Rusiya-Ermənistan münasibətlərində "tektonik sürüşmə": Münasibətlər hara qədər gərginləşəcək?
Rusiya-Ermənistan münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik dalğası, sadəcə görünən bəhanələr üzərindən deyil, postsovet məkanındakı dərin "tektonik sürüşmələr" kontekstində oxunmalıdır. Gümrüdəki memorial ətrafında yaşanan diplomatik böhran və Rusiyanın etiraz notası, reallıqda aysberqin yalnız görünən tərəfidir. Bu hadisə iki müttəfiq arasındakı lokal bir anlaşılmazlıq deyil, İrəvanın Qərbə doğru diversifikasiya olunan yeni xarici siyasət xətti ilə Moskvanın regiondakı ənənəvi təsir rıçaqlarını qorumaq instinktinin toqquşmasıdır. İqtisadi sanksiyalardan tutmuş diplomatik xəbərdarlıqlara qədər işə salınan mexanizmlər sübut edir ki, tərəflər artıq köhnə status-kvonun şərtlərini deyil, yeni və daha mürəkkəb bir asılılıq modelinin sərhədlərini sınaqdan keçirirlər.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətilərin Təhlili Mərkəzinin eksperti Fuad Abdullayev Crossmedia.az-a açıqlama verib.
"Rusiya Xarici İşlər Nazirliyinin etiraz notasını yalnız memorialın təşkil edilməsi faktı ilə izah etmək doğru olmazdı. Məsələyə daha geniş siyasi kontekstdə baxmaq lazımdır. Belə ki, son aylarda Rusiya rəsmilərinin Ermənistanla bağlı açıqlamaları, xüsusilə İrəvanın qərbpərəst müxalif siyasət kursuna yönəlmiş tənqidləri, ölkədə seçkiönfəsi və seçkilərdən sonrakı dövrdə müşahidə olunan ritorika və ictimai-siyasi proseslər bunu sübut edir. Eyni zamanda Rusiyanın son aylarda Ermənistandan idxal olunan bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarına məhdudiyyətlər tətbiq etməsi, gömrük və fitosanitar nəzarətini sərtləşdirməsi Mosvanın İrəvana mesaj vermək üçün iqtisadi rıçaqlardan istifadə etdiyini göstərir. Bu baxımdan, etiraz notasını Rusiyanın daha dərin siyasi narazılıqlarının ifadəsi və Ermənistanın mövcud siyasi kursuna qarşı diplomatik təzyiq vasitələrindən biri kimi qiymətləndirmək olar".
Ekspert onu da qeyd edib ki, bu etiraz notası iki ölkə arasındakı narazılıqların təzahürüdür: "Digər tərəfdən, hesab etmirəm ki, bu etiraz notası Rusiya-Ermənistan münasibətlərində gələcək kəskin gərginliyin əsas amilidir. Bu nota daha çox mövcud narazılıqların və fikir ayrılıqlarının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Münasibətlərin daha da kəskinləşməsi isə memorial ətrafında baş verən hadisələrdən deyil, Ermənistanın xarici siyasət kursunun gələcək istiqamətindən asılı olacaq. Əgər Ermənistan hakimiyyəti Qərblə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və hərbi əməkdaşlığı daha da dərinləşdirər, avro-atlantik strukturlarla inteqrasiyanı sürətləndirərsə, Moskvanın buna əlavə siyasi, iqtisadi və diplomatik təzyiq vasitələri ilə cavab verməsi mümkündür. Bu halda Rusiya-Ermənistan münasibətlərində gərginliyin daha da artması ehtimalı yüksəkdir. Buna görə də etiraz notasını münasibətləri kəskinləşdirən səbəb kimi deyil, tərəflər arasında artıq mövcud olan gərginliyin növbəti təzahürü kimi görmək olar. O ki qaldı Rusiyanın Ermənistandakı dominantlığı məsələsinə, bununla bağlı qəti fikir bildirmək hələ ki tezdir. Belə ki, Moskva hələ də Ermənistanın enerji sistemi, iqtisadiyyatı, nəqliyyat infrastrukturu və müəyyən təhlükəsizlik mexanizmləri üzərində təsir imkanlarını qoruyub saxlayır. Lakin əvvəlki dövrlərlə müqayisədə Rusiyanın siyasi və ideoloji nüfuzunun zəiflədiyi də aydın şəkildə görünür. Ermənistan hakimiyyətinin Avropa İttifaqı və Vaşinqtonla münasibətləri dərinləşdirməsi, təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar axtarması və cəmiyyət daxilində Rusiyaya münasibətin dəyişməsi Moskvanın ənənəvi təsir modelini, təbii ki, sarsıdıb. Bu səbəbdən, Rusiyanın Ermənistanda dominantlığını tam itirdiyini deyil, təsir imkanlarının nisbi şəkildə zəiflədiyini söyləmək daha doğru olar".
F.Abdullayev rəsmi Moskvanın mövqeyinə də diqqət çəkib: "Moskva artıq öz mövqeyini dəyişməz reallıq kimi qəbul edə bilmir və buna görə də diplomatik bəyanatlar, iqtisadi rıçaqlar və ictimai-siyasi təsir mexanizmləri vasitəsilə mövqelərini qorumağa çalışır. Gümrü şəhərindəki memorialla bağlı etiraz notası da məhz bu daha geniş geosiyasi və siyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilməlidir".
Turqut Ansari
15:50 22.06.2026
Oxunuş sayı: 45