Həkim olmaq istəyənlərə MÜHÜM XƏBƏR – ixtisas seçimi başladı
İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.
Bu barədə Crossmedia.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı "Abituriyent" jurnalının 4 saylı buraxılışında verilib.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Müsabiqə şərtləri barədə və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası ilə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.
Subbakalavrların müsabiqədə iştirakı
Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
İxtisasların uyğunluğu "Abituriyent" jurnalının "2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı" adlı xüsusi buraxılışında təqdim olunan "Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli"ndə verilib.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edək ki,müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.
Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları (Bakı şəhəri və DİM-in regional bölmələri üzrə)
Rayon Təhsil Sektorları və məktəblərdə fəaliyyət göstərən Səyyar Məsləhət Mərkəzləri
12:19
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.
Bu barədə Crossmedia.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 12-dən 16-dək https://www.e-gov.az/az/services/read/3149/2 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Nəzərinizə çatdırırıq ki, "Rezidentura" jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları da təqdim edirik.
Avqustun 9-da keçirilən imtahanda iştirak edən 991 namizəddən 827 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
15:19 12.08.2026
Oxunuş sayı: 267