Azərbaycan regionun söz sahibinə çevrilib
Prezident İlham Əliyevin AzTV-ə müsahibəsində qeyd etdiyi Azərbaycan bölgədə söz sahibidir fikri Azərbaycanın son illərdə Cənubi Qafqazda qazandığı hərbi-siyasi çəkini ifadə edən əsas mesajlardan biridir. Azərbaycanın hərbi potensialının artması, ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də regionda dəyişən təhlükəsizlik reallıqları ölkənin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.
Bu mənzərədə Azərbaycan Silahlı Qüvvələri yalnız ölkənin müdafiə və təhlükəsizlik sisteminin əsas dayaqlarından biri kimi deyil, həm də regional güc balansına təsir edən mühüm faktor kimi çıxış edir. Azərbaycanın hərbi imkanlarının regionun ən güclü orduları sırasında qiymətləndirilməsi də bu yanaşmanı möhkəmləndirir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı bir daha Azərbaycanın milli gücünə vurğu etməsi, onun əsas komponentlərindən biri olan ordumuzun gücü haqqında danışması təsadüfi deyildi: “Düşünürəm ki, Azərbaycan Prezidentinin Əlahiddə Ümumqoşun Ordusunun qərargahını ziyarət etməsi də təsadüfi deyildi. Çünki bu gün Azərbaycan, Naxçıvan da daxil olmaqla, mövcud beynəlxalq nəqliyyat və kommunikasiya qovşaqlarından birinə çevrilir. Transxəzər və TRİPP marşrutları üzərində yeni iqtisadi arteriya formalaşır. Bu isə öz-özlüyündə Çinlə Avropanı birləşdirəcək yeni marşrut hesab oluna bilər. Yəni bu, tarixi İpək yolunun yenidən bərpası kimi qiymətləndirilə bilər. Bu, öz-özlüyündə imperialist müharibələrdən sonra, yəni son 250 ildə baş verən müharibələr nəticəsində pozulmuş tarixi coğrafiyanın yenidən bərpa olunması deməkdir. Əlbəttə, bu, qlobal hadisədir. Çünki bu qədər strateji dərinliyə malik olan bir məsələni biz yalnız regiona sığışdıra bilmərik, yəni bunu yalnız Qafqaz kontekstində xarakterizə edə bilmərik. Çünki marşrutun bir tərəfində Çin, digər tərəfində isə Avropa var”.
Deputat əlavə edib ki, əgər biz Azərbaycan Prezidentinin bu gün verdiyi açıqlamalara diqqət etsək, görəcəyik ki, nəqliyyat-kommunikasiya əlaqələrinin digər ucu İran üzərindən Pakistana qədər uzana bilər: “Bu da ayrıca bir istiqamətdir. Ona görə də düşünürəm ki, bütün bu potensialı və formalaşan iqtisadi münasibətlər sistemini qorumaq üçün güclü orduya ehtiyac var. Azərbaycan Prezidenti tam olaraq Azərbaycan Ordusunun gücündən danışdı və bu gücə xüsusi vurğu etdi. Əlbəttə ki, bu parametrlərdən qiymətləndirdikdə artıq Azərbaycan regional güc olmaqdan çıxır. Biz Azərbaycanı bu layihələr reallaşdıqdan sonra bütövlükdə beynəlxalq münasibətlər sistemində öz müttəfiqləri ilə birlikdə qlobal güc mərkəzlərindən biri kimi səciyyələndirə bilərik”.

Politoloq Zaur Məmmədov isə açıqlamasında Azərbaycan Ordusunyb 44 günlük müharibə ilə XXI əsrdə bir ilkə imza atdığlnı qeyd edib: “Bu ilk ondan ibarət idi ki, döyüşdə yeni taktika və strategiyaların ortaya qoyulması, qələbənin əsas düsturunu məhz Azərbaycan Ordusu cızdı. Artıq digər müharibələrdə də buna oxşar, Azərbaycan Ordusundan götürülən nümunə əsasında taktiki və strateji gedişləri görməkdəyik. Bu, dünya hərb tarixində Azərbaycan Ordusu ilə başlayan yeni bir tarixi üslubun, döyüş üslubunun formalaşmasıdır. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin dünən Naxçıvana səfəri zamanı həm Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu, həm də ümumilikdə ordumuz haqqında dedikləri onu göstərir ki, necə ki, indiyə qədər, bundan sonra da Azərbaycanla Naxçıvanın təhlükəsizliyinin və qorunmasının, eyni zamanda Azərbaycanın digər regionlarının və dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması üçün əməli addımlar atılır. Ordu quruculuğu işi artıq ordunun inkişafı istiqamətində davam edir. Artıq ordunun daha yeni hərbi texnikalarla təchiz edilməsi davamlı şəkildə həyata keçirilir. Bu isə, təbii ki, dövlət təhlükəsizliyimizin və milli maraqlarımızın qorunması üçün çox vacib nüansdır”.
Politoloq qeyd edib ki, Azərbaycan bu gün regional gücdür: “Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyib və heç də təsadüfi deyil ki, Avrasiyanın orta xəttində məhz orta güc statusunu Azərbaycan daşımaqdadır. Orta güc o deməkdir ki, bizim siyasi, iqtisadi və hərbi potensialımız elə bir səviyyədədir ki, biz bu gün bu vəziyyətə gəlib çatmışıq. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcəkdir və nəticə etibarilə əsas məqsəd Azərbaycanın qorunması və Azərbaycan maraqlarının həyata keçirilməsindən ibarətdir. Bunun da nəticəsidir ki, bu gün şimalda və cənubda müharibələrin olduğu, həmçinin Cənubi Qafqazda müəyyən hərbi-siyasi təhdidlərin mövcud olduğu bir dövrdə məhz rəsmi Bakının apardığı siyasət region xalqları arasında sülhün inkişafı və mehriban qonşuluğun davamlılığı üçün əsas meyar kimi götürülmüşdür”.
Ayhan
20:50 12.08.2026
Oxunuş sayı: 111