Bu il bürcləri nə gözləyir? - Astroloqla müsahibə
Astrologiya son illərin ən populyar sahələrindəndir. Bəziləri planetlərin iradəsinə inanmasa da, fərqli düşnünlər, hətta gündəlik planlarını astroloji qanunauyğunluqla uzlaşdıranlar heç də az deyil. İnsanlar nəinki həvəskar, həm də bəzən peşəkar formada astrologiya ilə maraqlanırlar. Bəs əslində astrologiya nədir? Ulduzlara inananlar yanılmırlar ki?

Astroloq Fidan Ələsgərova bu və digər suallar barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Astrologiyada hansı planetlərin təsiri daha önəmlidir?
- Astrologiyada işıqlar Günəş və Aydır. Digər planetlər isə xarici planetlərdir. Hər bir planet bizim həyatımızda mühüm səviyyədə təsir yarada biləcək gücə sahibdir. Yəni həyatımızda Günəşin, Ayın güclü təsiri qədər Merkuri, Venera, Yupiter, Saturnun da təsirləri önəmli yer tutur. Nəsil planetləri isə Uran, Neptun və Plutondur.
- Zodiak əlamətləri arasında sizin fikrinizcə, ən təsirli olan hansıdır?
- Astrologiyada biz bürcləri təsirli və təsirsiz olaraq dəyərləndirə bilmərik. Çünki hər bir bürcün özünə məxsus bir funksiyası var. Bir bürcdə olan xüsusiyyətin digərində olmaması onu təsirsiz etmir. Ağıl və zəka dedikdə ağlımıza gələn bürclər Əkizlər və Qızdır. Çünki onlar ağıl,ünsiyyət,zəka planeti olan Merkuri tərəfindən idarə olunur. Sevgi və pul dedikdə ağlımıza gələn Buğa və Tərəzidir. Çünki onlar pul,maddi dəyərlər,sevgi,eşq planeti olan Venera tərəfindən idarə olunur. Eqo dedikdə ağlımıza Şir gəlir. Çünki eqo,mənlik “planet”i olan Günəş tərəfindən idarə olunur. Duyğular,ev,aid hiss etmək Xərçənglə bağlıdır. Çünki Ay tərəfindən idarə olunur. Güc,hərəkət,mübarizə Qoç,Əqrəblə bağlıdır. İdarəçisi hərəkət,mübarizə planeti olan Mars tərəfindən idarə olunur. Sabitlik, struktur Oğlaqla bağlıdır. İdarəçisi Saturndur. Yenilik, fərqlilik, yeni struktur Dolça ilə bağlıdır. İki idarəçisi var Uran-yenilik,fərqliliyi ifadə edir və Saturn- yeni struktur deməkdir. Din, mənəviyyat, fəlsəfə, səyahət, müdriklik Oxatan və Balıq bürcləriylə bağlıdır. Çünki onlar “böyük xeyirxah” kimi tanınan Yupiter tərəfindən idarə olunurlar. Balıq bürcü eyni zamanda Neptun tərəfindən idarə olunur. Çünki xəyallarımız, intuisiyamız bu bürc və planetlə əlaqəlidir. Köklü dəyişim, transformasiya isə Əqrəblə bağlıdır. İdarəçisi isə bu mövzuları ifadə edən Pluton tərəfindən idarə olunur. Yəni qeyd etdiyim kimi,hər bir bürcün və planetin bizim həyatımızda özünə məxsus xüsusiyyəti var.
- İnsanların doğum xəritəsi necə hazırlanır və onun nə önəmi var?
