Azərbaycanda dəmir yolunda “Face ID” dövrü başlayır
Azərbaycanda ictimai nəqliyyatın rəqəmsallaşdırılması istiqamətində daha bir mühüm addım atılıb.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tətbiq edilən “SİMA Pay” üztanıma ödəniş sistemi artıq Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında sərnişinlərin istifadəsinə verilib.
Yeni texnologiyanın mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkənin ümumi dəmir yolu şəbəkəsində tətbiqi nəzərdə tutulur. ADY bildirir ki, bu yenilik sərnişinlərin daha sürətli, rahat və müasir səyahət təcrübəsi əldə etməsinə imkan yaradacaq.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Daşımalar sahəsində “Face ID”, yəni üz tanıma sisteminin tətbiqi qonşu ölkələrdə artıq müxtəlif illərdə həyata keçirilib. Müqayisə üçün qeyd etmək olar ki, İstanbul və Ankara şəhərlərində istifadə olunan “İstanbulkart” və “Ankarakart” sistemlərində bu texnologiyalar müəyyən formada tətbiq edilir. Eyni zamanda, Moskva şəhərində də analoji sistemlərdən istifadə olunur.
Bu sistemlərin ölkəyə gətirilməsi dəmir yolu və ümumilikdə sərnişin daşımalarının səmərəliliyini artırmağa imkan yarada bilər. Layihənin ilkin mərhələdə Bakı və Bakıətrafı qəsəbələri əhatə etməsi nəzərdə tutulsa da, sonrakı mərhələlərdə daha geniş nəqliyyat infrastrukturuna inteqrasiya edilə bilər. Burada söhbət yalnız stansiyalardan deyil, ümumi nəqliyyat infrastrukturundan gedir.
İstər dəmir yolu, istər metro, istərsə də avtobus sərnişin daşımalarının vahid baza və inteqrasiya olunmuş sistem üzərindən idarə olunması daha rentabelli və funksional nəticələr verə bilər.
Bu yanaşma sərnişin daşımalarının koordinasiyasına müsbət təsir göstərməklə yanaşı, nəqliyyat infrastrukturunun həm subyektiv, həm də obyektiv göstəricilərinin daha aydın şəkildə ortaya çıxmasına şərait yaradır.
Nəticə etibarilə, bu, nəqliyyat sisteminin funksionallığının, rentabelliyinin və prosedur qaydalarının daha uyğun şəkildə təşkilinə imkan verir.
Müqayisəli yanaşma baxımından qeyd etmək olar ki, postsovet ölkələri arasında Azərbaycanın nəqliyyat infrastrukturu son illərdə daha səmərəli istifadə, rahatlıq və çevik inteqrasiya xüsusiyyətləri ilə diqqət çəkməyə başlayıb.
Hərçənd ki, bu proseslərə nisbətən gec - əsasən 2000-ci illərin ortaları və sonlarından etibarən başlanılıb, xüsusilə 2017-2019-cu illərdə inteqrasiya prosesləri daha sürətli şəkildə inkişaf etməyə başlayıb. Hazırda da proses mərhələli və sistemli şəkildə davam edir.
Bu baxımdan, ümumi iş prinsipi və inkişaf dinamikasını müsbət qiymətləndirmək mümkündür".
Elmir Heydərli
15:20 22.05.2026
Oxunuş sayı: 57