Paşinyan: Koçaryan həbs olunmalıdır
Ölkədə məhkəmə-hüquq sisteminin köklü islahatlara ehtiyac var və cinayətdə təqsirli bilinən şəxslər məsuliyyətə cəlb ediləcək
Crossmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, bildirib ki, vətəndaşlar küçədə ondan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın niyə hələ də azadlıqda olduğunu soruşurlar.
Baş nazir qeyd edib ki, hakimiyyət bölgüsü prinsipi səbəbindən qanunverici və icraedici hakimiyyət məhkəmə funksiyalarını öz üzərinə götürə bilməz. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu, andlılar institutunun yaradılması və fəaliyyətdə olan bütün hakimlərin etibarlılıq baxımından ciddi yoxlanılması zəruridir.
Paşinyan iddia edib ki, imkanlı şəxslər məhkəmə sistemində öz məsələlərini həll edə bilirlər.
"İnsanı meyitin yanında tuta, sonra isə ona bəraət verə bilərlər. Biz səkkiz ildir üçbaşlı mafiyaya qarşı mübarizə aparırıq. Demokratik prinsiplərə sadiq qalmasaydıq, bu problem olmazdı", – deyə o bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistanın ədliyyə sistemi konstitusion tənzimləmələr səbəbindən dövlət institutları arasında ən uğursuz sahələrdən biridir.
"Ermənistanda oliqarxik məhkəmə sistemi ola bilməz. Mən buna qarşı hər gün bütün vasitələrlə mübarizə aparacağam. Robert Koçaryan həbsdə olmalıdır. Bunu ona görə deyirəm ki, xalq bunu mənə deyib və mənə mandat verib", – deyə Paşinyan vurğulayıb.
O əlavə edib ki, söhbət təkcə Robert Koçaryandan getmir.
"Hamısı həbs olunacaq", – deyə Ermənistanın baş naziri bəyan edib.
Xatırladaq ki, Paşinyan bundan əvvəl müxalif siyasətçilər Robert Koçaryanı, Samvel Karapetyanı və Qaqik Sarukyanı cinayətlərdə ittiham etmiş və onların cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini bildirmişdi.
10:28 03.07.2026
Oxunuş sayı: 65