Daha bir virus kabusu: Bu halda Azərbaycanda da yayıla bilər
Artıq dünyanın müəyyən bölgələrində daha bir təhlükəli virusun yayılması beynəlxalq səhiyyə qurumlarını ciddi narahat etməyə başlayıb. Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan Ebola epidemiyası sürətlə genişlənir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək 139 nəfərin öldüyü ehtimal edilir, 600-ə yaxın yoluxma halı isə araşdırılır. Xüsusilə səhiyyə imkanlarının zəif olduğu ərazilərdə virusun nəzarətdən çıxma riski artır. Qeyd edək ki, hazırda yayılan Ebola ştammına qarşı təsdiqlənmiş peyvəndin olmaması vəziyyəti daha da təhlükəli edir.

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlamasında son zamanlar həm bütün dünyada, həm də ölkəmizdə yeni virusların sürətlə yayılmasından danışıb: "Ebola çox təhlükəli xəstəlikdir. O, adətən hava-damcı infeksiyası ilə keçmir. Digər virus infeksiyaları hava -damcı yolu ilə keçsə də Ebola tam fərqlidir. Belə ki, bu virus yarasalar vasitəsilə heyvanlardan insanlara keçir. Bundan əlavə, yoluxmuş insandan insana, ölmüş heyvanlarla qidalardan keçə bilər".
Həkim qeyd edib ki, virusun tam müalicə yolu hələ bilinmir: "Virus əleyhinə dərmanlardan istfadə etmək lazımdır. İnsanlar gigiyenik qaydalara əməl etməli, xəstə insanla təmasda olan əşyaya əli dəydikdə ehtiyyatlı olmalıdır. Lakin virusun Azərbaycana keçmə ehtimalı azdır. Əgər Afrika bölgələrində yolaxan şəxs Azərbaycana gələrsə, bu zaman Azərbaycana yayılması mümkün görüləcək".
Fatimə
21:34 22.05.2026
Oxunuş sayı: 48