Maliyyə naziri: Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq
İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi, bu istiqamətdə tibbi xidmətlərin əhatəliliyinin artırılması, tibbi xidmətlər zərfinin genişləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2026-2028-ci illər üzrə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur: “Bu da öz növbəsində ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq. Səhiyyə sahəsi üzrə digər məsələ irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasıdır. Hazırda icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyadan keçirilməsi və uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi təmin olunur. Həmçinin bildirmək istərdim ki, dövlət büdcəsinin vəsaiti hesabına uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına cari ildə hesabat ili ilə müqayisədə 6 faiz çox vəsait proqnozlaşdırılıb”, - deyə o qeyd edib.
13:05 30.06.2026
Oxunuş sayı: 41