Saxta tarixin uğursuz siyasiləşdirilmə cəhdi
İsrail və Türkiyə arasında münasibətlər XX əsrin ikinci yarısından etibarən strateji əməkdaşlıqdan – xüsusilə hərbi-texniki sahədə sıx tərəfdaşlıqdan – dərin geosiyasi rəqabətə qədər dəyişən dinamikaya malik olub. Bu münasibətlər klassik realpolitik nümunə kimi qiymətləndirilə bilər. Hər iki dövlət milli maraqlarını – təhlükəsizlik, enerji marşrutları və regional təsir imkanlarını – prioritet hesab edərək tərəfdaşlıqlarını və rəqabətlərini məhz bu maraqlar əsasında formalaşdırıb. Bu kontekstdə Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdərək həm İsraillə enerji, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlığını, həm də Türkiyə ilə strateji müttəfiqliyini və “Bir millət, iki dövlət” konsepsiyasını qorumağı bacarıb. Bu yanaşma beynəlxalq münasibətlər nəzəriyyəsində çoxvektorlu balanslaşdırma siyasətinin uğurlu nümunələrindən biridir.
Son aylarda İsrailin İran və Livan istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Türkiyə ilə münasibətlərdə ritorikanın sərtləşməsi və diplomatik gərginliyin artması regional sabitlik baxımından yeni risklər yaradıb. Bu proseslər hərbi vasitələrlə yanaşı informasiya və diplomatik təzyiq elementlərini də ehtiva edir. İsrail hər vəchlə Türkiyəni yaxın şərqdəki “qaynar qazan”a salmaq istəsə də bacara bilmir. İlk cəhdində Türkiyənin xarici işlər naziri Hakan Fidanın nümayiş etdirdiyi diplomatik xətt strateji təmkin və böhranların idarə olunması onu uğursuzluğa düçar etdi. Nəzərə almaq lazımdır ki, Ankara gərginliyin nəzarətdən çıxmaması üçün diplomatik kanalları açıq saxlamağa üstünlük verib.
İsrailin növbəti cəhdi isə qondarma “erməni soyqrımı”nı tanıyaraq regiondakı siyasi vəziyyəti qarışdırmaq oldu. Lakin geosiyasi şəraitdə Ermənistanın xarici siyasətində də ciddi dəyişikliklər müşahidə olunur. Baş nazir Nikol Paşinyan son illərdə ölkəsinin revizionist yanaşmadan uzaqlaşaraq Türkiyə ilə münasibətlərin normallaşdırılması, Azərbaycanla sülh sazişinin imzalanması və regional iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində siyasət yürütdüyünü dəfələrlə bəyan edib.Həmçinin “erməni soyqrımı” məsələsinin tarixçilərdən ibarət komissiya ilə yenidən araşdırılması məsələsi də Ermənistan və Türkiyə tərəfindən razılaşdırılıb. Bu baxımdan, mənşəyi bəlli olmayan tarixi mövzuların yenidən geosiyasi gündəmə gətirilməsi normallaşma prosesinə heç bir əlavə risk yarada və regionu yenidən qarşıdurma mühitinə sürükləyə bilməz. İsrailin bu addımı münaqişənin miqyasını böyütmək cəhdindən başqa bir şey deyil. Lakin bunu sadəcə cəhd də adlandıra bilərik. Çünki belə addımların İsrail üçün uzunmüddətli strateji dividendlər gətirib-gətirməyəcəyi mübahisə mövzusudur. Əksinə, bu, Türkiyə ilə münasibətlərin daha da gərginləşməsinə, müsəlman dünyasında mənfi ictimai rəyin güclənməsinə və regiondakı bəzi tərəfdaşlarla münasibətlərə əlavə həssaslıq gətirə bilər.
Türkiyənin xarici siyasəti isə son illərdə daha çox strateji muxtariyyət və regional təsir imkanlarının genişləndirilməsi prinsiplərinə əsaslanır. Ankara NATO üzvlüyü, Türk Dövlətləri Təşkilatındakı fəallığı, enerji diplomatiyası və nəqliyyat layihələri vasitəsilə regional mövqeyini daha da möhkəmləndirməyə çalışır.
Azərbaycan isə hər iki dövlətlə diplomatik münasibətləri olan tərəf olaraq regionda praqmatik və balanslaşdırılmış xarici siyasət yürüdən əsas aktorlardan biri kimi çıxış edir. Bakı İsraillə enerji və müdafiə sahəsində əməkdaşlığı davam etdirməklə yanaşı, Türkiyə ilə strateji müttəfiqliyini də dəyişməz xarici siyasət prioriteti hesab edir. Bu yanaşma Cənubi Qafqazda sabitliyin qorunmasına, regional əməkdaşlığın genişlənməsinə və yeni geosiyasi təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər. Eyni zamanda, iqtisadi inteqrasiya və nəqliyyat dəhlizlərinin inkişafı region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq yeni münaqişələrin yaranma ehtimalını azalda bilər. İsrailin son addımının rəsmi Bakı tərəfindən cavablanması bir daha Azərbaycanın siyasət masasındakı tərəfsizliyini göstərir. Arada olan diplomatik, iqtisadi və hərbi-müdafiə sahəsindəki əməkdaşlıqlar dövlətimizin əsas siyasi xəttindən daha vacib deyil.
İsrail–Türkiyə münasibətlərində müşahidə olunan son gərginliklər Yaxın Şərq və Cənubi Qafqazın təhlükəsizlik mühitinə birbaşa təsir göstərən amillərdəndir. Lakin tarixi mövzuların geosiyasi alətə çevrilməsi qısamüddətli siyasi dividendlər versə də, uzunmüddətli perspektivdə regional sabitliyə və dövlətlərarası etimada mənfi təsir göstərə bilər. Azərbaycan isə praqmatik multilateralizm siyasəti sayəsində həm Türkiyə, həm də İsraillə əməkdaşlıq münasibətlərini qorumağa çalışaraq regionda balanslaşdırıcı aktor rolunu davam etdirir. Məhz bu siyasət gələcək geosiyasi proseslərdə Azərbaycanın diplomatik çəkisini artıran əsas amillərdən biridir. Nəticə etibarilə İsrailin qondarma “erməni soyqrımı”nı tanıması siyasi müstəvidə heç bir təsirə malik deyil.
Həmçinin İsrail unutmamalıdır ki, Azərbaycanın Türkiyə ilə diplomatik münasibətləri olanda, azərbaycanlılar Çanaqqala savaşında Türkiyəyə dəstəyə gedəndə, Nuru paşa Qafqaz İslam ordusu ilə Bakının azad edilməsinə kömək edəndə hələ İsrail adlı dövlət yox idi. Bu gün hansısa dövlət, hansısa şəkildə müxtəlif saxta, yaxud saxta olmayan tarixi faktları ortaya qoyaraq münaqişə yaradacaqsa belə, o münaqişədə Azərbaycan və Türkiyə hər zaman vahid mövqedən çıxış edəcəklər.
19:00 01.07.2026
Oxunuş sayı: 46