- Doğum xəritəsinin hazırlanması üç əsas detala bağlıdır. Doğum tarixi, doğulduğu saat, doğulduğu şəhər. Doğum xəritəsi barmaq izi kimidir. Hər şəxs üçün fərdidir. Eyni gündə, eyni anda doğulmuş insanların belə doğum xəritəsində ciddi fərqlər görə bilərik. Doğum xəritəsinin həyatımızda önəmi əsasən özünü kəşf etmək,özünü tanımaq, kölgə tərəflərini bilməkdir. Bəzən özümüzün də fərqində olmadığımız bacarıqlarımız,istedadlarımız olur ki,bunu doğum xəritəsi vasitəsilə fərqindəliyini yaşaya bilərik.
- Astrologiya ilə psixologiya arasındakı əlaqələr haqqında nə düşünürsünüz?
- Astrologiya və psixologiya özünüdərk və şəxsi inkişaf üçün istifadə olunan vasitələrdir deyə bilərik. Astrologiyanın bir qolu da Astropsixologiyadır. Bunun vasitəsilə biz həm də planetlərin insanların həyatındakı psixoloji tərəflərini də nəzərə alırıq. Astrologiya simvolların dilidir. Analitik psixologiyanın qurucusu Carl Gustav Jung şəxsi məqalələrində “Astrologiya qədim dövrün bütün psixoloji biliklərinin cümləşməsini təmsil edir” qeyd etmişdir.
- Müasir dövrdə astrologiyanın populyarlığı niyə artır?
- Astrologiyanın populyarlığı hər zaman var idi. Sadəcə hər kəs üçün əlçatan deyildi. Çünki Astrologiya qədimdə elit təbəqənin, kahinlərin və saraylarda yaşayan insanların istifadə etdiyi bir bilik vasitəsi idi. Hökmdarlar, krallar, padşahlar müharibə vaxtını, evlilikləri, tacqoyma mərasimlərini, səfərləri astroloqları vasitəsilə müəyyənləşdirirdilər. Hazırda da bir çox dövlət başçıları tərəfindən aktiv şəkildə istifadə olunur.Müasir dövrdə astrologiyaya marağın artmasının başlıca səbəblərindən biri insanlar üçün əlçatan bir səviyyəyə çatmasıdır. Burada təbii ki,sosial şəbəkələrin yardımı daha çox üstünlük təşkil edir.
- Ümumiyyətlə, bu sahəni elm kimi qəbul etmək olarmı?
- Astrologiyanı biz dəqiq elm kimi yox mənəvi və insani elm kimi qəbul edə bilərik
- Gündəlik proqnozlar nəyə əsasən hesablanır? İnsanlar bu proqnozlara uyğun hərəkət etməklə nə qədər qazanclı çıxarlar?
- Gündəlik proqnozlar əsasən Ayın və digər planetlərin gün ərzində yaratdığı tranzitlərə(kontaktlara)əsasən proqnozlaşdırılır. Ayın burada daha önəmli olmasının səbəbi isə Ay daha sürətli hərəkət edir,digər planetlər isə Aya nisbətən daha uzun müddət eyni bürcdə qalırlar. Buna görə Ayın tranzitləri bizim gün ərzində emosional olaraq yaşadığımız durumlara daha yüksək səviyyədə təsir yaradır. Astroloqlar gündəlik proqnozları o gün ərzindəki planetlərin hərəkətinə əsasən edirlər. Hər şəxsin fərdi doğum xəritəsi olduğu üçün hər kəsə eyni səviyyədə təsir yarada bilməz. Yəni birinin doğum xəritəsinə görə o gün yeni bir münasibətə başlamaq olaraq görülə bilər,başqasında isə ayrılıq yaşadığı gün kimi. Gündəlik proqnozlarda diqqətli olmalı olduğumuz mövzular əsasən Ayın nə zaman boşluqda olub olmayacağına bilməyimizdir. Boşluqda Ay-hər hansı planetlə kontakt qurmadığı anlamına gəlir. Bu zaman dilimində biz yeni bir işə başlamağı məsləhət görmürük,onun əvəzinə əvvəlcədən başlamış olduğumuz yarım qalan işlər varsa onları tamamlamaq daha məqsədə uyğun kimi görürük.
