Azərbaycan Ermənistana qaz satacaq? - Anlaşma əldə olunur
Ermənistanın qaz təchizatında Rusiyadan asılılığın azaldılması və alternativ mənbələrin axtarışı son dövrlərdə ölkənin enerji gündəmində əsas məsələlərdən birinə çevrilib. Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyanın açıqlamasına görə, gələcəkdə TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək qaz kəməri ölkə üçün yeni qaz mənbələrindən birinə çevrilə bilər. Eyni zamanda İrandan qaz tədarükünün artırılması, hətta Azərbaycandan Ermənistana birbaşa qaz tədarükü imkanının da müzakirə olunduğu bildirilir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu baş verərsə, Ermənistan üçün enerji təhlükəsizliyi yaxşılaşacaq:
“Həmçinin belə bir nəql Azərbaycan üçün də yeni və əlverişli bazardır. Çünki yaxın ərazi olması və əlavə bir ölkədən keçmədən birbaşa Azərbaycan ərazisindən Ermənistana qaz satılacaq. Yəni hər iki ölkə üçün faydalı ola bilər. TRİP layihəsi üzrə Ermənistandan qaz keçməsi, təbii ki, Ermənistan üçün tranzit gəliri əldə edəcək. Söhbət 42 kilometr məsafədən gedir, yəni böyük deyil. Amma qazanc əldə edə bilər. O şərtlə ki, həmin ərazidən böyük boru xətləri keçsin. Təkcə Azərbaycanın qazı yox, Türkmənistanın, Qazaxıstanın qazı da ixrac olunsun. Hə, onda böyük həcmdə tranzit olsa, qazana bilər”.
İqtisadçı qeyd edib ki, bunun müsbət təsirləri var:
“Azərbaycan üçün də maraqlıdır ki, Ermənistan üzərindən Türkiyəyə, Şərqə, Yaxın Şərqə qaz çıxara biləcək. Ermənistana da maraqlıdır ki, yeni qaz alış mənbələri formalaşır. Azərbaycana son dərəcə maraqlı olar ki, Mərkəzi Asiya qazı Azərbaycanın üzərindən TRİP-dən keçməklə Avropa bazarına çıxsın. Bu baş tutsa, hamı üçün faydalı olacaq. Azərbaycan Naxçıvana da əsas elektrik enerjisini, qazı öz ərazisindən verə biləcək. Yəni indi bu, bahalı prosesdir. Türkiyədən, İran üzərindən keçiririk ki, bir az xərcimiz olur. Orada komissiya tutulur. Yəni bizim özümüz üçün də çox faydalıdır. Üstəlik, oradan biz də tranzit gəlir əldə edəcəyik”.
Xalid Kərimli vurğulayıb ki, TRİP layihəsinin əsas məqsədi də məhz bu idi:
“Layihə təkcə yolun açılması deyil, dəmir yolu xəttinin, quru yolu xəttinin və enerji koridorunun – elektrik enerjisi xətlərinin, qaz xəttinin çəkilməsidir. TRİP marşrutu zatən bunu özündə əks etdirib”.
Məhəbbət Tərlanoğlu
20:50 11.08.2026
Oxunuş sayı: 49