ilə bağlı son açıqlamaları da bu proseslərin davamı kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycanın Zəngəzur dəhlizinin öz ərazisindən keçən xeyli hissəsi ilə bağlı işlərin yekunlaşması, ABŞ-nin Dövlət katibi M.Rubionun bu ilin may ayının sonunda Ermənistana səfəri çərçivəsində TRİPP layihəsi ilə bağlı çərçivə sənədinin paraflanaraq imzalanması da Ermənistan tərəfindən öhdəsinə düşən vəzifələrin tezliklə həyata keçirilməsini zəruri edir. Diqqət çəkən məqam ondan ibarətdir ki, ABŞ ilə Erməistan arasında imzalanmış sözügedən çərçivə sənədinin preambulasında Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinin və bu ölkənin Türkiyə ilə münasibətlərinin normallaşdırılmasının TRİPP marşurutunun gerçəkləşdirilməsinə töhfə verəcəyi qeyd olunur”.

Deputat əlavə edib ki, bütün bunlara baxmayaraq, hazırda məsələ ilə bağlı yalnız Ermənistan tərəfindən bəyanatları və kağız üzərində razılaşmaları müşahidə edirik: “Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının rəsmilərinin bölgəmizin əlverişli və strateji coğrafi mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər fonunda Ermənistan tərəfindən praktik işlərin ləng getməsi heç də məqbul hesab edilə bilməz. Avropa Komissiyasının Prezidenti iki gün öncə Azərbaycanda səfərdə olarkan mətbuata verdiyi bəyanatda Cənubi Qafqazı Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biri kimi qiymətləndirərək, bu bölgənin strateji əhəmiyyətinin artmaqda olduğunu qeyd etmişdir. Danılmaz faktdır ki, regionumuzda regional və qlobal əhəmiyyətli heç bir layihə bölgənin açar ölkəsi olan Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Məhz Avropa Komissiyasının Prezidentinin bəyanatında da Prezident İlham Əliyevin əvəzsiz rolu və ölkəmizin əhəmiyyəti xüsusi olaraq vurğanmış və iddialı layihələr açıqlanmışdır: “Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”. İstər TRİPP marşurutunun gerçəkləşdirilməsi, istərsə də regional bağlantıların tam gücü ilə işə düşməsi, habelə digər nəqliyyat yollarının səmərəli şəkildə fəaliyyətə başlaması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda əsas maneə olan Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması zəruridir. Ümid edək ki, Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirərək bu reallıqları düzgün qiymətləndirəcək və onilliklər boyu məhz bu dövlətin işğalçılıq siyasəti səbəbindən mümkünsüz olan regional sülh və inkişaf bərqərar olacaq”.
İqtisad elmləri
doktoru Fuad Qənbərov isə qeyd edib ki, Paşinyanın qeyd etdiyi dəmir yolu xətləri
əsasən iki istiqaməti əhatə edir: “Gümrü–Axurik–Akyaka/Qars xətti Türkiyə sərhədinə,
Yerəsx xətti isə Azərbaycan və Naxçıvan istiqamətinə çıxış yaradır. Bu
marşrutların bərpası region iqtisadiyyatı üçün ciddi imkanlar yarada bilər.
Lakin bunun üçün yalnız dəmir yolu infrastrukturunun bərpası kifayət deyil.
Layihənin real iqtisadi effekt verməsi üçün sərhədlərin açılması, gömrük
prosedurlarının sadələşdirilməsi, təhlükəsiz tranzit qaydalarının müəyyənləşdirilməsi
və tərəflər arasında etimad mühitinin formalaşması vacibdir. Bu marşrutların Azərbaycan
üçün əsas əhəmiyyəti Naxçıvan və Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinin
yaradılmasıdır. Bu, Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin daha da
genişlənməsinə, Naxçıvanın nəqliyyat baxımından ölkənin əsas hissəsi ilə daha səmərəli
inteqrasiyasına və regional logistika imkanlarının artmasına şərait yarada bilər.
Eyni zamanda, Ermənistandan Rusiyaya, Türkiyədən isə Rusiya və Mərkəzi Asiya
ölkələrinə yük daşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi ölkə üçün əlavə
tranzit gəlirləri formalaşdıra bilər. Bu proses Azərbaycan və Ermənistan
arasında iqtisadi əlaqələrin mərhələli şəkildə bərpasına da imkan yarada bilər.
