Azərbaycanda əmlak sığortasına maraq niyə zəifdir?
Azərbaycanda daşınmaz əmlakın sığortalanması uzun illərdir müzakirə olunan məsələlərdən biri olsa da, bu sahədə göstəricilər hələ də arzuolunan səviyyəyə çatmayıb.
Rəsmi statistikalar ölkədə mövcud daşınmaz əmlakların yalnız kiçik bir hissəsinin sığortalandığını göstərir. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət həm vətəndaşların sığorta vərdişlərinin tam formalaşmaması, həm də risklərin aşağı qiymətləndirilməsi ilə bağlıdır.
Azərbaycan Mərkəzi Bankı isə bildirir ki, həyata keçirilən tədbirlərə baxmayaraq, daşınmaz əmlakın sığortalanma səviyyəsində ciddi artım əldə etmək hələ ki mümkün olmayıb.
Qurumun mövqeyinə görə, təbii fəlakətlərin və digər böyük sığorta hadisələrinin daha çox yaşandığı ölkələrdə əmlak sığortasına maraq yüksək olur. Azərbaycanda isə risklərin nisbətən aşağı qiymətləndirilməsi vətəndaşların bu sahəyə marağının zəif qalmasına səbəb olan əsas amillərdən biri hesab edilir.
Maraqlıdır bəs daşınmaz əmlakın sığortalanmasının hüquqi aspektdən üstünlükləri nələrdi?
Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd etmək lazımdır ki, sığorta istər daşınan, istərsə də daşınmaz əmlakın zədələnməsi, məhv olması, yanması və digər risklər nəticəsində dəymiş ziyanın qarşılanmasına, həmin əmlakın yenidən bərpasına və təmirinə yönəlmiş mühüm təminat mexanizmidir.
Bu baxımdan, hər bir əmlak müxtəlif risklərdən sığortalanmalıdır. Çünki yaşadığımız cəmiyyətdə əmlakla bağlı risklər qaçılmazdır və hər an baş verə bilər.
Xüsusilə, daşınmaz əmlakın yanğın, partlayış, sel və daşqın, su basması, qonşudan dəyə biləcək zərər və digər fövqəladə hallardan sığortalanması olduqca vacibdir. Əmlakın sığortalanması vətəndaş üçün həm maddi, həm də hüquqi baxımdan mühüm üstünlük yaradır. Bunun üçün isə ilk növbədə ölkədə sığorta mədəniyyətinin formalaşması vacib şərtlərdən biridir.
Eyni zamanda, sığorta şirkətləri ilə vətəndaşlar arasında münasibətlərin düzgün qurulması, sığorta müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması mühüm əhəmiyyət daşıyır.
Təəssüf ki, bu gün Azərbaycanda fəaliyyət göstərən çoxsaylı sığorta təşkilatlarına baxmayaraq, vətəndaşların müəyyən narazılıqları qalmaqdadır. Bəzən sığorta müqavilələri vətəndaşların maraqlarına uyğun tərtib olunmur, onların hüquq və tələbləri müqavilələrdə tam şəkildə öz əksini tapmır.
Nəticədə tərəflər arasında məhkəmə mübahisələri yaranır və bəzi hallarda müqavilə şərtləri əsas götürülərək qərarlar sığorta şirkətlərinin xeyrinə çıxarılır.
Məhz buna görə də hər bir vətəndaş daşınan və daşınmaz əmlakını vaxtında sığortalatmalıdır. Çünki əmlak istənilən qəza, yanğın, partlayış, su basması, sel və daşqın, eləcə də qonşudan dəyə biləcək zərərlərdən qorunmalıdır. Üstəlik, sığorta haqları o qədər də yüksək deyil və əksər vətəndaşlar tərəfindən qarşılana biləcək məbləğlərdir.
Vətəndaş öz əmlakını sığortalatdığı halda, gələcəkdə baş verə biləcək risklər zamanı ciddi maddi problemlərlə üzləşmir və əmlak hüquqlarının bərpası daha asan təmin olunur.
Bu baxımdan, əmlakın sığortalanması həm vacib hüquqi mexanizm, həm də vətəndaşın mülkiyyət hüquqlarının qorunması üçün mühüm vasitə hesab edilir".
Elmir Heydərli
15:52 22.05.2026
Oxunuş sayı: 52