Ürək döyüntüsü həm də psixoloji faktorlarla bağlıdır - Mütəxəssis danışdı
Bəzən heç bir səbəb olmadan, sakit bir mühitdə oturduğumuz anda belə ürək döyüntülərinin sürətləndiyini hiss edirik. Bəzən bu hal mühüm bir çıxış zamanı, imtahan cavablarını gözləyərkən və ya gərgin bir hadisənin içində baş verir. İnsan orqanizminin stressə verdiyi bu təbii reaksiya çox vaxt keçici olur və adi sayılır. Lakin elə vəziyyətlər də var ki, uzun müddət içimizdə saxladığımız, ifadə edə bilmədiyimiz gərginlik və emosiyalar zamanla yığılaraq daha ciddi psixoloji reaksiyalara yol açır. Nəticədə isə bu hal panik atak kimi özünü göstərə bilir. Bu cür anlar təkcə fiziki deyil, həm də psixoloji tarazlığın nə qədər həssas olduğunu bir daha xatırladır.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov demək olar, 100 nəfərdən 90-da rast gəlinən bu vəziyyətin psixoloji tərəflərini Crossmedia.az-a açıqlamasında bildirib: "Tez-tez artan ürəkdöyüntüsü bir çox hallarda yalnız fiziki deyil, həm də psixoloji faktorlarla əlaqəli olur. İnsan orqanizmi təhlükə, gərginlik və ya emosional təzyiq hiss etdikdə beyin bunu risk siqnalı kimi qəbul edir və bədən müdafiə mexanizmini işə salır. Bu zaman sinir sistemi aktivləşir, adrenalin hormonu artır. Nəticədə ürək daha sürətli döyünməyə başlayır. Xüsusilə son dövrlərdə yüksək stress, qeyri-müəyyənlik, informasiya yüklənməsi və emosional gərginlik insanların ürək ritminə ciddi təsir göstərir. Həyəcan və stress zamanı insanın nəfəs alması dəyişir, əzələlər gərginləşir, qan dövranı sürətlənir. Beyin orqanizmə “hazır ol” siqnalı verir. Bu isə ürək ritminin artmasına səbəb olur. Bəzən insanlar bunu ürək xəstəliyi kimi qəbul etsələr də, əslində səbəb uzunmüddətli psixoloji gərginlik ola bilir. Xüsusilə emosiyalarını içində saxlayan, çox düşünən, yüksək məsuliyyət hissi daşıyan şəxslərdə bu hallar daha çox müşahidə olunur".
Psixoloq panik- atak barədə də danışıb. O bildirib ki, panik atak zamanı ürəkdöyüntüsünün sürətlənməsi insanın təhlükədə olduğu hissi ilə bağlıdır: "Bu vəziyyətdə beyin real təhlükə olmasa belə, vəziyyəti həyati risk kimi qiymətləndirə bilir. Bu zaman nəfəs darlığı, tərləmə, başgicəllənmə, sinədə sıxılma hissi və sürətli ürək döyüntüsü yaranır. İnsan sanki idarəni itirəcəyini və ya infarkt keçirəcəyini düşünür. Halbuki bir çox hallarda bu, psixoloji mexanizmlərin həddindən artıq aktivləşməsi nəticəsində baş verir. Burada vacib məqamlardan biri odur ki, insan öz bədən siqnallarını düzgün oxumağı öyrənməlidir. Daimi stress, yuxusuzluq, emosional yorğunluq və narahatlıq hissi vaxtında idarə olunmadıqda həm psixoloji, həm də fiziki sağlamlığa təsir göstərə bilir. Ona görə də müntəzəm istirahət, yuxu rejimi, fiziki aktivlik, emosional dəstək və lazım gəldikdə psixoloji yardım almaq vacibdir. Eyni zamanda vurğulamaq lazımdır ki, ürəkdöyüntüsünün tez-tez təkrarlanması hallarında tibbi müayinə də vacibdir. Çünki bəzi hallarda psixoloji faktorlarla yanaşı, fizioloji səbəblər də mövcud ola bilər. Ən doğru yanaşma həm tibbi, həm də psixoloji qiymətləndirmənin paralel aparılmasıdır".
Fatimə Məmmədova
20:55 22.05.2026
Oxunuş sayı: 55