Keçmiş SSRİ dövründə Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri kifayət
qədər geniş olmuşdur. Məsələn, 1987-ci ildə Azərbaycandan Ermənistana 451
milyon rubl dəyərində mal ixrac edilmiş, Ermənistandan isə 117 milyon rubl dəyərində
məhsul idxal olunmuşdur. Azərbaycandan Ermənistana əsasən xam neft, benzin və
kimya sənayesi məhsulları ixrac olunurdu. Ermənistandan isə zinət əşyaları və bəzi
sənaye məhsulları idxal edilirdi. Bu baxımdan, gələcəkdə iki ölkə arasında
ticarət əlaqələrinin müəyyən sahələr üzrə bərpası və genişlənməsi potensialı
mövcuddur”.

İqtisadçı qeyd edib ki, Ermənistan üçün isə bu marşrutların açılması daha strateji əhəmiyyət daşıyır: “Ermənistan uzun illər regional nəqliyyat sistemindən kənarda qalmışdır. Cənubi Qafqazda açıq dəniz limanlarına birbaşa çıxışı olmayan Ermənistanın xarici ölkələrə çıxışı olan əsas dəmir yolu istiqamətlərindən yalnız Gürcüstan xətti işlək vəziyyətdədir. Azərbaycan və Türkiyə istiqamətində dəmir yolu əlaqələrinin bağlı qalması Ermənistanın ixrac və idxal imkanlarını məhdudlaşdırır. Hazırda Ermənistanın xarici ticarətində Gürcüstan üzərindən Batumi və Poti limanlarına çıxış, eləcə də quru yolu ilə Rusiya istiqamətində Lars/Kazbegi keçidi mühüm rol oynayır. Lakin Batumi və Poti limanlarında yüksək tariflərin mövcudluğu, Lars keçidinin isə təbii və mövsümi şəraitlə əlaqədar tez-tez bağlanması Ermənistan üçün əlavə logistika problemləri yaradır. Rusiya ilə Ermənistan arasında yük daşımalarının bir hissəsi Poti limanı vasitəsilə həyata keçirilir: yüklər əvvəlcə gəmi ilə limana çatdırılır, daha sonra dəmir yolu və ya avtomobil nəqliyyatı ilə Ermənistana daşınır. Bu isə həm vaxt, həm də xərc baxımından səmərəliliyi azaldır. Quru yolu ilə daşımalar da çətin dağ yolları və sərt iqlim şəraiti səbəbindən yüksək maya dəyərinə malikdir. Təqribi hesablamalara görə, 20 ton yükün daşınması 4 000–5 000 ABŞ dollarına başa gələ bilər. Ermənistan və Rusiya arasında illik ticarət dövriyyəsinin Ermənistanın ümumi xarici ticarətində təxminən 35–40 faiz paya malik olduğunu nəzərə alsaq, alternativ dəmir yolu marşrutlarının açılması Ermənistan üçün ciddi iqtisadi üstünlüklər yarada bilər. Ümumilikdə, əgər Ermənistan Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələrini bərpa edərsə, ölkə qapalı iqtisadi mövqedən çıxaraq tranzit ölkə roluna keçə bilər. Bu isə Ermənistan üçün tranzit haqları, logistika mərkəzləri, anbar təsərrüfatı, xidmət sektoru, tikinti sahəsi və sərhəd regionlarında yeni iş yerləri deməkdir”.
F.Qənbərov
qeyd edib ki, Türkiyə üçün də bu marşrut əhəmiyyətlidir. Qars–Gümrü xətti
Türkiyəyə Cənubi Qafqaza əlavə çıxış imkanı yaradır: “Türkiyə artıq
Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə regiona bağlıdır. Lakin Ermənistan üzərindən
açılacaq yeni marşrut Ankara üçün həm iqtisadi, həm də diplomatik baxımdan əlavə
kanal formalaşdıra bilər. Bu, Türkiyənin Cənubi Qafqazda və daha geniş mənada
Orta Dəhlizdə rolunu gücləndirə bilər. Türkiyə–Ermənistan–Azərbaycan istiqamətində
dəmir yolu əlaqələrinin bərpası təkcə nəqliyyat layihəsi kimi deyil, həm də
regional iqtisadi inteqrasiya mexanizmi kimi qiymətləndirilməlidir. Bu layihə
Azərbaycan üçün Naxçıvan və Türkiyə ilə bağlantını gücləndirə, Ermənistan üçün
iqtisadi təcriddən çıxış imkanı yarada, Türkiyə üçün isə Cənubi Qafqaz və Orta
Dəhliz istiqamətində əlavə strateji üstünlük formalaşdıra bilər. Lakin bütün bu
potensialın reallaşması siyasi razılaşmalardan, təhlükəsizlik təminatlarından və
sərhəd-gömrük idarəçiliyinin səmərəliliyindən birbaşa asılı olacaq”.
Ayhan
15:30 04.07.2026
Oxunuş sayı: 143