Bəxtiyar Həsənovun deportasiyası - Rusiyanın Azərbaycana qarşı növbəti qərəzi
Moskvada azərbaycanlı diasporunun rəhbəri Bəxtiyar Həsənovun Rusiyadan deportasiya edilməsi növbəti dəfə Kreml dairələrinin Azərbaycana qarşı apardığı qərəzli və sistemli siyasətin açıq sübutudur. O, miqrantların müvəqqəti saxlanma məntəqəsindən birbaşa hava limanına aparılaraq ölkədən çıxarılıb. Bu, təsadüfi bir miqrasiya proseduru deyil. Bu, uzun müddətdir ki, Rusiya tərəfindən Azərbaycanın nüfuzlu şəxslərinə, diaspor liderlərinə və ümumilikdə azərbaycanlılara qarşı həyata keçirilən təzyiq kampaniyasının növbəti mərhələsidir.
Belə addımlar artıq neçənci dəfədir ki, atılır. Vətəndaşlıqdan məhrumetmə, əmlakın müsadirəsi, diaspor strukturlarının dağıdılması və kütləvi deportasiyalar bir-birini əvəz edir. Məqsəd aydındır: Azərbaycanın Rusiya məkanındakı nüfuzunu sarsıtmaq, iqtisadi dayaqları zəiflətmək, insanları cəmiyyətin gözündə gözdən salmaq və bu yolla Bakının müstəqil siyasətinə təsir göstərmək. “Etnik cinayətkar qrup” kimi etiketlər altında aparılan bu əməliyyatlar nəinki hüquqi ədaləti, həm də qonşuluq münasibətlərinin elementar normalarını pozur.
Bu siyasətin kəskinləşməsi AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra daha da gözə çarpır. Faciənin ardından Rusiya cinayəti açıq etiraf etmək, məsul şəxsləri cəzalandırmaq və zərərçəkənlərə layiqli təzminat vermək əvəzinə, əks-təbliğat maşınını işə saldı. Azərbaycanlılara qarşı repressiya genişləndirildi, diaspor fəalları hədəfə alındı, iş adamlarının biznesləri təzyiq altına salındı. Əvəzində isə informasiya sahəsində Azərbaycana qarşı yönəlmiş hibrid kampaniyalar davam etdirildi. Bu, ədalət axtarışı deyil, günahı başqalarının üzərinə yıxmaq və öz cinayətini ört-basdır etmək cəhdidir.
Rusiya eyni zamanda Azərbaycan ərazisində də casusluq və təsir fəaliyyətlərini uzun illərdir aparıb. “Rus evləri” adı altında fəaliyyət göstərən strukturlar, media resursları və digər örtülü mexanizmlər vasitəsilə kəşfiyyat xarakterli işlər həyata keçirilib. Azərbaycan tərəfi isə bu fəaliyyətləri zərərsizləşdirmək üçün qətiyyətli addımlar atıb. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu tədbirlər ölkənin suverenliyini qorumağa yönəlib və güzgü prinsipinə əsaslanıb. Rusiya öz ərazisində azərbaycanlılara qarşı repressiya apararkən, Azərbaycan da öz torpağında xarici kəşfiyyat şəbəkələrinin fəaliyyətinə son qoyub.
Bu cür qərəzli yanaşma yalnız azərbaycanlıları deyil, ümumilikdə Qafqaz və Orta Asiya mənşəli insanları da əhatə edir. Lakin Azərbaycana qarşı xüsusi qərəz hiss olunur. Səbəb bəllidir: Azərbaycan beynəlxalq hüquqa sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır, işğal siyasətini pisləyir və regional məsələlərdə müstəqil mövqe tutur. Kreml isə bu müstəqilliyi həzm edə bilmir. Qarabağ zəfərindən sonra daha da artan təzyiqlər bunun bariz nümunəsidir.
Belə siyasətin nəticəsi heç kimə xeyir gətirmir. Artıq sanksiyalar və beynəlxalq təcridolunma şəraitində olan bir dövlət üçün Qafqazda əlavə gərginlik yaratmaq ağılsızlıqdır. Azərbaycanlıları müxtəlif yollarla cəbhə zonalarına cəlb etmək cəhdləri, etnik mənsubiyyəti cinayətkarlıqla eyniləşdirən yanaşma və diasporun sistemli şəkildə zəiflədilməsi yalnız münasibətləri daha da soyudur. Azərbaycan öz ərazisində yaşayan əcnəbilərin hüquqlarını qoruyub, onları hərbi əməliyyatlara cəlb etməyib. Rusiya isə əksinə, etnik əsaslı təqib siyasətini davam etdirir.
Bəxtiyar Həsənovun deportasiyası bu zəncirin növbəti halqasıdır. Azərbaycan diplomatik nümayəndəlikləri vətəndaşlarının qanuni hüquqlarının qorunması üçün bütün zəruri addımları atacaq. Rusiya isə dərk etməlidir ki, qonşu xalqa qarşı aşağılayıcı, yağmalayıcı və diskriminativ siyasət uzunmüddətli perspektivdə yalnız öz beynəlxalq nüfuzuna və regional maraqlarına zərbə vurur. Azərbaycanın ləyaqəti, iradəsi və müstəqil mövqeyi qarşısında belə təzyiqlər heç vaxt uğur qazana bilməz.
Ayhan
20:50 18.08.2026
Oxunuş sayı: 56