- Bu ay və bu il bürcləri gözləyir? Təxmini proqnozlarını öyrənə bilərik?
- İlin ikinci yarısından etibarən Yupiterin Şir bürcünə keçməsi ilə Əkizlər, Şir, Tərəzi, Oxatan bürcləri üçün uğurlu dönəm başlayacaq. Şanslarının daha açıq olduğu bir zaman olacaq. Qoçlar üçün də şanslı bir dönəmdir. Lakin mart ayında doğulmuş Qoçlar üçün bəzi sınaqlar mümkündür. Karma planeti Saturn Qoç bürcündə tranzitdədir hazırda. Eyni zamanda iyun ayında doğulan Xərçənglər, sentyabr ayında doğulan Tərəzilər, dekabr ayında doğulan Oğlaqlar üçün il ərzində çətinliklər mümkündür. Qarşıdakı bir il - il yarım ərzində Qoçların həyatında öz kimlikləri ilə bağlı sorğulama,özünü dəyərləndirmə, eyni zamanda münasibətlərdə yeniliklər mümkün olacaq. Subaylar üçün yeni eşq,evlilər üçün övlad xəbəri eşidə bilərik. Sağlamlıqlarına diqqət yetirməkləri vacibdir. Stressdən dolayı çox arıqlamaq mümkündür. Qidalanmalarına, yetəri qədər vitamin qəbul etduklərindən əmin olsunlar. Buğaların həyatında ailəvi mövzular gündəm yarada bilər. Qarşıdakı 18 aylıq dönəmdə iş, ev dəyişikliyi mümkündür. Karyerada yüksəliş, karyera vasitəsilə xarici ölkəyə köçmək gündəmlərini də qeyd edə bilərik bura. Əkizlərin həyatında səyahətlər, təhsil, yaxın çevrələri ilə olan münasibətlər önəmli rolda olacaq. Xərçənglərin həyatında qazancları,borcları,maddi olaraq özünü dəyərləndirmək mümkün olacaq. Həqiqətən zəhmətinin qarşılığını yetəri qədər alırmı bunu dəyərləndirəcəklər. Xüsusən böyük məbləğdə alışlar üçün (ev,maşın) kredit durumları yaşana bilər. Şirlər üçün həm şanslı,həm də sınaq dönəmidir deyə bilərik. İlin ikinci yarısından tutulmalar Şir və Dolça bürclərində olacağı üçün ən əsası Şirlər sağlamlığını diqqət yetirməlidir. Xarici görünüşləri,şəxsi münasibətlərini dəyərləndirmə zamanıdır. Qızlar üçün yeni iş gündəmləri mümkündür. Eyni zamanda psixologiyaya maraqları arta bilər. Çalışdıqları sahədən fərqli bir sahəyə yönələ bilərlər. Yeni biliklər əldə edəcəkləri bir zaman olacaq. Tərəzilər üçün isə ortaqlıqlarında mübahisə durumları yaşana bilər. Səbirli olmalı olduqları zamandır. Yeni hobbilərə maraq,gələcəklə bağlı planlar qurula bilər. Övlad sahibi ola bilərlər. Əqrəblər üçün karyera gündəmləri mümkün olacaq. Zəhmətlərinin qarşılığını alacaqlar. Ev dəyişdirmək,köçmək də mümkün olacaq. Baş ağrıları, sümük ağrıları, diş, dəri problemləri arta bilər. Sağlam rutinlər yaratmaq vacibdir. Oxatanlar üçün şanslı bir zamandır. Səyahətsevər Oxatanlar yeni səyahətlərə açıq olsunlar. Həm təhsil,həm mənəvi olaraq özünü inkişaf etdirmək mümkün olacaq. Subay Oxatanlar üçün gözlənilmədən sevgi qapılarını döyə bilər. Oğlaqlar üçün ev həyatında struktur yaratmaq önəmli olacaq. Həyatını nizam-intizamlı