Mədəniyyət iqtisadi dəyər yaradan yaradıcı sənayeyə necə çevrilə bilər?
Azərbaycan mədəniyyəti əsrlər boyu formalaşan zəngin irsi, sənətkarlıq ənənələri, musiqisi, teatrı, kinosu, ədəbiyyatı, milli mətbəxi və folkloru ilə yalnız qorunmalı mənəvi sərvət deyil, eyni zamanda böyük iqtisadi potensiala malik resursdur. Lakin mədəni irsin iqtisadi dəyərə çevrilməsi onun kommersiyalaşdırılması deyil, yaradıcı yanaşmalarla yeni məhsul və xidmətlərin formalaşdırılması deməkdir. Bu baxımdan Azərbaycan mədəniyyətinin muzey və səhnə çərçivəsindən çıxaraq dizayn, moda, animasiya, kino, musiqi, oyun sənayesi, rəqəmsal kontent və turizm kimi yaradıcı sahələrlə daha sıx əlaqələndirilməsi mühüm imkanlar yarada bilər.
Dünyada mədəni irsin yaradıcı sənayelərlə birləşdirilməsi həm ölkələrin beynəlxalq tanıtımına, həm də yeni iş yerlərinin və gəlir mənbələrinin yaranmasına xidmət edir. Azərbaycan üçün də xalçaçılıqdan muğama, milli ornamentlərdən memarlıq irsinə qədər çoxsaylı mədəni elementlərin müasir dizayn və texnologiyalarla yenidən təqdim edilməsi, yerli yaradıcı insanların ideyalarının bazara çıxarılması və bu sahədə davamlı ekosistemin qurulması yeni iqtisadi imkanlar aça bilər. Əsas məsələ mədəniyyəti yalnız xatırlanan keçmiş deyil, gəlir, innovasiya və yeni ideyalar yaradan canlı bir sənaye kimi görməkdir.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a açıqlamasında Azərbaycan mədəniyyətinin iqtisadi dəyər yaradan yaradıcı sənayeyə çevrilməsi üçün hüquqi və maliyyə mexanizmlərinin gücləndirilməsinin vacibliyini bildirib: “Azərbaycan mədəniyyətinin iqtisadi dəyər yaradan yaradıcı sənayeyə çevrilməsi üçün ilk növbədə yaradıcı sənayelərin hüquqi statusu və fəaliyyət çərçivəsi dəqiq müəyyən edilməlidir. Kino, musiqi, dizayn, moda, rəssamlıq, sənətkarlıq, oyun və rəqəmsal məzmun sahələri ayrıca iqtisadi sektor kimi tanınmalı və onlar üçün vergi güzəştləri, qrantlar və maliyyə dəstəyi mexanizmləri yaradılmalıdır”.
Deputat yaradıcı sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin vacibliyini də vurğulayıb: “Dövlət tərəfindən yaradıcı sahibkarlığa və startaplara güzəştli maliyyələşmə, gənc sənətçilər və yaradıcı şəxslər üçün qrant proqramları, yaradıcılıq mərkəzləri və inkubasiya proqramları təşkil edilə bilər. Eyni zamanda müəllif hüquqlarının qorunması gücləndirilməli, piratçılığa və plagiata qarşı effektiv mübarizə aparılmalıdır”.
Ü.Həmzəyeva Azərbaycan mədəni məhsullarının xarici bazarlara çıxarılmasının da mühüm olduğunu qeyd edib: “Azərbaycan mədəni məhsullarının xarici bazarlara çıxarılması da vacibdir. Bunun üçün beynəlxalq festivallarda, sərgilərdə və yaradıcılıq tədbirlərində iştirak dəstəklənməli, Azərbaycan kino, musiqi, rəssamlıq və heykəltəraşlıq, moda və sənətkarlıq məhsullarının ixracına şərait yaradılmalıdır”.
Deputat yerli sənət əsərlərinə və əl işlərinə marağın artırılmasının vacibliyini də diqqətə çatdırıb: “Sənət əsərlərindən istifadə dəb halına çevrilməli və yerli əl işlərinə üstünlük verilməlidir. Sənətkarların əsərlərinin xarici bazara çıxarılması mexanizmi asanlaşmalıdır”.
