Rusiya ilə iqtisadi əməkdaşlıq Azərbaycan üçün prioritet deyil
Rusiyada davam edən münaqişə və ölkənin neft sənayesinə vurulan zərbələr Moskvanı alternativ təchizat mənbələri və yeni tərəfdaşlar axtarmağa vadar edir. Bu kontekstdə Rusiyanın müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla neft sahəsində əməkdaşlıq imkanları və yeni əlaqələrin qurulması məsələsi medianın müzakirə mövzusuna çevrilib. Rusiya və Azərbaycan arasında mövcud şəraitdə hər hansı ticari əlaqənin qurulması da suallar doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, Rusiya ilə bu istiqamətdə əməkdaşlıq ölkəmiz üçün prioritet məsələ deyil.
Onun sözlərinə görə, Rusiyanın müxtəlif ölkələrlə əməkdaşlıq etmək və əlaqələr yaratmaq cəhdlərində Azərbaycan istisna olmasa da, rəsmi Bakının iqtisadi maraqları fərqli müstəvidədir: "Bizim üçün bu, bir o qədər də prioritet məsələ deyil. Çünki Azərbaycanın özünün kifayət qədər satış kanalları və geniş ixracat imkanları mövcuddur. Azərbaycan nefti artıq digər ölkələrə satılır və qlobal bazarda öz dayanıqlı yeri var. Azərbaycan regionda təkcə öz resursları ilə deyil, həm də mühüm logistik qovşaq kimi çıxış edir. Hətta mən deyərdim ki, tranzit formasında Azərbaycan digər ölkələrin, o cümlədən Qazaxıstanın neftini də xaricə sata bilir. Bu baxımdan düşünmürəm ki, Rusiya ilə belə bir əməkdaşlıq ölkəmiz üçün iqtisadi və siyasi cəhətdən hansısa müsbət divident gətirmiş olsun”.
E.Kərimli vurğulayıb ki, mövcud geosiyasi və iqtisadi şəraitdə Rusiya ilə neft tərəfdaşlığı ölkəmizə faydadan çox ziyan vura bilər: "Bu əməkdaşlıq daha çox bizim üçün müəyyən çətinliklər yarada bilər. Hesab edirəm ki, bu, bizim üçün prioritet məsələ olmamalıdır, çünki burada ciddi xarici risklərlə rastlaşa bilərik”.
Fatimə Cabbarlı
16:00 24.06.2026
Oxunuş sayı: 63