Xankəndinə 200 kitab: 3 nömrəli orta məktəbdən örnək addım - FOTO+VİDEO
Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi 26 İyun - Silahlı Qüvvələr Günündə Xankəndinə səfər edərək Qarabağ Universitetinə zəngin kitab kolleksiyası hədiyyə edib.
Crossmedia.az xəbər verir ki, Məktəbin direktoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrətin şəxsi təşəbbüsü ilə reallaşan bu aksiya çərçivəsində ali məktəbin kitabxanasına 200 nüsxə bədii və elmi ədəbiyyat təqdim olunub.
Kitablar builki məzunların "Son zəng" tədbirində topladıqları nəşrlərdən və məktəb kollektivinin töhfələrindən ibarətdir. Hədiyyə edilən kitablar arasında Xalq şairi Sabir Rüstəmxanlı, professor Misir Mərdanov, professor Mahirə xanım Nağıqızı, millət vəkili Elçin Mirzəbəyli, kərküklü araşdırmaçı Şemseddin Küzeci və Əməkdar jurnalist Azər Həsrət kimi tanınmış ziyalıların əsərləri yer alır.
Qarabağ Universitetinin Nəşriyyat və Kitabxana Mərkəzinin direktoru Dönməz Xəlilov bakılı pedaqoqları yüksək səviyyədə qarşılayaraq, bu addımın ali təhsil müəssisəsi üçün böyük mənəvi dəyər daşıdığını bildirib və universitet rəhbərliyi adından təşəkkürünü çatdırıb. D.Xəlilov qonaqlara universitetin cari fəaliyyəti və gələcək hədəfləri barədə ətraflı məlumat verib.
Görüş zamanı çıxış edən Almaz Həsrət Silahlı Qüvvələr Günündə məhz Qarabağ Universitetini ziyarət etmələrinin rəmzi məna daşıdığını vurğulayıb:
"26 iyun ərazi bütövlüyümüzün keşiyində dayanan qəhrəman ordumuzun günüdür. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimiz bu torpaqlara dönüş yolunu öz qanları ilə açdılar. Biz tarixi ədaləti bərpa edən Müzəffər Ordumuza həmişə borcluyuq. Azad Qarabağın elmi və mədəni intibahının simvolu olan Qarabağ Universitetinə töhfə vermək bizim üçün şərəfdir".
Səfər çərçivəsində məktəbin müəllim kollektivi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə də tanış olublar. Pedaqoqlar qeyd ediblər ki, bir il əvvəlki səfərləri ilə müqayisədə bölgədə infrastruktur sürətlə dirçəlir, şəhər və kəndlər yenidən salınır.
Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyi bu nəhəng quruculuq prosesində hər bir vətəndaşın və həmrəyliyin vacibliyini bildirən Almaz Həsrət, rəhbərlik etdiyi təhsil müəssisəsinin bundan sonra da Qarabağ Universitetinə dəstək layihələrini davam etdirəcəyini vurğulayıb. Kollektiv daha sonra Şuşanı ziyarət edərək şəhidlərin qanı ilə suvarılan müqəddəs məkanları ehtiramla yad edib.


13:49 01.07.2026
Oxunuş sayı: 52