Ü.Həmzəyeva hesab edir ki, bütün bu addımlar Azərbaycan mədəniyyətinin yalnız qorunan irs kimi deyil, həm də iqtisadi dəyər yaradan sahə kimi inkişafına imkan verə bilər: “Beləliklə, qanunvericilikdə hüquqi və maliyyə təminatının yaradılması, dövlət siyasətində isə təhsil, innovasiya, sahibkarlıq və beynəlxalq tanıtımın dəstəklənməsi Azərbaycan mədəniyyətini yalnız qorunan irs deyil, həm də yeni iş yerləri və gəlir yaradan güclü yaradıcı sənayeyə çevirə bilər”.

Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızı mövzu ilə açıqlamasında isə Azərbaycan teatrının beynəlxalq aləmdə daha geniş tanıdılması üçün imkanların olduğunu bildirib.
O qeyd edib ki, teatrların ayrı-ayrı simalarından istifadə etməklə Azərbaycan sənətini xaricdə təqdim etmək mümkündür: "Hər teatrın bir siması olur, uzağı iki siması olur. Həmin simalara güvənib beynəlxalq aləmə çıxmaq olar. Kukla teatrında canlı aktyorların kuklaların maskasında çıxış etməsi mümkündür. Marionet teatrı da beynəlxalq səviyyədə təqdim oluna bilər. Pantomim teatrının da çıxışı mümkündür. Tam arxayın çıxmaq olar".
Ağ partiyanın sədri Tural Abbaslı mövzunun siyasi tərəfini şərh edib.

Onun sözlərinə görə, mədəni irsin turizm və istehsal sahələri ilə əlaqələndirilməsi, ölkənin “yumşaq güc” imkanlarının artırılması istiqamətində sistemli yanaşmaya ehtiyac var: “Azərbaycanda ümumiyyətlə bu sahəyə kifayət qədər diqqət ayrılmayıb. Mədəni irsin turizm sahəsinin gücləndirilməsi və ya istehsal formatına keçirilməsi istiqamətində ciddi addımlar atılmayıb. Bəzən müəyyən kampaniyalar aparılır. Məsələn, “Dolma bizimdir” məsələsi və ya bəzi musiqi alətlərinin Azərbaycan mənşəli olması ilə bağlı qonşu ölkələrlə mübahisələr gündəmə gəlir. Amma ümumilikdə bunların təqdimatı, mədəni irs üzərindən Azərbaycana iqtisadi dividendlərin gətirilməsi və ölkənin dünyada tanıdılması üçün bu potensialdan istifadə, təəssüf ki, sıfır vəziyyətindədir”.
T.Abbaslı hesab edir ki, bu istiqamətdə mütəxəssislərin iştirakı ilə xüsusi dövlət proqramı hazırlanmalıdır: “Mütəxəssislər və peşəkarlarla birlikdə konkret proqram hazırlanmalıdır. Bu proqram müəyyən dövrü əhatə etməli, müasir dünyanı və insanların zövqünü, tələbatını nəzərə almalıdır. Məsələn, Yaponiyanın “suşi” vasitəsilə özünü dünyaya tanıtması buna nümunədir. Yaponiya həm öz mədəniyyətini təbliğ edib, həm qida məhsulunu dünyaya çıxarıb, həm də bunun hesabına turist axını formalaşdırıb”.
Ağ partiyanın sədri Azərbaycan mədəni irsinin də bu cür iqtisadi və turizm məhsuluna çevrilə biləcəyini vurğulayıb: “Bizim kifayət qədər zəngin mədəni irs bazamız var. Bu irsin ayrı-ayrı nümunələrini inkişaf etdirərək həm turist axınını artırmaq, həm Azərbaycanın dünyada tanınmasına nail olmaq, həm də mədəni irsi gələcək nəsillərə ötürmək mümkündür”.
Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməlidir: “Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və digər qurumlar bu sahədə birgə fəaliyyət göstərə bilərlər. Bununla bağlı dövlət proqramı qəbul edilməli, mədəni irsin qorunması və inkişafı üçün subsidiyalar ayrılmalıdır. Bir çox sənət və peşələr artıq özümüzdə belə unudulmaq üzrədir. Bu, dövlətin məsuliyyətində olan məsələdir. Təəssüf ki, aidiyyəti qurumlar öz məsuliyyətlərini tam dərk etmirlər. Nəticədə Azərbaycan həm iqtisadi, həm mədəni, həm də tarixi baxımdan ciddi itkilərlə üzləşir”.
Nigar Xəlilli
20:00 18.08.2026
Oxunuş sayı: 53