Regional İntellekt Liqasının final mərhələsi uğurla başa çatdı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Regional İntellekt Liqası layihəsinin final mərhələsi 2026-cı ilin Gənclər Paytaxtı olan Goranboy şəhərində uğurla başa çatmışdır.
Layihənin əsas məqsədi regionlarda intellektual hərəkatın inkişafına töhfə vermək, gənclərin asudə vaxtının səmərəli təşkilini təşviq etmək, onların bilik və bacarıqlarının artırılmasına dəstək olmaq, eyni zamanda müxtəlif bölgələrdən olan gəncləri vahid intellektual platformada bir araya gətirmək olmuşdur.
Üç ay davam edən liqa çərçivəsində ölkənin 10 regional mərkəzində keçirilən seçim mərhələlərində 60-dan çox komanda iştirak etmiş, yüzlərlə gənc final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdır. Seçim turlarının nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 10 komanda final mərhələsində iştirak etmək hüququ əldə etmişdir.
Goranboy şəhərində keçirilən final oyunu intellektual yarışların ən populyar formatlarından biri olan “Nə? Harada? Nə zaman?” oyunu əsasında təşkil edilmişdir. Yüksək rəqabət şəraitində keçən yarış iştirakçıların məntiqi düşünmə, komanda işi, analitik yanaşma və operativ qərarvermə bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmışdır. Gərgin və maraqlı mübarizənin yekununda Mingəçevirin Lego komandası I yer, Naxçıvanın Turangheta komandası II yer və Oğuzun Rəvan Oğuz komandası isə III yerə layiq görülmüşdür. Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif edilmişdir.
Regional İntellekt Liqası region gənclərinin intellektual potensialının üzə çıxarılması, gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılması və ölkədə intellektual oyunlar hərəkatının daha da genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində yaradılmış əməkdaşlıq və iştirakçı şəbəkəsinin gələcəkdə də regionlarda intellektual fəaliyyətlərin inkişafına töhfə verməsi nəzərdə tutulur.
Mətbuat xidməti
Regional İntellekt Liqası
2026-cı il, Goranboy şəhəri.
19:11 15.06.2026
Oxunuş sayı: 42