CHP-də böhran: Kılıçdaroğlu yenidən sədr olub
Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) 2023-cü ilin noyabrında keçirilən qurultay ətrafında yaranan qalmaqal məhkəmə qərarı ilə yeni mərhələyə qədəm qoyub. Ankara Məhkəməsi partiyanın 38-ci qurultayının nəticələrini ləğv edərək sədrlikdə dəyişiklik edib. Özgür Özel vəzifəsindən uzaqlaşdırılıb, Kamal Kılıçdaroğlu müvəqqəti olaraq sədrliyə qaytarılıb. Partiya rəhbərliyi fövqəladə iclas çağırıb. Qərar CHP-nin daxili idarəetməsi ilə yanaşı, Türkiyə müxalifətinin gələcəyi ilə bağlı sualları da gündəmə gətir.

Bu barədə Crossmedia.az-a danışan politoloq Rufiz Hafizoğlu bildirib ki, CHP-nin zəifləməsi və tənəzzülə uğraması bu siyasi partiyanın rəhbərliyindən Dəniz Baykalın getməsi ilə başlayan prosesin davamıdır. "Bu addımın səhv və ya düzgün olması ayrı məsələdir. Amma Baykalın getməsindən sonra partiyanın sürətlə tənəzzülə uğramasının təməlini məhz həmin qərar qoydu. Bir çoxları Dəniz Baykalın getməsini siyasi sifariş hesab etsə də, başqaları bunu CHP daxilindəki parçalanmanın acı nəticəsi kimi qiymətləndir. Yəni müxtəlif fikirlər var. Onlardan biri də budur ki, bu gün CHP quruluş prinsiplərindən çox kənara çıxıb".
Politoloqun sözlərinə görə, həm Türkiyədə, həm də Azərbaycanda zaman-zaman CHP-nin anti-Azərbaycan ritorikasının şahidi oluruq. Lakin o, bunun tam ayrı mövzu olduğunu vurğulayıb.
R.Hafizoğlu Ankara məhkəməsinin qurultayın nəticələrini ləğv etməsinin yaratdığı siyasi risklərə də toxunub: "Bir çoxları bunu demokratik dəyərlərə və demokratik proseslərə müdaxilə kimi dəyərləndirir. Təbii ki, burada da müxtəlif yanaşmalar var. Amma prosesin bu cür olması və məhkəmənin qurultay qərarını ləğv etməsi bənzər analoji halların digər partiyalara da yansımasına səbəb ola bilər. Yanlış anlaşılmasın: bu, gələcəkdə hakim Ədalət və İnkişaf Partiyasında (AK Parti), MHP və ya hər hansı digər siyasi partiya üçün də keçərli ola bilər. Yəni əgər belə bir ənənə başlayacaqsa, sabah Türkiyədə siyasi partiyaların qərarlarının öz əlində olmaması kimi dəyərləndirilə bilər. Bizim məqsədimiz bunu dəyərləndirmək deyil. Sadəcə fikrimi bildirirəm ki, ən başlıca nəticə kimi bu hal digər siyasi partiyaların gələcək həyatına təsir edə bilər. Bunun doğru olub-olmaması bizim qərarımız deyil. Türkiyədə siyasi iqtidar var, müstəqil hesab olunan məhkəmə var. Bu baxımdan, nəticə olaraq belə halların təkrarlanma ehtimalı da var".
Nigar Xəlilli
20:33 22.05.2026
Oxunuş sayı: 67