Dünya bazarında qiymətlər ucuzlaşır?
Dünya enerji bazarlarının diqqəti ABŞ və İran arasında imzalanması gözlənilən yeni neft nəqli üzrə rəsmi sülh müqaviləsinə yönəlib. Qlobal neft axınının strateji arteriyası hesab olunan Hörmüz boğazının gəmiçilik üçün yenidən tam bərpa edilməsini və sanksiyaların yumşaldılmasını nəzərdə tutan bu addım artıq birjalarda öz təsirini göstərməyə başlayıb. Beynəlxalq ekspertlər və iqtisadçılar bu tarixi anlaşmanın gerçəkləşəcəyi təqdirdə, yaxın gələcəkdə dünya enerji xəritəsində, tədarük zəncirində və qiymət siyasətində köklü, strateji dəyişikliklərin qaçılmaz olacağını proqnozlaşdırırlar.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı - ekspert, Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, bu razılaşma reallaşarsa, neft bazarında həm dərhal, həm də struktur xarakterli təsirlər gözlənilir: “Qısamüddətli təsir ilk növbədə qiymətlərin aşağı düşməsi istiqamətində özünü büruzə verəcək. Çünki müqavilə Hörmüz boğazının maneəsiz gəmiçilik üçün açılmasını və ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasının ləğvini nəzərdə tutur. "Rystad Energy"nin də qeyd etdiyi kimi, əgər razılaşma tətbiq olunarsa, bu addımlar son illərdə qlobal enerji axınlarında ən əhəmiyyətli dəyişikliklərdən biri ola bilər. Hörmüz boğazından gündəlik dünya neftinin böyük hissəsi keçdiyi üçün, buranın sərbəst açılması qlobal riskləri aradan qaldırır. Bu isə adətən qiymətlərə təsir edən geopolitik risk mükafatının əriməsinə və qiymətlərin enməsinə səbəb olur”.
Ekspert qeyd edib ki, prosesin orta müddətli dövrdə də ciddi iqtisadi nəticələri olacaq: “Orta müddətdə isə İran neftinin bazara qayıtması əlavə təklif yaradacaq. Razılaşma qüvvəyə mindikdən sonra ABŞ və BMT sanksiyaları əvvəlcədən razılaşdırılmış qrafik üzrə ləğv ediləcək, Vaşinqton isə İran neftinə qarşı məhdudiyyətləri yumşaldaraq Tehranın ixracatını bərpa etməsinə şərait yaradacaq. Bu isə öz növbəsində OPEC+ çərçivəsindəki tələb-təklif balansına əlavə təzyiq göstərə bilər”.
Lakin iqtisadçı sazişin sabitləşdirici effektinin hələ tam zəmanətli olmadığını da vurğulayıb: “Sənəd siyasi cəhətdən olduqca kövrək qalmaqdadır. Əsas regional oyunçular kəskin fərqli mövqelər nümayiş etdirir, həmçinin icra ardıcıllığı və monitorinq mexanizmləri ətrafında müəyyən qeyri-müəyyənlik mövcuddur. Bu səbəbdən bazarlar tam sakitləşmədən öncə rəsmi imza mərasimini və ilk praktiki addımları gözləyəcək. Hər hansı bir gecikmə və ya tərəflərdən birinin geri çəkilməsi neft qiymətlərinə yenidən yuxarı doğru təzyiq göstərə bilər”.
Ayxan İbişov
19:00 17.06.2026
Oxunuş sayı: 55