Çimərlikdə təhlükəsizliyin təmin olunması üçün beş qızıl qayda açıqlanıb
Mavi suların cazibəsi və yayın qızmar istisi hər il minlərlə insanı dəniz sahillərinə səsləyir. İlk baxışdan dəniz sadəcə əyləncə, rahatlıq və hüzur məkanı kimi görünsə də, reallıqda o, qaydalara tabe olmağı tələb edən amansız bir təbiət hadisəsidir. Çimərlik istirahətini unudulmaz xatirəyə və ya geri dönüşü olmayan bir faciəyə çevirmək arasındakı xətt isə olduqca nazikdir: təhlükəsizlik qaydalarına göstərilən məsuliyyət. Dəniz dalğalarının arxasında gizlənən riskləri görmək, suyun həm dost, həm də təhlükəli bir qüvvə olduğunu dərk etmək hər bir fərdin üzərinə düşən ən ali məsuliyyətdir. İstirahəti qorxu və bədbəxt hadisələrdən sığortalamaq, şüurlu seçim etməkdən və suyun dilini düzgün anlamaqdan keçir.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev çimərlik mövsümündə təhlükəsizlik tədbirləri ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, çimərlikdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Çimərliyə gedəcəyiniz gün, birinci növbədə, hava şəraitinə diqqət yetirməlisiniz, yəni əlverişsiz havada çimərliyə getmək olmaz. Çimərlikdə təhlükəsizliklə bağlı beş qızıl qayda var və bunlara ciddi şəkildə əməl olunmalıdır. Təbii ki, bu qaydalara riayət edilərsə, çimərlikdə hər hansı bir təhlükənin, istirahət zamanı bədbəxt hadisənin baş vermə riski demək olar ki, tamamilə önlənmiş olar. Birincisi, əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. İkincisi, üzmə sərhədlərini müəyyənləşdirən nişan xətlərini keçmək olmaz. Üçüncüsü, spirtli içkinin təsiri altında suya girməmək lazımdır və buna ciddi diqqət yetirilməlidir. Dördüncüsü, nəzarətsiz, yəni xilasetmə xidməti olmayan çimərliklərdən uzaq durmaq lazımdır. Beşincisi isə, uşaqları çimərlikdə əsla nəzarətsiz qoymamaqdır. Bu qaydalar çimərlikdə təhlükəsizliyin təmin olunması üçün əsas sayılan vacib şərtlərdir".
O bildirib ki, küləyin sürəti saniyədə 10-12 metri keçərsə, birmənalı olaraq çimərliyə getməmək lazımdır: "Belə havada suya girmək təhlükəsizlik baxımından qətiyyən məqsədəuyğun deyil. Eynilə, günün qaranlıq saatlarında suya girmək, suda saatlarla vaxt keçirmək də doğru yanaşma deyil. Hər hansı bir dəmir, daş konstruksiyaların və ya qayaların üzərinə çıxıb suya baş vurmaq təhlükəsizlik baxımından çox risklidir. Suda lüzumsuz hərəkətlərə yol vermək, çimərliyi "kim daha uzağa üzə bilər" deyə yarış meydanına çevirmək də düzgün deyil. Mütləq müəyyənləşdirilmiş üzmə sərhədləri daxilində və sahilə paralel üzmək lazımdır. Yoxsa sahil xəttini, üzmə sərhədlərini dəfələrlə keçib dərin məsafələrə getmək və saatlarla suda qalmaq, əlbəttə ki, təhlükəsizlik baxımından yolverilməzdir və bədbəxt hadisə riskini qaçılmaz edir".
O, həmçinin nəzarətsiz çimərliklər barədə də danışıb: "Çimərlik mövsümü başlamazdan qabaq aidiyyəti müvafiq qurumlar çimərlik sahələrinə baxış keçirir. Burada suyun dibinin akvatoriyasından tutmuş sualtı yarğanların, sualtı axınların olub-olmaması yoxlanılır. Daha sonra çimərliyin istifadəyə əlverişli olub-olmaması, suyun fiziki, kimyəvi, bioloji və bakterioloji göstəriciləri müayinə edilir və yalnız bundan sonra həmin çimərliklərin fəaliyyətinə icazə verilir. Yəni rəsmi qurumlar tərəfindən fəaliyyətinə icazə verilən çimərliklər tam yoxlanılmış ərazilərdir; orada həm suyun tərkibi normaldır və insanların sağlamlığı üçün zərərli deyil, həm də suyun dibi təhlükəsizdir".
Ekspert bu məsələdə dövlət qurumlarının da xüsusi diqqət və qayğısının olduğu və vətəndaş təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunduğunu vurğulayıb: "Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən hər il boğulma təhlükəsi ilə üzləşən yüzlərlə şəxs xilas edilərək həyata qaytarılır. Onların nəzarət etdiyi rəsmi çimərliklərdə, demək olar ki, bir nəfər də olsun boğulma halı qeydə alınmır. İndi görün, həmin çimərliklərdə çimmək nə qədər təhlükəsizdir! İnsanlar məhz buna görə rəsmi çimərliklərə üstünlük verməlidirlər. Çünki həmin yerlər daha təhlükəsiz və istirahət üçün məqsədəuyğundur. Uşaqları da çimərlikdə əsla nəzarətsiz buraxmaq olmaz. Onlar daim valideyn nəzarətində olmalıdırlar. Bir də görürsən ki, valideynin başı əyləncəyə, yemək-içməyə və ya digər məsələlərə qarışır, uşaq isə diqqətdən yayınır; hadisə baş verəndə isə artıq gec olur. Ona görə də çimərliklərdə uşaqları diqqətdən kənarda qoymaq olmaz. Ümumiyyətlə, sularda boğulma təhlükəsinə qarşı bütün dünyada mübarizə aparılır. Hər il dünya üzrə 400 minə yaxın insan sularda boğularaq həyatını itirir. Bu bədbəxt hadisələrin 95%-dən çoxu məhz nəzarətsiz çimərliklərin, 70%-dən çoxu isə əlverişsiz hava şəraitinin payına düşür. Bu statistik rəqəmlər bir daha sübut edir ki, nəzarətsiz çimərliklər olduqca təhlükəlidir, xidmət fəaliyyəti göstərən nəzarətli çimərliklər isə tamamilə təhlükəsizdir".
Turqut Ansari
12:30 23.06.2026
Oxunuş sayı: 49