yaşayan Oğlaqlar bu dönəmdə ortaqlıqlardan qazanc əldə edə bilərlər,lakin ehtiyacları olmayan alış-verişlərdən,borclardan,kreditlərdən qaçınmalıdırlar. Dolçalar yeni münasibətlər qura bilər,sağlam olmayan münasibətlərini bitirə bilərlər. Geniş dost çevrəsindən uzaqlaşıb daha az insanla dostluq etməyə üstünlük verə bilərlər. Bacı-qardaş münasibətlərində diqqətli olmaqları vacibdir. Son üç ili çətin keçmiş balıqlar üçün rahatlama dönəmidir. Emosiyalara qapılıb alış-veriş etməkdən qaçınmaqları lazım olacaq. Bu mövzuda dərs də ala bilərlər hətta. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bunların hər biri ümumi analizdir. Daha detallı məlumatlar üçün doğum xəritəsinə baxmağımız mütləq şəkildə vacibdir. Bu ay üçün Qoçlar yeni xəbərlər eşidə bilər, sosiallaşa bilərlər.İmtahanlar vermək, uğurlu nəticələr əldə etmək mümkündür. Buğalar üçün maddi qazanclar ön planda olacaq. Əlavə gəlir qaynağı üçün yeni işlərə müraciət edə bilərlər. Borclar varsa onları ödəyib tamamlamaq mümkün olacaq. Əkizlər üçün daha parlaq bir enerjidə olmaq mümkündür. Stilini dəyişdirmək,xoş tanışlıqlar mümkündür. Yeni münasibətlər yarana bilər. Xərçənglər biraz geri çəkilib nə etdiklərinə,nə istədiklərinə baxacaqlar.Meditativ üsullar onları daha rahat hiss etməklərinə səbəb olacaq. Şirlər üçün yeni mühitlərə daxil olmaq onları daha rahat hiss etdirəcək. Həyatlarına dost olaraq yeni insanlar daxil ola bilər. Fayda verməyən bir münasibəti sonlandıra bilərlər. Qızlar üçün karyerada uğurlu dönəmdir. İşsizlər yeni iş tapa bilər,işi olanlar karyerada yüksəliş yaşaya bilərlər. Ev almaq, başqa evə köçmək qərarları da gündəmlərində olacaq. Tərəzilər səyahət planları qura bilər, hüquqi olaraq çətinlik yaşayanlar varsa dəstək görə bilərlər. Ay ərzində sözlərinizə diqqət yetirmək önəmli olacaq. Əqrəblər üçün borclar, kreditlər gündəmdədir. Əlavə xərclər yarana bilər. Diqqətli olmaq vacibdir. Ödənməmiş borclarınız varsa ay ərzində ödəmək imkanları yarana bilər. Oxatanlar üçün sevgi, ortaqlıqlar, qarşılıqlı əlaqələr gündəmdə olacaq. Xarici görünüşlərində edəcəkləri dəyişikliklər onları daha xoşbəxt edə bilər. Oğlaqlar üçün gündəlik vərdişlərində dəyişiklik etmək daha yaxşı olacaq. Yeni iş gündəmləri mümkündür. Sağlamlıqlarına diqqət yetirməkləri də vacibdir bu dönəmdə. Məşğuliyyətləri artacağı üçün yorğunluq yarana bilər. Dolçalar idmana başlaya bilərlər. Yeni hobbilər gündəmdə olacaq. Yeni insanlarla tanışlıqlar,uşaq mövzuları da gündəmlərindədir.
Balıqlar üçün ev, ailə, yuva, aid hiss etmək duyğusu ön planda olacaq. Yaşadığı yeri dəyərləndirmək, ailəylə vaxt keçirmək mümkündür. Lakin mübahisələrdə diqqətli olmaq vacibdir.
20:01 22.05.2026
Oxunuş sayı: 100